Ermənilər gələndə kənddən çıxmayan sinif yoldaşım – Elçin Hüseynbəyli yazır

Ermənilər gələndə kənddən çıxmayan sinif yoldaşım – Elçin Hüseynbəyli yazır
25 mart 2020
# 10:00

Kulis.az yazıçı Elçin Hüseynbəylinin yeni bitirdiyi “Vida” romanından bir parçanı təqdim edir.

…“Küdrü deyilən yerin üstünə çıxıb, uzaqlara göz gəzdirdi. Sol tərəfdə “Ada yeri” idi. Orda bitmiş ilğınlar alaqaranlıqda qara divlərə oxşayırdı.

Pambıqçı qızları xatırladı. Qoçu ilə orda güləşmişdi. Bir dəfə necə oldusa, qonşu kənddən futbol yarışına gəlmiş Qoçu adlı bir oğlanla zarafatlaşdılar, tutaşdılar və o, həmin oğlanın ortasından tutub göyə qaldırdı, həmyaşıdı olan uşaq onun qolları arasında çabaladı, sonra oğlanı yerə çırpdı. Bu zaman ətrafdakı uşaqlar heyrətlə qışqırışmağa başladılar: “Qoçunu yıxdı, Qoçunu yıxdı!” O, heç nə anlamadı. Həmin oğlan isə cırnadı ona hücum elədi. O, bu qəfil hücumdan və qəzəbdən çaşdı: “Biz zarafatlaşırdıq”- dedi. Amma bu sözlər Qoçunun vecinə də deyildi, xoruz kimi onun üstünə atıldı, o da özünü itirmədi, oğlanı yenə eyni fəndlə yerə vurdu...

Öləziyən Dan ulduzunun və ağ-mavi səmanın fonunda Qarağacı sezdi. Adamlar ilğınlığın arasında bitmiş bu ağacın kölgəsində dincələrdilər. Kölgəsi o qədər böyük idi ki, günorta vaxtı, az qala, kənd əhlinin hamısı onun altına yerləşirdi: ot biçənlər də, pambıq yığanlar da, mal otaranlar da.

Qarağac dururdusa, deməli, kəndləri də dururdu və yaşamağa dəyərdi. Qarağac onun vətəniydi. Uşaq kimi sevindi. Sağ dizinin ağrılarının şiddətlənməsinə baxmayaraq, Küdrüdən düşüb, ona tərəf qaçdı, amma kol-kosa ilişib yıxıldı. Əvvəllər burda torpaq yol vardı, indi yoxuydu. Bir kimsənin getmədiyi yol necə dura bilərdi? Cığır tapdananda yol olur. Deməli, o, cığır salmalıydı, cığır salmalıydı ki, davamı gəlsin...

Birtəhər özünə yol aça-aça qarağacın yanına çatdı və diz üstə çökdü. “Bizi bağışla Qarağac!” ürəyində dedi, onu tənha qoyub getdiklərinə görə üzrxahlıq elədi, ürəyindən qara qanlar axdı, ağacın gövdəsini qucaqladı. Əvvəlcə kövrəldi, özünü sındırmamaq üçün ağlamadı, için-için göynədi. Sanki axşamın onu eşidəcəyindən, ağlamağına şahid duracağından qorxdu, axırda içindəki hisslər bu qorxuya üstün gəldi və hönkürdü. Yəqin, gecə də bu qəfil hönkürtüyə diksindi...

Doyunca ağladı. Canında bu qədər su olduğunu bilmirdi. Toxtamaq istəyirdi, amma bacarmırdı. Göz yaşı və burnunun seliyi bir-birinə qarışmışdı. Zamanı və məkanı unutmuşdu. Əgər bir kimsə böyürdən çıxıb ağlamağının səbəbini soruşsaydı, anlada bilməzdi...

Onu izləyən canavar bir az aralıda çömbəlmişdi. Qaranlıq itdikcə qurdun da gözləri sönür və əvvəlki zəhmini itirirdi. Deyəsən, dostlaşmışdılar. Canavar onun ağladığını görüb dikəldi və ilğınlığın arasında yox oldu. Sanki insan övladının göz yaşlarına şahidlik eləmək istəmədi.

