Sevgilisini hamının gözü qarşısında öpdü, anası ilə 30 il sonra görüşdü, hər iki ayağını kəsdilər – Xalq şairinin məşəqqətli həyatı

Sevgilisini hamının gözü qarşısında öpdü, anası ilə 30 il sonra görüşdü, hər iki ayağını kəsdilər – Xalq şairinin məşəqqətli həyatı
27 may 2021
# 12:01

Bu gün Xalq şairi Söhrab Tahirin doğum günüdür. Kulis.az bu münasibətlə şairin həyat və yaradıcılığından maraqlı faktları təqdim edir.

Söhrab Tahir 1926-ci il mayın 27-də Güney Azərbaycanın Astara şəhərində sənətkar ailəsində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olub.

***

Sovet Ordusunun İrana daxil olmasından sonra - 1945-ci ildə Milli hökumət qurularkən o, xalq hərəkatında fəal iştirak edib. Seyid Cəfər Pişəvərinin möhürdarı olub. Milli hökumətin zamanında Təbrizdə zabitliyi oxumaq üçün həkim komissiyasından keçib və Azərbaycana hərbi piyadalar məktəbinə göndərilib. Əslində, o, təyyarəçi olmaq istəyirmiş. Ürəyi zəif olduğundan həkimlər icazə verməyiblər.

Söhrab Tahir Bakıya təhsil almağa gəldikdən sonra 1946-cı ildə Pişəvəri hökumətinin şah rejimi tərəfindən qanla boğulması onun bir daha Güney Azərbaycana qayıda bilməməsinə səbəb olub. 20 yaşından anasından, qardaşlarından, digər qohumlarından uzaq qalıb. Quzey Azərbaycanda həmişə ana həsərti ilə yaşayıb.

***

Söhrab Tahir 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə təhsil alıb. Daha sonra 1952-1957-ci illərdə Azərbaycan Dövlət Unversitetinin (İndiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində oxuyub. 1959-1961–ci illərdə Moskovada Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub.

***

Söhrab Tahirin həyat yoldaşı Südabə xanım müsahibələrindən birində deyir:
“Söhrab müəllimlə 40 il bir yerdə yaşamışıq. Ondan 15 yaş balacayam. Birlikdə 10 il Yazıçılar İttifaqında işləmişik. Söhrab müəllimlə 1975-ci ildə tanış olmuşam. O, Yazıçılar İttifaqına gələndə, məni orada bəyənmişdi. 1975-ci ilin 15 dekabrında mənə evlilik təklif etdi. Günlərin bir günü qızlarla Yazıçılar İttifaqının mətbəxində yemək qızdırırdıq. O, birdən içəri girdi. Qızlara dedi ki, sizdən çəkinmədən Südabə xanımı öpəcəyəm. Mən çox utandım, xəcalət çəkdim. Evlilik təklifi belə başladı. Mənə həmişə dağlar qızı deyərdi.

Söhrab Tahir Südabə xanımla tanış olanda onun 49, xanımın isə 31 yaşı olub.

***

Südabə xanımdan əvvəl Söhrab Tahir tələbəlik illərində iranlı bir qızı sevirmiş. Həmin qız vəfat edir. Ondan sonra rus qızla ailə qurur. Həmin qadın xəstə olduğundan uşaqları olmur. Südabə xanımla evlilikdən isə Tahir adlı övladları dünyaya gəlir.

***

Uzun həsrətdən sonra 1973-cü ildə Söhrab Tahirin anası Azərbayacana gəlir. Qarşılaşanda anası onu tanımır. Çünki Söhrabı sonuncu dəfə 20 yaşında görmüşdü, görüşəndə isə onun 50 yaşı var idi. Anası elə bilir, Söhrab onun oğlu yox, qardaşı İsrafildir. Oğlu olduğunu biləndə, anasının ürəyi gedir. Qadın Azərbaycandan qayıdandan sonra cəmi bir ay yaşayır.

Şairin qardaşları sərhədlər açılandan sonra Azərbaycana tez-tez gəlirlər. Onun bir qardaşının 88, digərinin isə 81 yaşı var.

***

İranla sərhəd qadağası götürüldükdən sonra Söhrab Tahir İrana cəmi 3 dəfə gedir. Həmişə gedib sərhəd tellərindən tutub, o taya həsrətlə baxırmış. Qapalı insan imiş. İstəyini, sevgisini övladına belə deyə bilmirmiş. Xəstə olanda oğluna deyirmiş ki, Tahir, mən sənə ürəyimin istəyini çatdıra bilmədim.

Ömrünün son günlərində anasının şəklinə baxıb ağlayırmış.

Şairin Güney Azərbaycan həsrətindən doğan olduqca təsirli şeirləri var. Bu misraları isə həmin həsrətin möhürü hesab edə bilərik:

İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha

Söhrab Tahir 1998-ci ildə Xalq şairi adına, 2006-cı ildə isə “Şöhrət” ordeninə layiq görülür.

***

O, daha çox şair kimi tanınsa da, güney mövzusunda qələmə aldığı bir sıra sentimental povest və romanları da var. 1990-cı illərin əvvəllərində xüsusi populyarlıq qazanan “Əmanət” kitabında yer alan “Dənizə nişanlı qız”, “Sevgi qurbanı”, “Yazda payız söhbəti”, “İki müttəhim”, “Zəri” və digər povestləri oxucular tərəfindən xüsusi sevgi ilə qarşılanmışdı.

***

Onun şəkər xəstəliyinə yol qəzası səbəb olub. Bir dəfə Vaqif Arzumanlı ilə Şəkiyə görüşə gedərkən maşınları yolda çaya düşür və bu zaman Söhrab Tahir qorxur. Bu hadisədən sonra şairdə şəkər xəstəliyi yaranır.

***

Ömrünün son günlərində vəziyyəti ağırlaşır. Həkimlər ayaqlarının amputasiya olunmasının vacib olduğunu deyir, özü isə buna etiraz edirdi. Ailəsinə tapşırıq verir ki, onu xəstəxanadan çıxarıb evə aparsınlar. Buna səbəb kimi yarımçıq qalmış əsərini göstərir. Beləliklə, oğlu Söhrabla 2 ay ərzində “Ata” poemasını bitirirlər. Şöhrab şeiri deyir, oğlu Tahir isə misraları qeyd edirmiş. Poema 6660 misradan ibarətdir.

Daha sonra ayaqları dizə qədər çürüyür və çürümə qoxu verməyə başlayır. Poema bitəndən sonra özü yazılı şəkildə amputasiyaya razılıq verir. Əməliyyatdan sonra isə cəmi bir ay yaşayır.

***

Onun ayağı kəsiləndə “Aprel döyüşləri” gedirdi. Çox narahat olur. Oğlunu çağırıb deyir ki, xəstəxanadan çıxan kimi cəbhə bölgəsinə getməliyik. Əsgərlərlə görüşüb, onlara şeirlərimi oxumaq istəyirəm.

***

Ayaqları kəsiləndə oğlu Tahir onu qucağına götürüb, gəzdirirmiş. Oğlu zarafata salıb deyirmiş ki, ata, sən heç məni belə qucağına almamışdın? Şair də gülüb cavab verirmiş ki, düz deyirsən, oğul, səni heç doyunca qucağıma almadım.

***

2016-cı il mayın 4-ü gecə saat 3 radələrində ailəsinə yatağını qibləyə çevirməyi tapşırır. Səhər saat 7-də isə qardaşı Pərvizlə danışmaq istədiyini deyir. Qardaşı ilə danışdıqdan sonra gözlərini əbədi yuyur.

# 15673 dəfə oxunub

Müəllifin son yazıları

# # #