Qədir Rüstəmov jurnalisti niyə tutdurmaq istəyirdi? - Anım

Qədir Rüstəmov jurnalisti niyə tutdurmaq istəyirdi? - Anım
14 dekabr 2019
# 13:40

Bu gün Xalq artisti Qədir Rüstəmovun anım günüdür. Kulis.az bu münasibətlə şair, publisist Qulu Ağsəsin 2000-ci ildə “Avropa” qəzetində çap olunan “Qədr gecəsi” yazısını təqdim edir.

- Ə, qaqa, maşın mənim, ev dostumun, bə bunlar nə adnan gəlib doluşublar içəri?..

Adil müəllim Qədiri bir də bağrına basdı, “şofer”ə əl uzatdı, Zöhrabla hal-əhval elədi, mənə yaxınlaşanda oğurluq üstdə tutulan uşaq kimi qızardım, başımı əvvəl aşağı, sonra tavana sarı qovzadım, Qədirin atmacası havada üzürdü...

Montajdan çıxıb redaksiyaya girəndə uşaqlar nahardaydı, stolun üstündəki “zapiska”da “Qulu, Zöhraba (“Azadlıq”) zəng vur” sözləri elə pintiliklə yazılmışdı ki, Sitarənin “poçerk”i gendən çağırırdı.

- Alo, zəhmət olmasa, Zöhrab Əmirxanlını...

- Salam.

- Salam.

- Necəsən?

- Necəsən?

- Yenə “Azadlıq”dasan?

- Yenə radioda çürüyürsən?”

Zöhrabın səsindən hiss elədim ki, diabetinin dilinin şəkəriylə tərs-mütənasib vaxtlarıdı, yəni kefi kökdü, taleyindən razıdı, burnuma kabab iyi gəldi.

- Ağdamlı Adil müəllim zəng vurmuşdu, dedi Qədir Bakıdadı, danışmışam, sənə müsahibə verəsidi, götür gəl Ələtə...

Bir şey kəsdirəmmədim, ancaq sual verməyin də mənası yoxuydu, Zöhrab ki başladı, dəndiyində söz saxlayan deyil.

- Dur gəl “Azadlıq”a, gedək “Kubinka”ya, beşin yarısı Qədir dostunun maşınında bizi gözləyəcək, istəyirəm ikimiz bir yazı hazırlayaq.

“Kubinka”ya çatanacan sözü bir yerə qoyduq ki, Qədiri maşından saldıraq, müsahibəni elə Bakıda alaq, Adil müəllimdən zəng vurub üzr istəyərik. Qədir çatan kimi üstünü aldıq, Zöhrab sağdan, mən soldan, birimiz havadan, o birimiz qurudan hücuma keçmək istədik. Sözü kimə deyirsən? Qədir daş atıb başın tutdu:

- Ə, əvvəla, mən heç sizi tanımıram, Adilə hörmətim var, ona görə bəlkə sizi də maşına götürdüm. İkincisi, mən Bakıda karıxıram, sözümü-hərəkətimi bilmirəm, heç Əliyev mənə orden verəndə ağızdolusu təşəkkür də eləyə bilmədim. Siz kimsiniz, ə?

Çar-naçar maşına oturduq.

- Mənim adım Zöhrabdı.

- Mənimki Quludu.

Sürücü geri qanrılıb güldü:

- Mən də Qədirin şoferiyəm.

Qədir tərsikdi:

- Şofer nədi, ə, sən bunların ikisindən də mərifətli oğlansan...

(Allah, sən özün Zöhraba səbr ver!) Zöhrab deyən məni eşitdi, üzündəki göyqurşağı əriyib itdi, başını irəli uzadıb Qədirdən nəsə soruşmaq istədi. Qədir dönüb gözlərini elə bərəltdi ki, ikimiz də mumladıq:

- Ə, başımı qatmayın, bu saat avariya eliyəjəm.

