“Nədən həyat” təqdim olundu

“Nədən həyat” təqdim olundu
11 mart 2013
# 12:13

Sözləri millət vəkili Qənirə Paşayevaya, musiqiləri Azərbaycanın əməkdar incəsənət xadimi Aygün Səmədzadəyə məxsus "Nədən Həyat" albomunun təqdimatı keçirilib.

Qadınları 8 Mart- Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edən millət vəkili Qənirə Paşayeva bu təqdimatın "Qadınlara qarşı zorakılığa YOX deyək!" çağırışı altında keçirilməsinin və bir xeyriyyə aksiyası olmasının xüsusi önəm daşıdığını dedi: "Biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi bir cəmiyyət olaraq daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq."

Dünyanın hər yerində bu kimi halların olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanın da sivil, inkişaf edən ölkələrdən biri olaraq bu mənfi hallara qarşı mübarizə aparan ölkələrdən biri olduğunu, bu istiqamətdə qanunların qəbul olunduğunu və işlərin getdikcə daha da sürətləndiyini deyərək cəmiyyətin hər bir üzvünün, hər bir vətəndaşın da bu kimi mənfi hallara qarşı mübarizədə üzərinə böyük rol düşdüyünü deyib.
"Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Uşaqlarımız qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur deyə tərbiyə edilməlidir. Kişilər öz ailələrindən, evlərindən başlamalıdır bu nəcib işə - həyat yoldaşlarına qarşı bu cür hallara yol verməməklə... Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Ailələrdən başlamalıyıq... Bağçalardan, məktəblərdən başlamalıyıq maariflənirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Biz ətrafımızda baş verən bu cür mənfi hallara qarşı laqeyid və duyarsız olmamalıyıq və hər yerdə bu kimi hallara qarşı öz münasibətimizi bildirməliyik", - deyə millət vəkili qeyd edib.

Millət vəkili Qənirə Paşayeva "Nədən Həyat" albomundan əldə olunan gəlirin zorakılığa məruz qalmış qadınlar üçün sığınacaq mərkəzlərinə bağışlanacağını və bununla köməyə ehtiyacı olan bir sıra qadınlara yardımçı olacaqlarından məmnunluq duyduğunu dilə gətirdi.

Görkəmli bəstəkar Aygün Səmədzadə bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdi və təqdimatın qadınlara qarşı zorakılığa Yox deyək! çağırışı altında keçirilməsinin və bir xeyriyyə aksiyası olmasının təqdirəlayiq olduğunu bildirdi və bununla köməyi ehtiyacı olan qadınlara kömək etmək imkanına malik olduğundan məmnunluq duyduğunu ifadə etdi.

Tədbirdə iştirak edən millət vəkili, akademik Ziyad Səmədzadə, professor, filologiya elmləri doktoru Qəzənfər Paşayev bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ilə təbrik etdilər və bu cür tədbirlərin xeyriyyə məqsədilə keçirilməsinin vacibliyini qeyd etdilər.

Əməkdar artistlər Eyyub Yaqubov, Lalə Məmmədova, gənc sənətçilər Ayaz Qasımov, Nurlan Növrəsli, Vüsal Hacıyev bütün xanımları 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdilər və alboma daxil olan mahnıları ifa etdilər.

Təqdimatda ziyalılar, ictimai xadimlər, KİV nümayəndələri iştirak edirdi.

# 2059 dəfə oxunub

Müəllifin son yazıları

# # #