Üz tutub güvəndiyim dualar... – Oljas Süleymenovun şeirləri

Oljas Süleymanov, Qazaxıstan şairi

Oljas Süleymanov, Qazaxıstan şairi

24 avqust 2022
# 17:00

Görkəmli qazax şairi, “İqor alayı haqqında dastan”da türk elementlərinə aid linqvistik araşdırmaları və məşhur “Az i ya” kitabı ilə şöhrət qazanan, adı dünyanın 22 görkəmli mütəfəkkiri sırasına daxil edilmiş Oljas Süleymenovun əsərləri bir çox dillərə tərcümə olunub, kitabları Parisdə, Londonda, Nyu-Yorkda, Moskvada, Kiyevdə, Bakıda, Tbilisidə nəşr edilib.

Qazaxıstanın “Otan”, Rusiyanın “Dostluq”, Ukraynanın “V dərəcəli knyaz Yaroslav Mudrı”, Azərbaycanın “Şöhrət” və “Şərəf” ordenlərinə, Türkiyənin “Türk dünyasına töhfəsinə görə” beynəlxalq mükafatına layiq görülən sənətkarın poetik yaradıcılığından bir neçə nümunəni “Kulis” oxucularına təqdim edirik.

Kumanın nəğməsi
(Kuman – Bizans dövründə qıpçaqlara verilən ad – müəllif)

Əcdadlarım,
döyüş vaxtı yanımda olun,
bərk-bərk tutun qolumdan
çətin anımda.

Mən heç vədə
saymazyana ötüb-keçmərəm
çölün düzündə bitən
tək ağacın yanından.

Örkənimi asaram
əyri budaqdan,
İlk yıxılan olmaram
son döyüşdə mən.

Kim tanımır ki məni?!
Kim tanımır itiuclu qızıl nizəmi?!

Göydə bir ulduz axdı
bu gecə vaxtı
başım endi sinəmə,
qadına sədaqət andımı içib
ovcundan öpdüm yenə.

Nə bayquşu incidənəm,
nə də quzğunu,
qu quşuna toxunmaram
heç vədə.

Aruax!.. (ruh, ey ruhum – qazaxca)
Göstər mənə
Balatonun yolunu –
gözdən itib
həmişəlik çıxıb gedərəm,
kimsə bilməz
necə, nə cür, hardan ötərəm.

Dərin izlərim qalar
dalımca yalnız
yollarımdan ötüb-keçən
yolçular üçün.

Adladığım bütün yollar
yağışdan sonra
qoy görünsün düşmənlərə
dolu cam kimi.

Keşkə onlar
suya təşnə olmasınlar,
susuzluqdan yanmasınlar
mən yanan kimi!


Ural sahilində can verən yaralı Maxambetin son düşüncələri

Mat qalmayım, neyləyim:
kefimin duru vaxtı nə istəsəm – göz üstə!
nə buyursam – baş üstə!
könlüm haçan yanıqlı, qəmli nəğmələr istər –
oxuyurlar mənimçün olmazın bir həvəslə!

Kefimin saz çağında
sevincindən, az qala, hamı göylərdə gəzir.
Yayın quraqlığında
Urala baxdığımda
sanıram yoxa çıxıb –
yerli-dibli quruyub suyu bütün dənizin.

Odur ki köç-köçəbə
şirnikdirib özüylə aparanda külfəti –
bu zülmü tək çəkirəm;
söz deməyə kimsənin hünəri çatmayanda
dilimdən qıfıl asıb şeirlər yazıram mən.

Mənə desəydilər ki:
“Sən ey qibleyi-aləm!
Bağışlamaq vaxtıdır, adamlara rəhm elə,
dünya çıxar ağ günə bircə təbəssümündən!”

Onda dərd eləməzdim, bəlkə, qəmlənməzdim heç.

Ya da boynunu burub,
gəlib desəydi mənə kişilər fağır-fağır:
“Sən ey qibleyi-aləm!
Qorxumuz yoxdu bizim,
Ural qurumayınca suyu boldu dənizin –
Sən nə qədər ki sağsan, deməli, biz də sağıq...”