(Allaha and olsun, sükanda ayrısıydı, amma biz inandıq...). Ələtə xeyli var... 96-nın payız aylarıdı gərək ki. Bizdə heylə demirlər ha. Vay odu bir ağsaqqaldan nəyinsə yaşın soruşasan, o saat qayıdacaq ki, Keçicığırı altındakı dağdağanı ildırım vuran ili... Dəyirman Məhəmmədi yer çəkəndən azca irəli... Güneyin dalından beləməsinə qalxanda Salmanlar kəhrizinin baş quyusuna şappa düşəndə... Divangirin gamışı Qalaya qaçanda... Amma mən sizə dəqiq vaxt deyirəm. Qədir Rüstəmov təzəcə “Şöhrət” ordeni alıb, ev alıb, yenə nəsə bağışlayıblar, şəhərdə min cürə şayiə gəzir, indi bir-bir özündən soruşacam, bircə Ələtə çataq. Postdan keçəndə “QAİ” saxladı:

- Sənədləri!.

- Sənəd mən!

Qədir buyğur polisə çəmkirdi.

- Bay, Qədir müəllim, sizə qurban olum, nətərsiz?

Postdakılar maşını dövrəyə aldılar. İçəridən biri qaça-qaça gəldi ki, - rəis Qədiri görmək istəyir, deyir ayağını yuxarı qoysun, mənim yanıma.

Di dur Qədirin qabağında, Azərbaycan polisi, görüm necə durursan?!

- Ə, mən q...bəyəm-zadam, yanına çağıra, sən öl, kişiyə deyərəm, onun şalvarını çıxartdırar.

(Vaxtın sürətini artırıram - müəl.)

Polis üzrxahlıq eləyir:

- Ötən dəfə Rəmiş də gəlmişdi...

Rəmişin adını eşidəndə Qədir lap hövüllənir:

- Rəmiş kimdi, ə, sən məni ona tay tutursan? Sür, ə!..

Zöhrab qulağıma pıçıldayır ki, bundan müsahibə verən olmaz. Qədir Zöhrabdan iş yerini xəbər alır. Duet başladı. Zöhrab Elçibəyi, Qədir Əliyevi müdafiə eləyir. Axırı Zöhrab “pas” gedir, Qədirsə kirimək bilmir:

- Çox da mənə xalq artisti adı verib, amma ondan prezident olmaz. Elə bil Rəmişi padşah qoymusan, adamın dədəsinin goruna söyərlər, sən öl. Gördün də Elçibəyi. Bizi qoydu Leylanın düzündə.

Mən partlayıram:

- Qədir müəllim, bunu indi niyə deyirsiniz?

- Havaxt deyim, bəs? Bəri bax, ağsaqqal mənə orden verib, verib. Ev verib verib, noolsun içində yaşamayanda. Heç yaxşı kişilər şikəst balasına heylə baxmırlar...

Şoferin dünya vecinə deyil, arabir Qədirlə məzələnir:

- Leylanın düzün yaman dedin e. Haradı ora?

Qədir sözü boynundan atır:

- Mən nə bilim haradı, bu “açkili” oğlanlardan xəbər al...

Ələt xaraba nə uzaqmış? Tərslikdən Adil müəllim evdə yoxdu, harasa çıxıb, ikinci mərtəbədəki stolların üstü naz-nemətlə doludu, ev sahibi gəlsə, “bismillah” eləyərdik.

Zöhrab Adil müəllimlə məni əməlli-başlı tanış eləməyə ehtiyac duydu, Qədirin yolda çıxardığı oyunlardan danışdı, üstündən də and-aman elədi ki, bizi boş qaytarmasın. Çörəkdən sonraya razılaşdıq. (Vaxtın sürətini təzədən artırıram - müəl.). Stola araq sel kimi axır, Adil müəllim şeiri şeirin, sağlığı sağlığın dalınca qoşur.

Qədir deyilən Allah bəndəsi əlini süfrəyə uzatmır, vur-hay qəlyanı körükləyir. At minnətinə sözü ona veririk. Diktafonu yavaşca stolun üstünə qoyuram, düyməsini sıxmamış Qədirin gözü alır, çörək burnumuzdan gəlir (A bədbəxt, guya Qədir nə deyəsidi ki? Gözəl bilirsən ki, onun möcüzəsi səsindədi), biz üzr istəyirik, diktofonu qulaqlayıb o biri evə atırlar. Zöhrab Adil müəllimi öyrədir soruşsun ki, Hacıbaba nətər oxuyanıydı? Qədirin cavabı hazırıymış:

- Allah rəhmət eləsin, əziyyət çəkirdi.

Bəs Ağaxan, Arif, Süleyman?

- Sağ olsunlar, zəhmət çəkirlər.