Qarağac göyərmişdi, pöhrə vermiş, yarpaqlamışdı. Təzə çıxan yarpağının tumturş və nəm qoxusu ona ağrılarını unutdurmuşdu. O, indi heç kimdən və heç nədən qorxmurdu. Eləcə Qarağacın dibinə söykənib, hönkür-hönkür ağlayırdı. Kimsə qarağacın dibində ocaq qalamışdı. Yəqin erməni əsgərləriydi. Birdən ağlına qəribə bir fikir gəldi. Bəlkə, kəndçilərindən kimsə buralarda yaşayır və indi onu görür. Ocaq yeri təzəydi. Bir-iki gün öncə qalamışdılar. Səfərə çıxmazdan öncə qəribə yuxu görmüşdü. Görmüşdü ki, kəndlərinin üstündəki kələsərlikdədir. Və kələsərliyin arası ilə qorillaya oxşayan bir adam o tərəf-bu tərəfə gedib-gəlir, fikirli-fikirli nəsə düşünür. O, aşağı əyilib iri bir daş parçası götürdü və qorilla-adama tərəf atmaq istədi. Birdən həmin adam geri qanrıldı, sopsoyuq gözlərini ona zillədi və heyrətlə soruşdu: “Bıyyy, məni tanımadın!?” O, həmin adamı tanıdı, amma kim olduğunu heç cür yadına sala bilmədi və qorxusundan ayıldı. Bəlkə odur?! Ermənilər gələndə kəndlərindən çıxmayan sinif yoldaşı. Hamı kənddən gedəndə anasının göz yaşlarına məhəl qoymayan oğul. “Mən burdan getməyəcəm! Elə burdaca öləcəm!” Uşaqlıq dostunun son sözləri belə olmuşdu…

Ürəyində sevindi. Deməli, onu görəcək, heyf ki, onun sağ olduğunu əzizlərinə deyə bilməyəcək. Amma qulaq yoldaşı var. Dar günündə ona kömək edə bilər. Yaxınlarının əhatəsində adam rahat ölür…

Ürəkləndi. Ayağa durub, ətrafa boylandı və: “Ey, burda kimsə var?!” - deyə çağırdı, sonra qışqırdı. - “Mən gəlmişəm! Eşidirsiniz!?”

Hay verən olmadı. Səssizlik qulaq batırırdı. İlbizlərin və işıldaquşların səsi, cığıltısı gəlirdi… Eynən keçmiş zamanlardakı kimi. Yaxşı ki, onlar var və insanlar kimi yer davası aparmırlar. Deməli, onlar Tanrıya daha yaxındırlar…

Və birdən it hürdü. Canavar uladı. Axırda bu səslər yox oldu və bir daha eşidilmədi. Bəlkə onu qara basır. İt hürməyib, ona elə gəlib. İt hürürsə, yaşayış da var. Burası dəqiqdir…

Qarağacı kimin əkdiyini bilən yox idi. Yəqin öz-özünə bitmişdi. Babası deyirdi ki, gözünü açandan o ağac yerindədi. “Nə qədər ki, qarağac var, deməli, biz də varıq!” Babasının həyat fəlsəfəsi beləydi. “Dünyanın mərkəzi Qarağac duran yerdir!”

Qocalar danışırdılar ki, bir zamanlar bu yerlər suyun içindəymiş, Araz buralara qədər gəlib çıxırmış. Yarğan da ona görə yaranıb. “Küdrü” də eləcə. “Ada” deyilən yerin də adı təsadüfi deyil. Bəlkə Nuh peyğəmbər özü də burda lövbər salıb!?

Heç kim o boyda ağac görməmişdi. Belə ağaclara yalnız kitablarda və kinolarda rast gəlmək olardı. Yarpaqlarının qəribə rəngi vardı. Vəhşi qovağın yarpaqları kimi maviyə çalırdı. Gövdəsi cadar-cadar idi, dünyayla yaşıd qarıların qırışmış sifətinə oxşayırdı, amma qürurunu itirməmişdi, şux dayanmışdı.

