Dünya qoynuna almaq istəmir bizi – Pandemiyadan şeir

Dünya qoynuna almaq istəmir bizi – Pandemiyadan şeir
8 aprel 2020
# 14:25

Kulis.az Mina Rəşidin “Bir körpə doğulur karantində” şeirini təqdim edir.

Evə qapanmışıq
Bəzən sakit, bəzən narahat
anlarımızla...
Qapını açınca quşların səsi dolur evə
bahar sanki quş səsində dilə gəlir:
- Mən gəlmişəm, niyə gəlmirsiniz görüşə?..

...Küskün bir günümdə
Birdən telefonuma zəng gəlir...
“Qoca” sözündən xoşu gəlmir
o, 84 yaşlı şairin.
Deyir, hər şey yaxşı olacaq,
narahat olmayın...

Dünya bizdən küsüb deyəsən
qoynuna almaq istəmir.
Küçələrini boşaldır,
yollarını təmizləyir...
Günəş də, elə bil,
bizi istəmir,
Yağış yağır şırhaşır
Bəlkə günahlarımızı yuyur?
Günahlar da bitib-tükənmir...

Bir körpə doğulur karantində
Doyunca sevinə bilmir ana,
Ata fərəhlənə bilmir,
Hamı narahat...
Görəsən xəstə doğulmayıb ki, uşaq?..

Düz beş ildi yolunda yüyürdüyüm
işə düzələcəkdim
bütün iş yerləri bağlandı
hamı bir oldu, işsiz-gücsüz...
amma bir fərqimiz var
onlar yenə də, maaş alır,
mən yenə də, pulsuz...

Bax, yaşayıram hələ də
Havayla, suyla
Hamı un daşıyır evinə,
Mən də, siçan ilində doğulmuşam
Bir topa ümid saxlayıram könlümdə...

# 2156 dəfə oxunub

Müəllifin son yazıları

# # #