And olsun Allaha ki, onda mən ölməzdim heç.

Batır Maxambetin qətl qabağı duası

Bismillah!

Uzaq yürüşlərdə mən
unudaram özümü,
Qanlı döyüşlərdəyəm
aylar-illər uzunu.

Lap boğaza yığıldım
bu acıqla, dərdlə mən,
Yəhər üstdə doğuldum,
qandal altda çərlərəm –

Məni şəhər uzunu it kimi hərləyərlər...

Unudaram çər dəyən
tərli atın iyini,
Zindanların car çəkən
cır hayını, küyünü.

Şaqqalayıb atarlar səhər məni tonqala
Və unudar əmgəyim qorxunc böyüklüyünü...

Unudaram –
nə sayaq əsirdi arvadlarım
önümdə zağ-zağ mənim;
Yalın qılınc kimiyəm,
fəqət kəsir pas məni.

Ürəyim –
xirtdəyimdə qəzəblənmiş ilantək.
Yox, tükləri yonulmuş bir şunqardı ürəyim.

Unudaram hər şeyi:
döyüşü, yanğını da,
lap elə Tanrını da!

Unudular –
üz tutub güvəndiyim dualar...

Aruax!..
Ağappaq Ay
səhraları hərlənər –
və barxanlara (qum təpəcik – qazaxca) yortar maya dalınca nərlər.

Qazaxların qazanı buğlanır ağca südlə,
Gəmirir bir-birini darıxdığından itlər...

Zindanın dar küncünə
uzanmışam mənsə tək,
Dığırlanır ovcuma
Ay sonuncu qoğaltək...

Neçə qadın vardı...

Neçə qadın vardı –
başı çiynimə çatan,
neçə qadın vardı –
boyu sinəmdən.
Amma könlümə yatan,
gözümü oxşayan tək biri vardı.
Sadəcə, ürəyimdən idi,
sadəcə, qəlbimə yatırdı.

Ona hər şey yaraşır –
gözlərindəki kədər də,
saçlarındakı ətir də;
dodaqlarının kəskin pıçıltısı da,
barmaqlarının zərif xışıltısı da.
Yaraşıq verir ona
buz kimi ağ dişləri,
yaşına yaraşmayan boyu,
elə otuz dördə çatan yaşı da.

Necə yaraşır, Allah,
necə yaraşır hamısı bu qadına.

Qatarlar gecikir

Qatarlar gecikir.
Təhlükəlidir semaforun yaşıl işığı.
Sarı bir ulduz axdı
bu gecə vaxtı –
təyyarələr gecikir.
Çatır qaşlarını,
qıyır gözlərini qonur işıq –
vur-tut bir qamçılıq məsafədəcə
gecikir sənin məsləhətin.
Gələcəyin kölgəsi
portretin üstünə düşüb
bozardır bütün rəngləri –
gecikir, canım-gözüm,
gör neçə il gecikir
sənin nəvazişlərin!
Qara pianonun dilləri üstdə
köməyə tələsən
Listdən daha tez
qədim dastanların bağrından qopub
qaçır, var gücüylə qaçır çigitlər –
üç yüz il yubana-yubana...

Falçı

Buyur keç otağıma,
qonağım ol, dərdləşək.
Qapı açırmış kimi
aç qəlbini, aç görək.

Çıxart, tulla kənara
ürəyinin toz basmış
nimdaş paltarlarını,
mənə elə inan ki –
sənə inana bilim.

Bəlkə, rəqqassan?
Onda
nə durmusan, rəqs elə!
Bəs deyincə atıl-düş,
evimi alt-üst elə –
tirlər sınsın, titrəsin,
yer-göy lərzəyə gəlsin!

Şairsənsə –
bəhs elə
Sədinin dastanından,
oxu, ruhum dincəlsin.

Mənim yuxuda sönmüş
ruhuma can ver, dirilt.
nəyə gərək atəşi
bu iri pəncərəmin?
Bir otağın işığı
yetər iki adama –
buyur, gendən adlama.
Keçib-getmə heç zaman
tənha, kimsəsiz evin
qapısını açmadan.

Çevirəni: Mahir N. Qarayev

# 2839 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #