Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu

Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12 iyun 2021
# 12:55

Ədəbiyyatşünas, şair Ramil Əhmədin “Orxan Pamukun Evində” kitabı Hədəf nəşriyyatında işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda Ramil Əhmədin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türk yazıçısı Orxan Pamukla tanışlığının, görüşünün detalları, eləcə də ədibin evində gerçəkləşən söhbətləri yer alıb.

Kitabın bəzi hissələri mətbuatda işıqlandırılsa da kitabda daha öncə yayımlanmayan yazılar, fotolar və Pamukun yaradıcılığına aydınlıq gətirən detallar var. Orxan Pamuk ilk dəfə bu kitabda yarımçıq gənclik romanından, gələcəkdə Məsumiyyət Muzeyinin qapalı qutularında sərgilənəcək əşyalardan, romanlarında ailəsindən gələn detallardan, evdəki “zəka terrorundan” qaçıb ədəbiyyata sığınmasından bəhs edir.

Kitabda həm fiziki mənada Orxan Pamukun İstanbulda yaşadığı evindən, həm də məcazi mənada onun sözlərlə qurduğu ədəbiyyat evindən söhbət açılır. Kitab haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edirik:

"Türk dünyasının ilk və indilik yeganə Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı Orxan Pamuk bədiiliklə publisistikanı böyük ustalıqla qovuşduran nadir yazıçılardandır. Bu kitabda isə Ramil Əhməd Orxan Pamukla zərif və zəki ədəbiyyat söhbəti edir".

Professor Əsgər Rəsulov

“Ramil Əhmədin Orxan Pamukla söhbəti, görüşləri qürur hissləri yaşatdı və məncə, ilin ən yadda qalan ədəbiyyat hadisəsi idi”.

Rəşad Məcid

“Ramil Əhməd Azərbaycan–Orxan Pamuk münasibətlərini intellektual müstəviyə keçirdi və dünyaya çıxışın Türkiyədən başlayan qaçılmaz marşrutunda ilk sanballı addımı atdı. Əlimizdə tutduğumuz kitab bu inamlı addımın canlı abidəsidir.”

Şərif Ağayar

“Ramil Əhmədin Orxan Pamukla qurduğu birbaşa ünsiyyət körpüsünün gələcəkdə ədəbi-tarixi abidəyə çevriləcəyinə, o körpünün üstündə baş tutan hər görüşün, hər təmasın təkcə bizdə yox, Türkiyədə, dünyada da maraqla izlənəcəyinə inanıram.”

Fəxri Uğurlu

# 2688 dəfə oxunub

Müəllifin son yazıları

# # #