Bir oba – bir məzarlıq – Günün şeiri

Bir oba – bir məzarlıq – Günün şeiri
26 fevral 2021
# 10:01

Kulis.az “Günün şeiri” layihəsindən Mina Rəşidin “Xocalı” şeirini təqdim edir.

Ağappaq qar üstünə
Qanı çilənmiş balam.
“Qar adam”ın yanında
Qana bələnmiş balam.

Anası saçlarından
Göydən asılı qalmış.
Atası «Vətən», - deyə,
Düz ağzından atılmış.

Babası buz heykəli -
Torpaq üstə yıxılmış.
Nənəsi havalanıb,
Dili-ağzı tutulmuş.

Bacısı, qardaşları
Qıyma-qıyma doğranmış.
Utansın belə dünya,
Zülmü artıq ağ olmuş!

Bir oba – bir məzarlıq,
Bütün nəsil qırılmış.
«Unutqanıq!», - deməkdən
Demə, dilim yorulmuş…

Biz unutqan olsaq da,
Tarix bunu unutmaz.
İnsanlığın düşməni
Heç bir kəsə dost olmaz!

# 1598 dəfə oxunub

Müəllifin son yazıları

# # #