Xocalı haqqında yeni hekayə: Qar yananda

Xocalı haqqında yeni hekayə: Qar yananda
26 fevral 2020
# 09:00

Kulis.az Xocalı faciəsinin 28-ci ildönümündə Esmira Məhiqızının faciə haqqında yazdığı “Qar yananda” hekayəsini müəllifin yazı üslubuna toxunmadan təqdim edir.

ermənilər qəfildən çıxdı hardansa. heç bir addım atmağa da macalları olmadı. bir sürü saqqallı adamın dövrəsində çaşqınlıqla nə edəcəklərini bilmədən qorxudan bir-birlərinə qısıldılar.

ona həyəcanlanmaq olmazdı. anadangəlmə ürək xəstəsiydi. atası ildə iki dəfə Bakıya, həkimə aparardı. müalicə müalicə ardınca heç bitməzdi. lap bezmişdi müalicələrdən. bir tərəfdən də anası əsirdi üstündə. hər an gözü ondaydı,

- belə geyin

- köynəyini tez dəyiş

- tez bunu ye

- bunu iç

- vayy! dərmanının vaxtı ötər

- vayy! buna baxma, ona baxma..

nə ürəkdən sevinmək olmazdı, nə ürəkdən kədərlənmək. necə xəstəydisə sevinməklə kədərin arasındakı boşluqda yaşamalıydı. əgər yaşayırdısa.

on beş yaşındaydı, amma 8-9 yaşında uşağa bənzəyirdi. heç böyüməyi yoxuydu, ha yesə də əmələ gəlmirdi. özü də bilirdi ki, atası onun fikrini çox eləyir, dərdini çox çəkir, di gəl büruzə vermir, elə oğluyla zarafatlaşır, yalandan gülür, özünü şən göstərməyə çalışırdı.

***

indi bu qorxunc adamların əhatəsində gözləri atasının gözünə sataşdı. atasının gözləri sanki həyəcanlanma, deyirdi. amma beyni uğuldayır, uğuldayır, bu uğultular onu qaranlıq bir quyunun dibinə çəkirdi. və qəfildən o qaranlıq quyuya düşdü, uzaqdan, lap uzaqdan, göyün ənginliklərindən bircə anasının çığırtısını eşitdi

- Aaaaasifff, Asifff, Asif

sonra...

sonra heç nə eşitmədi, duymadı, görmədi.

gözünü açıb özünü belə tanımışdı, uğultularla. hər gün beynində uğultular varıydı. həkimlər baş aça bilmirdilər bu uğultulardan. bəzisi zəiflikdəndi, bəzisi qulaqlarında soyuqlama var, deyirdi, bəzi həkimlər də sadəcə çiyinlərini çəkirdilər... qəribə uğultuydu, həm onu qaranlıq quyuya çəkib salırdı, həm də quyudan çıxardırdı...

***

hannan-hana beyni yenə uğuldadı, uğultularla bərabər o qaranlıq quyunun dibindən özünə qayıtmağa başladı. sanki hardasa bir işıq varıydı, soyuq işıq. hə, qar işığıydı, deyəsən. həmin işığı tutub quyudan çıxdı.

quyudan çıxar çıxmaz özünü evlərinin qarşısında, qarın içində gördü. ilk ağlından keçən o oldu ki, anası onu belə görsə, özünü üstünə atar, qucaqlayar, bağrına basar, nəfəsiylə isidərdi.

qar çox soyuq idi, yaman soyuq idi.

o qaranlıq quyu burdan istiydi, düşündü. kaş o quyuda qalaydı, çıxmayaydı heç...

mənzərə anasının baxmağa qoymadığı, amma onun hərdən xəlvətcə baxdığı qorxulu filmlərdəki kimiydi.

atasını evlərinin qarşısındakı tut ağacına bağlamışdılar.

anası qarın içində uzanmışdı. gicgahından qan axıb qarda buğlanırdı. sinəsində üstəgəl işarəsinə bənzəyən xətlərdən qan sızırdı, sızıb qarda cığır açırdı. anasının hər tərəfindən sızqa-sızqa axan qan bir yerdə cəmləşib böyük qan arxına çevrilirdi.

