Kulis.az “Sözün Güneyi” layihəsindən Pınar Şakir şeirlərini təqdim edir.
Getdim
Get,
gedirəm deyən gerizəkalı,
gələn gedər...
Yolçu yolunda gərək
Mən özüm də
özümdən getdim keçən sənə.
Bir özüm vardı,
cana gəlmişdim əlindən
buraxıb getdim,
bir çamadan dolu özümlə.
Bizə gəlsən
Sevgilim,
"Azadlıq" ətirləri satıram
"İsfənd" xiyabanının
ikinci yasaq plakında
bizə də gələrsən.
Dükanıma gələndə
bir yarım siqara
bir də Təbrizi gətir.
Evimiz qonaq getsə
siqar qutularında əyləşərik.
Ya da gəlmə,
ağaclar canı
vətən canı gəlmə bizə
axı…
Yuxularımda ölən adamlar
səhərçağı dirildilər,
öldülər,
dirildilər.
Dilimin qabarlarında isfənd ayı
saçlarımın dənlərində isfənd qarı
məni görmə
uzülərsən...
Bizə gəlmə
ölərsən..
Ya da bizə gəlsən
elimi də gətir
dilimi də!
Kürtaj olmuş bir toxum
Qonşumuz
pis bir günəbaxandı
Toxum fabrikası vardı.
O, mənim atamı sevməzdi.
Mənim atam;
fəhlə bir günəbaxandı
Gözlərində
azadlığı çırtlaşardım.
sözlərində dirənişi.
Qonşumuz atamı çırtladı,
atamın yarpaqları gübrəyə döndü.
Qardaşlarım fabrikaçı birisi olmaq istəyər
mən siyasətçi.
Biz gənc günəbaxanlarıq
Günəbaxan universitetində
günə baxarıq.
Mənim anam
Günəbaxar xanım,
atamı sevdi
gününə baxdı
qonşumuzla evləndi.
Mən anamın köklərində
atamın gübrəsi ilə
kürtaj olmuş bir toxumam.
***
Hər şey bitdi dediyimdə,
bitmişdir.
Hər şeyi bitirdi dediyimdə,
bitirmişdir.
Ha bizi,
ha bit kimi canımıza düşən sevgimizi.
Hər şey dediyimdə,
bir itdir.
Mən, sən, o arasında
o, bir itdir,
bizi qapan
sizi quduzlaşdıran.
Hər şey bitdi dediyimdə
dönüşsüz bir biletdir.
Dön dediyində dönülməz bir gediş.
Gedişlərini ağart
gedişlərimi sevin..
Get, iç xəyanətini, gəbər.
hər şey bitdi...
Hər şey bitdi dediyimdə,
hər şey bitdi dediyimdə,
hər şey bitdi dediyimdə.
Zəng aç
öl dediyimdə, ölünməz bir ölü kimisən,
səsin telefonumun könlünə düşür.