O, Qarağacın gövdəsini sığalladı, sanki ondan enerji alırdı, bir zamanlar ona sığınmış adamların ruhunu oxşayırdı. Ağrı-zad hiss eləmirdi. Ona elə gəldirdi ki, sapsağlamdır, bu saat ağacın başına dırmaşıb uşaqlıqda onun budağına yazdığı adını tapacaq. Böyüklər Qarağaca ad yazılmasını qadağan eləsələr də, uşaqlar gözdən oğurlanıb istədiklərini edirdilər və adlarının əbədi yaşayacağını düşünürdülər. Əslində elə beləymiş. Qarağac sapsağlam idi və dünyadan köçmüş uşaqların adını özündə yaşadırdı. Onun uşaqlıq dostlarının bəziləri dünyadan erkən köçmüşdülər. Deməli, Qarağac bütün kəndin baş daşıydı. Qarağacın cadar-cadar olmuş gövdəsini tumarladı, üzünü ona sürtdü. Göz yaşları ağacın gövdəsiylə üzü aşağı sürüşdü. Birdən ona elə gəldi ki, Qarağac onun göz yaşlarını yalayır. Uşaqlıqda buzovu ölmüş düyənin balasının dərisinə saman doldurur, üstünə duz sürtüb qabağına qoyurdular ki, balasını yalasın, südü eydirməsin. Çünki təzə doğulan buzov da duz dadır…

O, Qarağacın övladıydı…

Səhər açılırdı. Göydəki Dan ulduzu hələ də görünürdü. Hərdən titrəyir, yoxa çıxır, yenidən üzə çıxırdı.

O, canavarı görməsə də, hiss edirdi ki, buralardadır. Yəqin ki, kolların dibini isladır və buranın ona məxsus olduğunu başqa vəhşilərə bildirmək istəyir.

O da canavar kimi elədi, Qarağacdan utandığına görə ondan aralandı, ilğınlığa girdi və kolun dibinə cıjıldatdı. Həm də canavara göstərmək istədi ki, bu ərazi ona məxsusdur. Sonra geri qayıtdı və çantasından su çıxarıb içdi, bir az da ağacın dibinə tökdü. Ona elə gəldi ki, bu canıyananlığından Qarağac sevindi, qırışığı açıldı. İndi onun dibində rahat otura bilərdi, özü də yuxarı başda. Ağsaqqallar kimi. Babası demişdi ki, böyüyəndə o ağsaqqal kişi olacaq və hamıdan başda oturacaq. Amma o böyümədi, qocaldı. Doğma yerlərdən uzaqlarda, vətən dərdi çəkə-çəkə çürüdü.

Bir az o tərəfdə - sərhədə yaxın Sellik uzanırdı. Yay vaxtı ilğınların bürüdüyü Sellikdən minlərlə ilan çıxır, cilin, çimin üzərində yayxanıb özlərini günə verirdilər. İlahi, nə qədər idilər!? Sayı-hesabları yoxdu. Sellik də onların vətəniydi, toxunulmaz bir məkan idi… Böyüyəndən sonra heyfslənmişdi ki, heç kim o ilanları kameraya çəkib dünyaya nümayiş etdirmədi. İnanırdı ki, həmin kadrlar dünyada çox məşhur olardı, kəndlərinin də adı əbədiyyətə qovuşardı. Amma indi kənd yox idi, kənd ölmüşdü. Onun xatirələri diri olsa da, gerçəklik ölüydü və yavaş-yavaş dirilirdi…

Başını hərləyib boz təpələrə baxdı. Havadakı ayaz getdikcə güclənirdi. Bu, səhərin tezliklə açılacağına işarəydi. Hava tam işıqlandığından burda qala bilməzdi, ağacların arxasına keçmək lazım idi. O, ilğınlığa girdi və yaxınlıqdakı bağa tərəf getdi. Mahmudlu bağının yanındakı enişdən «Yaloba»ya çıxdı. Yol-iz itmişdi. Bağ keçilməz meşəyə çevrilmişdi. Kələsərlik yox olmuş, ilğın və qarağan kollarının arasında itmişdi…

Bu da öz bağları. Ürəyindən gizilti keçdi, kövrəldi. Açıqlığın ortasındakı qonur tut ağacı yerində yox idi. Yəqin quruyub, sonra da çürüyüb. Bəlkə də kəsib aparıblar. Elə olurdu ki, bir günə bir hektara yaxın ərazini dəryazla biçirdi. Ot quruyandan sonra layları cəməliyir, qotmanlayır və lafetlərə doldurub aparırdı. Allah rəhmət eləsin Əmirə. Kirvəyə. Onsuz ötüşməzdi ki: həm otu lafetə yığmağa kömək edər, həm də talvara basmağa…

Bu bağın dəmirtikandan olan hasarını da özü çəkmişdi. Pasnalar çürüyüb yox olsalar da, dəmirtikanları öz yerindəydi.