***

donmuş gözləriylə anasından bir az aralıda bir yekəpər kişinin caynağında çabalayan bacısını tapdı. gözləri yenidən qaraldı.

beynindəki uğultu onu yenə o qaranlıq quyuya çəkirdi.

qaranlığın içindən bacısının ağappaq üzü qar dənəciklərinə dönüb anasının hələ də axmaqda olan qanının üstünə yağırdı, hərdən də onun üzünə-gözünə qonurdu.

var gücünü toplayıb bacısını səslədi:

- Xatışşşş! Xatış!

bacısını qamarlayıb qarın içində ora-bura çırpan kişi təəccüblə ona baxdı, baxdı və birdən hırıldadı

- ara, Asıff, sən ölmüşdün axı. nə tez dirildin?

kişinin tanış siması, quyunun dibindən gələn səsi qulaqlarında güyüldədi.

- Levon əmi, Xatış balacadı ee...

kişi yenə də hırıldadı. elə pis hırıldadı ki, sanki quduz bir it mırıldayırdı

- Xatış oldu, mənim arvadım.

***

bacısının cəmi 11 yaşı varıydı...

cəmi 11 yaşı varıydı.

və bacısı qarın içində qanına bələnmiş halda ora-bura qıvrılırdı.

Levon, həmin o Levon onlara gəlib-gedən adamıydı. uzun illəriydi, arı yeşiklərini onların həyətinə gətirib qoyur, bir müddət sonra yığıb aparırdı. deyirdi, sizin həyətdə arılar daha çox bal verir. hər dəfə də atasına təskinlik verirdi ki, çox fikir eləmə, Asif yaxşı olacaq.

indi həmin o Levon bacısını təpiyinin ucuyla başqa bir erməniyə sarı itələyib, atasına tərəf getdi. atasının qarşısında durub yenə də hırıldadı:

- ara, Savalan, gördün, dövran necə dönür, gördün erməni qüdrətini, erməni gücünü? nə xəstə oğluna, nə o qız uşağına kömək edə bildin. ara, dişim bağırsağımı kəsirdi, hər dəfə gəlib sizi maşınlı, evli-eşikli görəndə. bir təsəllim oyuydu ki, oğlun xəstədi. həm də həkimlər on beş yaşdan sonra yaşamayacağını demişdilər. sən bunu mənə o vaxt ağlayaraq danışdın, mən elə sevindim, elə sevindim...

***

atası çırpınırdı, xırıldayırdı, gözləri hədəqəsindən çıxırdı, amma ağzı bağlanmışdı deyə, səsi içində boğulurdu.

qəfildən Levon anasının saçlarından tutub sürüyə-sürüyə atasının ayaqları altına atdı. anasının çılpaq bədəni cırıq-cırıq idi. amma açıq gözləri, açıq gözləri danışırdı. bəlkə də bircə o eşidirdi anasının gözlərini. anasının gözləri həyəcanlanma, deyirdi, anasının gözləri bir də Xatış deyirdi.

Xatış orda saqqalı ermənilərin ayağı altında taqətsiz, yarıölü, yarıdiri futbol topuna dönmüşdü. o ora atırdı, bu bura atırdı.

