"Həyatım təhlükə altındadır..." - Bəxtiyar Vahabzadə Əkrəm Əylislini niyə müdafiə edirdi?

"Həyatım təhlükə altındadır..." - Bəxtiyar Vahabzadə Əkrəm Əylislini niyə müdafiə edirdi?
11 iyun 2024
# 12:00

Kulis.az Firuz Mustafanın "Əkrəm Əylisli nədən qorxur?" adlı yeni yazısını təqdim edir.

Əkrəm Əylislinin istedadlı yazıçı və SÖZə yaxşı bələd olan qələm sahibi olduğunu az adam dana bilər.

Yazıçının əsərləri bir çox dillərə tərcümə olunub. Xüsusən, sovetlər dönəmində kitabları müxtəlif ölkələrin nəşriyyatlarında sıx-sıx nəşr olunurdu. Öz oxucu auditoriyası vardı. Arada Əkrəm bəy, hətta, Milli Məclisin (MM) deputatı da oldu (başqaları necə, o da eləcə). Ən maraqlısı budur ki, Ə.Ə. deputat olana qədər MM üzvlərini öz yazılarında ələ salır, onlara şəbədə qoşurdu. Hətta, onun "Ətirşah Masan" adlı romanında deputatları "sancan" (bəzən haqlı olaraq) yerlər də az deyildi... Dediyim kimi, yaddaşım məni aldatmırsa, məhz həmin "roman-reportajdan" sonra Ə.Ə. deputat "oldu". Bütün bunlar öz yerində...

...Bu yaxınlarda Ə.Əylisli bir tədbirdə iştirak edirdi. Yazıçı həm öz ədəbi kredosu, həm də Ukrayna-Rusiya müharibəsi ilə bağlı suallara münasibətini bildirdi. Əkrəm bəy azad fikirli adamdır. Bu tədbirdə o, həm rusların, həm də ukraynalıların rəhbərlərini tənqid etdi. Rusları deyə bilmərəm, ukraynalıları (daha doğrusu, Zelenskini) niyə tənqid etdiyini yəqin ki, yazıçının yalnız özü bilər...

Ə.Əylislinin ən uğursuz əsəri, şübhəsiz ki, "Daş yuxular" romanıdır. Rus dilində yazılmış bu əsər, doğrudan da, zəifdir. Həm də lap zəif. Söhbət "müsbət" erməni obrazlarından getmir. Erməninin də (bəlkə, ola bilsin ki) sağlam düşüncəlisi ola bilər. Söhbət ondan gedir ki, bu əsər bədii cəhətdən çox aşağı səviyyədədir... Yeri gəlmişkən, deyim ki, bu əsəri oxumaq üçün kitabı yazıçının özü təqdim etmişdi mənə. Ki, yəni cüzi tirajla nəşr olunmuş (sonralar Rusiyadakı jurnalların birində çap olunan) əsərin ilk oxucularından biriyəm...

Əkrəm Əylisli istedadlı qələm sahibidir. Amma açıq desək, bu adam "şou"suz dura bilmir... Vaxtilə Şüvəlanda çıxartdığı "oyunu" (bu hadisəni nisbətən yaşlı olanlar daha yaxşı xatırlayır) bir yana qoyuram hələ... ,"Daş yuxuların" yandırılması da hələ qalsın bir yana, hərçənd, kitab yandırmaq yaxşı əlamət deyil...

Bax bu yerdə yazıçıya qarşı başqa bir "kitabyandırma" kampaniyası, "törəni" yadıma düşdü...
Haradasa "məlum hadisələr" başlayan vaxtlar idi və günlərin bir günü Ə.Ə. Moskvada o zaman məşhur olan jurnallardan birində (Yazıçı Sergey Baruzdinin redaktorluğu ilə nəşr olunan "Drujba narodov" dərgisində) müsahibə vermişdi. 80-lərin sonunda (və ya 90-ların əvvəllərində) dərc edilən bu müsahibədə Əkrəm müəllim, təxminən, (əslində, "təxminənsiz") belə bir fikir söyləmişdi ki, mən bir çox hallarda digər millətlərə daha böyük ehtiram göstərirəm və özümü onların arasında daha rahat hiss edirəm... Bilənlər bilir, o vaxt bu müsahibə tufan qopartdı. Adıçəkilən jurnalın nüsxələri və Əkrəm bəyin kitabları yandırılmağa başladı.
Hərçənd ki, kitab yandırmaq yaxşı əlamət deyil...

