Məmməd Arazın 50 il əvvəl Şuşada yazdığı şeir – Bazar oxusu

Məmməd Arazın 50 il əvvəl Şuşada yazdığı şeir – Bazar oxusu
27 dekabr 2020
# 13:33

Kulis.az “Bazar oxusu” layihəsindən Xalq şairi Məmməd Arazın 1970-ci ildə Şuşada yazdığı "Ərim gəldi" qayası” şeirini təqdim edir.

Qeyd: “Ərim gəldi” Şuşanın aşaği qənşərində bir dikdir. Rəvayətə görə, əri uzaq səfərlərə, döyüşlərə gedən qadınlar burdan tez-tez baxar, bir uzaq qaraltı görəndə "Ərim galdi, Ərim gəldi" deyib sevinərmiş.

Bu torpağı gəzməmişəm
hələ daş-daş,
Dərələri kaha-kaha,
qayaları hələ qaş-qaş.
Şair, dəcəl körpəliklə
yenə daşlaş...
Yapış onun yalıntaraq ayağından,
Dağa dırman, dağa dırman!
Bu qayanı niyə gördüm?
Gördüm, nələr yada düşdü:
Yaziq nənəm, eh, nə qədər
gözü yolda oda düşdü,
Oda düşdü gəlinlərə təsəllidən.


Ömrü-günü cəhrə nənəm,
Ömrü-günü bükük nənəm.
Kirpikləri ələk nənəm..
Barmaqları üskük nənəm.
Gəlinləri ər gözləyir - yola baxır.
Gəlin dağı! Yaddan çıxır oğul dağı!
Görən, neçə elə gəlin, elə qarı,
Burda elə daşa dönüb, elə qalır...
"Ərim gəldi" qayasının dövrəsi daş,
Daş gəlinlər bir anlığa dillənə kaş,
Bircəsinin nidasına qoşqu olam,
Ünvanına yetirməyə borclu olam.
Yağış döyən, külək yonan
daşlar çopur,
Qəzəbimdən daşlar qopur,
daşlar qopur.


Bir əlləmə tolazlamaq istəyirəm
Qədim daşlar aləminə,
Bəlkə bu daş sualımdan daşlar dinə:
- Ərin hara gedib, bacı?
Ərin niyə gedib, bacı?
Daşlar dinir; acı-acı...
Həyatımda mən ilk dəfə
daş xoruna qulaq asdım.
Daş xorunun naləsini lentə yazdırn:
- Ərin gedib: ehtiyac bir yola gələ!
Ərim gedib: qanlı köynək ola gələ!
- Ərim gedib: Xan qızına lələk üçün!
- Ərim gedib Kəbəyə bir dilək üçün!
- Ərim gedib: Qəsri-Qacar küncü qıza,
- Ərim əppək gedibdi bir küncüt qıza...
- Ərim gedib: qonşu kənddə qan batıra,
- Ərim güllə çataqladı bir qatıra, -
Həcər bacı o üzdədir,
toyuna sovqat istədi.


"Ərim gedib, ərim gedib..."
Bu xor yenə qatılaşdı,
Xəyalım çox dağdan aşdı,
Uçrumlara tökülən o
Nəm saçlara çox dolaşdı.
Daş nənələr, daş xalalar, daş bacılar
Bilmədilər: gün doğular, gün açılar,
Dərələrlə başaşağı, başyuxarı
Gələr xoş xəbərlər axarı.
Onlar Sevil harayını eşitmədi,
"Ərin gəldi, sevin, sevin!" -
harayını eşitmədi.
Yazıq,
Azərbaycan qızı!


Min illərlə yana-yana,
Tikə-tikə, xana-xana
Bu torpaqda
arzu əkib, ələm dərdi.
Gərdəyindən döyüşlərə ər göndərdi.
Ər sözünü, yar sözünü
qaçıb daşa deyə bildi.
Daşlar ona:
"Daşcanlı ol, dözüb yaşa!" -
deyə bildi.
Bayaqdandır qulaq verib daş xoruna,
daş səsinə,
Utanıram, utanıram
mən tarixin əvəzinə...

# 2435 dəfə oxunub

Müəllifin son yazıları

# # #