əyriburun erməni də nəsə söyə-söyə bir gözünü ovuşdururdu. bacısı çabalayanda barmağı onun gözünə girmişdi.

birdən Levon bacısını qucağına alıb ikinci mərtəbəyə qaldırdı. evlərinin eyvanında durub var gücüylə Xatışı havaya atdı. orda olan saqqalı ermənilərin hamısı avtomatlarını bacısının bədəninə boşaltdı və bacısının deşik-deşik olmuş bədəni düz onun qarşısına düşdü.

gözünü ovuşduran erməni gülə-gülə yaxınlaşıb, silahının ucundakı süngünü var gücüylə bacısının gözünə basdı və bacısının gözü pırtlayıb harasa uçdu, uçdu...

elə bu vaxt bayquş uladı... onların bayquşuydu. hər gecə ulayardı. amma bir ziyanlığı dəyməmişdi onlara.

Levon bir anlıq səksəndi, sonra həmin erməniyə öz dillərində nəsə dedi. o da harasa qaçdı və bir neçə dəqiqədən sonra əlindəki kanistrlə geri qayıtdı.

***

benzini atasının başından tökəndə, bir anlıq ağlı üstünə gəldi. ağaca baxdı, ağac lopa-lopa qarıydı. ağlından keçdi ki, od vursalar da ağac yanmaz. ağac qardı. hər yan qardı, soyuqdu. bu qarda bu qarlı ağac da yanarmı?

***

atasının gözü ondaydı, onun gözü heç bilmirdi hardaydı...

bəlkə elə çıxıb göyə uçan göz onunkuydu...

və bütün bunlara göydən baxırdı...

budur, atası alovlandı, alovun dilləri göyə qalxdı. ağac atası qarışıq, qar qarışıq yandı, yandı...

sonra anası yandı, sonra da Xatış, Xatirə. ahhhh...

***

Levon atasının alovunda əllərini qızdırırdı.

Levon hərdən ona baxıb gülümsəyirdi.

Levon Xatışın alovunun üstündən o tərəfə-bu tərəfə atdanıb “böyük Ermənistanın ağırlığı-uğurluğu burda qalsın” - deyirdi

***

- o Xatışdı e, Levon əmi, - demək istəyirdi, dodaqları aralanmırdı. ürəyi dodaqlarında döyünürdü. sanki ürək döyüntüləri dodaqlarını döyüb əldən salmışdı.

***

bacısının Levonla atasına çay aparmağı yadına düşdü.

çox şey yadına düşürdü, amma o qaranlıq quyu onu kamına çəkməkdəydi.

o quyunun qaranlığından Levonun xırıltılı səsi gəlirdi,

- soyuqdu. Asif bala, gəl əlini atanın, bacının, ananın ocağında qızdır. üşüyərsən, soyuq olar sənə. gəl, yaxın gəl.

Levon onun ayaqlarından tutub alovlara yaxınlaşdırdı,

- di bir az qızın. onsuz da səni öldürən deyilik. atan özü mənə deyib, sən çox ağır xəstəsən. sənə həyəcanlanmaq olmaz. sənin də uzağı bir-iki saat ömrün qalar bu kinodan sonra. ürəyin də o söz, avariya eləyib, sağ çıxmaz burdan.

***

doğmalarının alovu üzünü, əllərini qarsırdı. yanmış adam qoxuları nəfəsinə tıxanırdı.

başqa vaxt olsaydı atasının, anasının, bacısının qoxularını ayırd edərdi, amma indi hamının qoxusu eyniydi, yanan adamların bir qoxusu olurmuş, heç demə.

doğmalarının yanıq qoxusunu ciyərlərinə çəkirdi, ürəyinə çəkirdi. yanıq qoxusu gözlərinə dolurdu.

və qar da yanırdı.

dünya qarın yanıq qoxusuna bürünürdü.

***

o yanıq qoxuları uğultuyla birgə yenə də quyunun dibinə çəkdi onu, yenə də qaranlığa uçdu, sanki ayağınnın altından yer qaçdı və boşluğa yıxıldı. gözləri açıq qaranlıqdan ildırım sürətiylə keçirdi. o qaranlığın içində Levonun səsi də ildırım sürətiylə qulaqlarını dəldi:

- gəbərdi bu da.

və...

quyu elə qaranlıq idi ki..

elə uğultuluydu ki...

elə isti idi ki...

hər tərəfdə qar yanırdı.

hər tərəfdə qan yanırdı...

anasının qanı yanırdı, atasının sarğının altında bir-birinə bitişmiş dodaqlarında qalan sözləri...

bilirdi ki, o dodaqlar da, həyəcanlanma, deyir.