Onun göz yaşları yanağından aşağı süzülürdü, bütün bunlara baxa-baxa ağlayırdı: səssizcə, için-için, sanki göz yaşları qurumayacaqdı. İlahi, insanın bədənində nə qədər su ola bilər, axı. Bir həkim kimi bilirdi ki, insan çox ağlayarsa, göz yaşları quruyar, amma onunku qurtarmaq bilmirdi. İyirmi altı il az zaman deyildi. Xəlvətə düşəndə ağlayırdı. Gözünün yaşı öz-özünə axırdı. Arvad kimi…

Düz iyirmi altı il öncə buraları görmüşdü. Kənddən gedəndə heç arxaya da baxmamışdı, elə bilmişdi ki, müvəqqətidi, amma sonra anladı ki, bu, əbədi ayrılıqmış. Birdən ona elə gəldi ki, bağların arxasından, boz təpələrin üstündən kimsə ona baxır. Başını qaldırıb o səmtə boylandı, amma qarşıda çinar ağacları sırlanmışdı. Onu görə bilməzdilər…

Sərhəd tərəfdən turac səsi gəldi. Quşlar yavaş-yavaş oyanırdılar. Nə yaxşı ki, onlar var. Qarğılıqda nəsə xışıldadı. Nə qədər diqqətlə baxsa da, heç nə görə bilmədi. “Porsuq-zaddı, yəqin!” –deyə düşündü.

Bağı dövrələyən qarağan kolları göyərmişdilər. Qanqallar boy vermişdi. Bir-iki qanqal qırıb, soydu, qanqal susuzluğunu yatırdı. Bir azdan yemlik, təkəssaqqalı çıxacaq. Quzuqulağı təzə-təzə çıxırdı, yəqin ki, özünü tutmamışdı, hələ turş deyildi. Bir-iki yarpaq qırıb ağzına qoydu. O deyən idi. Həmişə əvəliklə onu səhv salırdı. Sonra anası dedi ki, əvəliyin yarpaqlarındı çəhrayı zoğlar olur…

Xırda, bənövşəyi çiçəklər göyərirdi. Onların adını heç kim bilmirdi. Bəlkə ona görə ki, nə dadı vardı, nəqoxusu.

Qonşu bağdakı şəllər eləcə yerində dururdu. Kapyuşonlu (papaqlı) katolik keşişləri kimi başlarını aşağı əymişdilər. Ölümə məhkum olunmuş cəngavərin o biri dünyada həyatının günahsız keçməsi üçün, sanki, Tanrıya dua edirdilər.

Bu şəllər onun qarovul qərargahıydı. Biçin vaxtı, uşaq olanda onların başına çıxar, gecə düşənə kimi orda oturardı ki, kimsə bağlarındakı otu biçib aparmasın. Yayda otu nə qədər çox yığsaydın, yayda da bir o qədər rahat olardın. Ot az olsaydı, heyvanlar qışdan yaza çıxa bilməzdi. Onda məcbur olub onları dəyər-dəyməzinə satardılar, bir çətən külfət də ac qalardı. İndiyə nə var: hər ailədə uzaqbaşı iki uşaq, hər tərəf də maqazin-dükanla dolu…

Yadındadır ki, bir zamanlar sovet hökuməti eşşəklərə də vergi qoyardı. Ona görə də çoxları eşşəklərini hörükləməzdi də. Eləcə başlarını açıb buraxardılar. Onsuz da, hər kəs özününkünü tanıyırdı…

Ulduzlar yerbəyer olana, Ay səmada mövqeyini tam tutana kimi gözləyərdi. Gecə düşən kimi tozlu-torpaqlı yola çıxar və kəndə tərəf götürülərdi. O, qaranlığın vahiməsindən qorxurdu. Gündüzlər gözlərini oxşayan bağ-bağat indi qorxulu yuxulara bənzəyirdi. Böyüklər onları cinlə, halla qorxudurdular. Hamı ağ paltarlı kabuslardan danışsa da, bir dəfə də olsun onun gözünə görükməmişdi. Hal-cin məsələsi də elə belə ortaya çıxmamışdı. Böyüklər gecələr törətdikləri əməllərin şahidlərini - uşaqları bu yolla neytrallaşdırırdılar. Ay sizi!

