Mənim Xocalım oldun - Şəhriyardan yeni şeirlər

Mənim Xocalım oldun - Şəhriyardan yeni şeirlər
28 fevral 2020
# 09:30


Kulis.az tanınmış şair Şəhriyar del Geraninin yeni yazdığı "Xocalı - kadrlara sözardı" şeirini təqdim edir.

***

Beləcə başlamış idi

ömrümün repressiyası.

Bir neçə il lap əvvəlin

"bir başqa yaz..." sessiyası;

hələ belə görməmişdim yaşılın bu rəngini,

qadının su rəngini.

Bəs, ey yeni əsrimizin ən qədimi, köhnəsi,

yağışın islanmalısı, küləyin üşüməlisi,

suların ən içməlisi kimin bəxtinə düşdü?

Sevginin ən ölməlisi belə olur adətən,

mən bilirəm, hər şey param-parça olur,

adam bir tikə sağ qalır.

Yaşa getsin sonra bu boz ömrü

nə qədər istəsən!

Üzünün salavatında əlin də torpaq dadır.

Amma təngənəfəs ömrüm sənə yaxşı ki, çatdı.

Qaranın bu rəngini heç belə gözləmirdim.

Və günlərin bir günündə mənim Xocalım oldun;

mən səndə 70 qoca,

107 qadın,

63 uşaq öldüm...

27.02.2020

***

İndi bütün şəhərlərin uzağı sənsən,
mən də bütün küçələrin uşağı indi.
Anaya bax – qollarında donub körpəsi,
hələ də var sızıldayır qucağı indi.

Uşağa bax - yerdə elə sərili qalıb,
beş-on metr aralıda bir tay çəkməsi.
Hərdən elə... hərdən elə istəyirəm ki,
gedib geyindirim onu, qoy üşüməsin...

Qocaya bax – bax, başında buxarı papaq,
elə bil ki, yatağında uzanıb ölüb.
Elə bil ki, o qocaya güllə dəyməyib,
elə bil ki, nəvəsindən utanıb ölüb.

Bizi belə öldürdülər, şəhid şəhərim,
bizi elə - əli yalın, ayağı yalın.
Ölənədək sevmək azdı səni, bilirəm,
şairə bax – sözü doğru, sevgisi yalan,
Sevgisi doğru olandır - Şəhidin olan!

25. 02. 2020, Bakı

# 3115 dəfə oxunub

Müəllifin son yazıları

# # #