Görünmür qəlbinə taxdığın üzük - Yeni sevgi şeirləri

Görünmür qəlbinə taxdığın üzük - Yeni sevgi şeirləri
2 aprel 2020
# 17:57

Kulis.az Fərid Həsənzadənin yeni şeirlərini təqdim edir.

Mən indi neyləyim, batım yasına?
Demirəm mən belə etsəm, yeri var.
Nişanlın nə bilsin nişanlısına,
Sevgi şeirləri yazan biri var.

Sən qaldın, mən getdim, nə deyim, xoşdu,
Ürəyin qalmadı, o getdi mən də.
Axı köks ötürmək, mənasız, boşdu,
24 səndədir, 17 məndə.

Sən niyə içimdə yüz cürə dona
Girmisən, sevgini durub danan qız.
Barmağı üzüklə başqa oğlana,
Ürəyi tək mənə nişanlanan qız.

Birləşə bilmərik sevgidən kənar,
Demə bu sevgidə doğruyuq, düzük.
Üzük barmağında görünür aşkar,
Görünmür qəlbinə taxdığın üzük.

Baxan barmağına bilir ki, şirin,
Sirli bir sevginin canı, qanısan.
Baxan hardan bilsin sən bir şairin,
Bir neçə şeirinin qəhrəmanısan.

Yaman pis oluram ürək dedikcə,
Səndə var bir yarım, məndə bir yarım.
Qorxma bu sevgini biləcək təkcə,
Allah, sən, mən, bir də oxucularım.


***


Baxmaq gözünün içinə,
Cəsarət filan istəmir.
Gərək deyil başqa heç nə,
Məhəbbət yalan istəmir.

Həqiqətdi, yozum deyil,
Kim itirdi, kim tələsdi.
Dəli kimi lazım deyil,
Adam kimi sevək, bəsdi.

Səadət lap yaxındadı,
Quş olub uça bilmirəm.
İki əlim yaxandadır,
Düyməni aça bilmirəm.


***

Çox baxma dərin-dərin,
Boşdu yanımda yerin.
Sənə olan hisslərim,
Elə sözüm rəngdədir.

Həsrət üzü küncədi,
Ayrılıq gülüncədi.
Qəmzələrin incədi,
Yəni həzin rəngdədir.

Uzanıb sənə əlim,
Sən çağır, mən də gəlim.
Dənizə bax, sevgilim
Dəniz gözün rəngdədir.


***

Bayaqdan gözləyirəm,
Neçə saatdır səni.
Əlli dəfə gəzmişəm,
O baş, bu baş küçəni.

Məni tanıyır artıq,
Qurdlar, quşlar, böcəklər.
Axırda bu küçəyə,
Adımı verəcəklər.

Nəhayət gəlib çıxdın,
Gəl şeirimə dol, gedək.
Yola gedə bilmirik,
Heç olmasa yol gedək.


***

Nə vaxt ayrı düşdük biz,
bu qədər uzaq olduq?
Məsafəyə, yollara
qoşulub ortaq olduq.

Ölçü kilometrlər -
ürəklərin yarası.
Nəylə ölçülür görən
bəs ürəklərarası
məsafələr və yollar?
bəlkə belə ölçü yox.

Zaman uzağı kəsmir,
zamanın ülgücü yox.

Şeirim də sənə çatmır,
fikir ver, uzaqdasan.
Ya uzaq bir dənədi
ya sən hər uzaqdasan.

Gallery

# 3970 dəfə oxunub

Müəllifin son yazıları

# # #