Bu ağrıların içində yumor hissini itirməmişdi, deyəsən. Gülümsündü: həm böyüklərin hərəkətlərinə, həm də öz kəşfinə. Deməli, böyüklər hökumətin qorxusundan gecələr kövşənə çıxar və ov edərdilər, özü də səssizcə, güllə atmadan. Sərhəd zonasında güllə atmaq qadağan idi. Bəs bunu necə edirdilər? Bəs, qaban, dovşan kababı hardan idi? Burası indi də ona məlum deyil…

Eh, gidi dünya! O baməzə, zarafatcıl adamlar indi yox idilər. Hər addım həyatın faniliyindən xəbər verir. Yəqin elə ona görə də insanlar yaddaşlarını itirməkdən qorxurlar. Xatirələrsiz insan nədir axı? Keçmiş humanistdirsə, bu gün də qəddardır. Çünki keçmişi qaytarmaq olmaz, amma yaşamaq olar. Gerçəkliklə ayaqlaşmaq isə çətindir…

Bu düşüncələr içində bir xeyli qaldı, aradabir huşa getdi. Arada yuxu da gördü. Gördü ki, taxta, cırıldayan pillələrlə evə qalxır, amma ev yoxdur. Nə qədər əlləşirsə, evi tapa bilmir. Ev həm var, həm də yoxdur…

Onu bu mürgüdən qəfil şaqqıltı ayıltdı. Sanki qulağının dibində ağac sındırdılar: şaaaqqq…

Gözünü hərləyib ətrafa baxdı. Günəş göydən sallanmışdı və gülümsünürdü. Həkimə elə gəldi ki, onu izləyən başqa bir məxluq yox, Günəş imiş, daim buludların arxasında gizlənir və ona göz qoyur. Gecə olsun, gündüz olsun fərqi yoxdur. Materikin hansı hissəsinin olmağı da əhəmiyyətli deyil…

Qarğılıqdan yenə də səs gəldi. Dinşədi, amma heç nə ayırd edə bilmədi…

Yenə də ona elə gəldi ki, kimsə onu güdür. Bəlkə bayaqkı canavardı? Amma ondan əsər-əlamət yox idi, yəqin ki, Arazla onların kəndlərini ayıran meşəliyə getmişdi və indi orda ovunu güdürdü. Gündüz vaxtı canavar adama yaxınlaşmazdı. Qış olsaydı, başqa məsələ. Ona görə də ləngimədi və kəndin arxası ilə dayısıgilin bağlarına tərəf getdi. Sağa getsəydi, yenidən çayın qırağına çıxacaqdı, düz boz təpəliklərin yanına, ordan isə hər tərəf açıq-aydın görünürdü, həyətləri də eləcə. Özünü ələ verə bilərdi. Evə can atırdı. Ora isə Yaloba tərəfdən - bağların içindən keçib gedə bilərdi. Ürəyi uçunurdu. Doğma həyətlər ona keçmiş tarixini xatırladırdı, əski sevincini, kədərini yadına salırdı. Həyəcanlanmışdı. Köhnə həyət-bacalar, evlər xarabalığı xatırladırdı, amma burada qorxudan çox, sevgi hökm sürürdü. Onun ürəyi eyni zamanda həm kədərdən, həm də sevincdən partlaya bilərdi.

Dayısıgilin bağının başında əncir ağacları vardı. Həminkiydilər. Qocalmaqla işləri yoxuydu. Xöşəkləmişdilər və sərt qoxuları adamın burnunu qıcıqlandırırdı…

Çəkillikdən aşağı endi. Çəkillərin bəziləri qurumuş, bəziləri isə əksinə boy vermişdi. Çəpərin qırağındakı gərlər qurumuş, amma böyür-başları pöhrələmişdi.

Ağaclar da adamlar kimidir. Özləri ölür, ətrafı isə yaşayır…

Həyətə girdi. Həyəti ikiyə bölən dəmir “setkalar” yerə yıxılmış və otların arasında itmişdi...

Image result for elçin hüseynbəyli kulis.az

# 3859 dəfə oxunub

Müəllifin son yazıları

# # #