Öpürəm onları gizlicə - Günün şeiri

Nigar Rəfibəyli, şair

Nigar Rəfibəyli, şair

23 iyun 2022
# 11:00

Bu gün Nigar Rəfibəylinin doğum günüdür. Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsindən şairin “Qərənfillər” şeirini təqdim edir.

Yuxuda çiçəklər görürəm hər gecə,
Öpürəm onları gizlicə…
Hər yanım çiçək,
Yastığım, yorğanım çiçək…
Çiçəklər əlvan-əlvan,
Çəmən-çəmən,
Bu çiçəklər aləmində
Xumarlanıb yatıram mən,
Yuxuda çiçəklər görürəm.
Qərənfili seçir könlüm
Çiçəklər arasından.
Elə bil iki damla qan sızır
ürəyimin yarasından.
Bu alov rəngli qərənfilləri
Yar vermişdi ayrılıq dəmi.
Elə bil çökmüşdü
Onların üstünə dünyanın qəmi…
Yuxuda qərənfillərimi görürəm,
Yığıb solan çiçəklərimi,
Ümid çələngi hörürəm.

# 2855 dəfə oxunub

Müəllifin son yazıları

# # #