O da yadımdadır ki, həmin dövrdə mən AzTv-də (Gənclik Baş redaksiyasında) "İlğım", "İdrak", "Məzunlar" adlı verilişlər aparırdım. Qonşu otaqda yerləşən Ədəbi dram verilişləri Baş redaksiyasında Əkrəm Əylislinin xətrini istəyən həmkarları, yaradıcı adamlar az deyildi. O vaxtlar cəmi bir TV kanalı vardı. Kütləvi hücuma məruz qalan Ə.Əylisli də həmin kanalın adıçəkilən redaksiyasına zəng vurub həyatının təhlükə altında olduğunu bildirmişdi...

Hər necə olsa da, yazıçını xilas etmək lazım idi. Axı bütün "cığal" hərəkətlərinə baxmayaraq, Əkrəm Əylisli istedadlı yazıçıdır. Di gəl ki, işin tərsliyindən, bu tanınmış, amma indi oxucu qəzəbinə düçar olmuş yazıçı haqda heç kəs danışmaq istəmirdi.

Baş redaktor Nahid Hacızadə və onun müavini Həbibə Məmməxdanlı yazıçının bir neçə yaxın həmkarına zəng vurub dilə tutsalar da, efir-ekranda çıxış edib Əkrəmi müdafiə etmək istəyənlər yox idi. Hərə yaxasını bir tərəfə çəkirdi (Hə, elə buna bənzər əhvalat sonralar "Daş yuxular" nəşr olunanda da yenidən vaqe və təkrar olundu, yazıçının dostları qeyb oldular).

Axır ki, uzun çək-çevirdən sonra Əkrəm bəyin nəfinə söz demək istəyən iki nəfər tapıldi: bunlardan biri məşhur Xalq şairi Bəxtiyar Vahabzadə, digəri isə o zaman gənc alim kimi tanınan Nizami Cəfərov idi. Onlar studiyaya gəlib Əkrəm Əylislini müdafiə etdilər, onun istedadına yüksək qiymət verdilər, bir balaca xəta etdiyini vurğuladılar. Bəxtiyar müəllim öz keçmiş tələbəsini yüngülvari məzəmmət də etdi...

Əkrəm bəy də öz növbəsində (sinxron müsahibədə) jurnalın redaksiyasında onun söylədiklərinin təhrif edildiyini bildirdi və "mən elə yox, belə demək istəmişəm" - deyə, iddia etdi... Təbii, belə yox, elə də ola bilərdi.

Əkrəm Əylisli xalq düşməni deyil. Amma o, hərdən ədəbi-bədii düşərgədə özünəməxsus bir "fırtına" qoparmağı xoşlayır, lap şou əhli kimi... Görünür, yazıçı unudulmaqdan qorxur. Əslində, ta qorxudan keçib, Əkrəm Əylisli...

P.S. Təəssüf ki, bir çox elm, sənət və ya siyasət adamları haqqında yazarkən yalnız iki rəngdən istifadə etmək bizdə bir "qanun" halını alıb. Bu, AĞ və QARA rənglərdir. Bu cür daltoniklər üçün adam ya müsbət ya da mənfi, başqa sözlə ya yaxşı, ya da pis olmalıdır. Elə Ə.Əylisli haqda olan yazılarda da...

Mən çalışdım ki, bu kiçicik qeydlərdə Əkrəm Əylislini qara və ağ rənglərin arasındakı "boşluqda" verim. Zənnimcə, adını bilmədiyim o rəng daha "görümlüdür"...

# 9675 dəfə oxunub

Müəllifin son yazıları

# # #