Zöhrab girəvədən istifadə eləyir, üzünü Adilə tutub Qədirə eşitdirir:

- Şamaxıda bir qız peyda olub. Elnarə, qeyri-adi səsi var, stili də özünəməxsusdu.

Qədir tora düşür:

- Ə, mənim ağzımı açmayın, yerindən qalxan özünə bir stil qayırır. Ayrı şeyi bilmirəm, “Muğamat”ın bircə yolu var. Xan yolu. Bu, el yoludu. Mən də o yolu gedirəm - dədə-baba. Bunlar qıraqdan gedirlər, qaçaq-quldur yoluynan.

Zöhrabın tükü durulur, üzünü şəstlə Qədirə tutub: “Alim Qasımov xaricdə zənciylə oxuyandan sonra Az.TV ona hücuma keçib, Habil Əliyev o günü Alimi “vapşe” yıxıb sürüdü, deməli, siz də onunla həmrəysiz, eləmi?” - soruşur. Qədirə bu söz bəsiymiş ki, təzədən “öz ampluasına” qayıtsın:

- Habil özünə gülür, Xan əmimə ayaq verən kamançada bu durub “Cücələrim” çalır. O kimdi Alimə sataşır?

Sonra təzədən mülayimləşir:

- Allah başlarından töksün, hamısı zəhmət çəkir”.

Gecədi, saat on ikiyə işləyir, heç nə alınmadı. Zöhrab getmək üçün məclisdən izn alır. Adil müəllim bizi buraxmaq istəmir, o biri otaqda yerimiz hazırdı, Qədir “Gecdi, getsələr yaxşıdı” - deyir. Səhərdən bəri onun əlindən canı boğazına yığılan Zöhrab tələsik plaşını geyir. Mənim paltomu hirslə üstümə atır:

- Getdik! (“Qəzeti də belə-belə olsun, səni də...”)

Adil müəllim əl-ayağa düşür, Qədir özünü sındırmadan yerindən qalxır:

- Bunları özüm evlərinə qoyajam”. Bizi yola salmaq üstündə qırğın düşür, Qədir dediyindən dönmür, “şoferi” divanın üstündən paltoları yığışdırır... Birdən:

- Ə, bə mənim ordenim hanı?

Hamı Qədirin yaxasına baxır, ora Leylanın düzü kimi bomboşdu, irəlidən də gərək ki, bir şey yoxdu. Adil müəllim yazıq stolun altına baxır, mən qorxumdan ciblərimi eşirəm, Zöhrabın hirsindən üzü səyriyir, “şofer” qanımızın arasına girir:

- Qədir, bəlkə evdə qoymusan?

(Bir azdan ağlımıza gələcək ki, orden və medalların vur-tut eskizi hazırdı...) Qədir sürətlə otaqdan çıxır, səhərki qaydayla “Jiquli”də tərkləşirik. Saat bir olar. Arabir maşının qabağından qurd-quş keçir, Qədir cuşa gəlir:

- Üstünüzdə tüfəng olanınız yoxdu?...

Kamal Abdulla yazır ki, Bakıya təşrif buyuran Oljas ağanı (Süleymenov) rayona qonaq aparmışdıq, yedik-içdik, dərdləşdik, şeir dedik, Oljas ağa təkidimizə baxmayaraq, dodağın dodağından ayırmadı. Geri qayıdanda, heç kəsin unamadığı yerdə başladı, nə başladı... Əsl oxumalı gecəydi, yorğun adamlar, maşında da Qədir Rüstəmov. Qədir oxumadı, dinmədi, danışmadı. Biz də ağzımıza su alıb oturduq. Düşəndə yalandan əl tutduq.

Mən:

- Qədir müəllim, icazə verin, bu gecəni yazım? Siz oxumadız, oxumadız...

Qədir Rüstəmov:

- Səni tutduraram!

- Sonra da yazmaq olmaz?

- Sonra... nə bilim, ə, nə olar, nə olmaz? Allah-zadam?

Mən Qədir oxumayan gecəni Allahın izniylə yazdım. Üstündən üç il yarım keçəndən sonra. Qədirə gənəşmədən, Zöhrabdan xəbərsiz. Bilib nə deyəsidilər. Allah deyillər ki?..

Fevral 2000

# 4920 dəfə oxunub

Müəllifin son yazıları

# # #