***

ömür bəlkə bir andı.

bəlkə min ildi.

bəlkə də milyon il.

ömür bəlkə də heç bitmir.

bəlkə də ölüb-ölüb dirilir.

ömür bəlkə də bu uğultuydu elə, bəlkə də bu qaranlıq quyu, bəlkə də bircə qışıydı, bircə fevralıydı, qar yanığıydı, yanıq qoxusuydu... bəlkə də Xatışın gözləriydi...

bəlkə də...

***

beynindəki uğultu uzaqlaşırdı...

sanki kimsə onu qucağına alıb harasa aparırdı.

sanki kimsə onu atasının tüstüsündən, anasının yanıq qoxusundan, Xatışın tökülmüş gözlərindən qoparıb özünə qaytarmaq istəyirdi.

- yoxxx, getmirəmmm... - heç bilmədi dodaqları necə aralandı, səs dodaqlarının arasından necə çıxdı.

kimsə onu ehmalaca qara uzatdı.

- sizə dedim ki, oğlan sağdı, az da olsa nəfəsi var.

səs tanış gəldi, amma uğultu imkan vermirdi ki, səsi ayırd eləsin.

bir əl qarla üzünü ovuşdururdu.

- a bala, eşidirsən məni?

dodaqları yenə kilidləndi, yenə huşu getdi.

yenə həmin qaranlıq quyu və Xatışın gözləri...

Xatışın gözləri ulduz kimi göyə çəkilirdi və o da Xatışın gözlərinin işığında uçurdu.

- a bala!

-...Levon əmi, Xatış balacadı ee...

***

kimsə hönkürürdü, kimsə onu bağrına basıb üzündən-alnından öpürdü. arada da hönkürtünün içindən deyirdi.

- hə, qardaşımın oğlu Asifdi.

- ay Allah! ay Allah!

- bəs qalanlar?

- bəs, bəs...

- ayağının altında ölüm, Asif, aç gözlərini, mənəm e, Bəxtiyar əmin..

***

- qardaş, hamını qırıblar orda, bu uşaq da qarın içində huşsuz qalıb. taa qoyub gələ bilmədik. birtəhər gəlmişik, amma uşağı da gətirə bildik. sağ qalan buyuydu elə...

***

- Asif, mənəm ey, Bəxtiyar əmin, qadan alım aç gözlərini!

qəfildən gözlərini açdı, necə açdı bilmədi.

əmisinin dizlərində, başı əmisinin ürəyinin üstündəydi. əmisinin ürəyi tez-tez vururdu. bəlkə də quş olub uçub gedəcəkdi. gedəcəkdi Xatışın yanına.

Xatış göydəydi.

elə anası da, atası da göylərdəydi.

elə hamı göydəydi.

elə özü də göydəydi.

göydəki özünə baxmaq istədi.

***

- Vallah, uşaq gözlərini açdı

- hə, uşaq gözlərini açdı

yerbəyerdən səslər səslərə qarışdı, əmisinin göz yaşları üzünə damcıladı.

- Asif, qadan alım, ay Asif!

***

var gücünü topladı,

yoxx! hardansa ona güc gəlirdi.

hiss edirdi ki, bu son gücüdü.

son uçuş.

son həyəcan.

son.

ya da sonun başlanğıcı idi.

***

dodaqlarını son dəfə tərpətdi, son dəfə öz səsinə qulaq asdı:

- orda qar yanırdı.

- orda qan yanırdı.

# 5877 dəfə oxunub

Müəllifin son yazıları

# # #