Kişi olun, rüşvət almayın daha – Günün şeiri

Kişi olun, rüşvət almayın daha – Günün şeiri
22 aprel 2021
# 14:54

Kulis.az “Günün şeiri” layihəsindən Qorxmaz Şıxalıoğlunun yeni qələmə aldığı “Rüşvətxor məmurlara” şeirini təqdim edir.

Vallah, siz Allahı bezdirəcəksiz,
Günəşi bizlərdən küsdürəcəksiz,
Hər yanda qara yel əsdirəcəksiz,
Kişi olun, rüşvət almayın daha.

Palıdların çatlayacaq ürəyi,
Quruyacaq dağın çayı, küləyi,
Olmayacaq dadı, tamı, çörəyin,
Kişi olun, rüşvət almayın daha.

Qurdla qiyamətə qalan deyilsiz,
Cənnətin qəbzini alan deyilsiz,
İnanın, rüşvətsiz ölən deyilsiz,
Kişi olun, rüşvət almayın daha.

O qara mərmərdən boylanan cavan,
Bizim yolumuzda gedibdi qurban.
Utanın o yatan soyuq məzardan,
Kişi olun, rüşvət almayın daha.

Nəfsiniz it kimi hürür, bilirsiz,
Hamını soyursuz bir-bir, bilirsiz,
Görür, xalq sizləri görür, bilirsiz,
Kişi olun, rüşvət almayın daha.

Pis-yaxşı çatmışıq gəlib bu günə,
Nə olar, qayıdın imana, dinə.
Bir Allah eşqinə, Şuşa eşqinə,
Kişi olun, rüşvət almayın daha!

# 2239 dəfə oxunub

Müəllifin son yazıları

# # #