Bir Əliağa Vahid şedevri – Mətn

Bir Əliağa Vahid şedevri – Mətn
30 avqust 2020
# 12:01

Kulis.az “Bazar oxusu” layihəsindən məşhur qəzəlxan Əliağa Vahidin xanəndələr tərəfindən ən çox oxunan qəzəllərindən birini təqdim edir.

Sən zülfünü aç tök üzünə, şanəsi məndən,
Zənciri nişan ver mənə, divanəsi məndən.

Sən aşiqi yandırmağa, mən yanmağa mail,
Sən şəmini göstər mənə, pərvanəsi məndən.

Zülfün qədəri aşiq olan var sənə, ey gül,
Sən söylə o məcnunları, əfsanəsi məndən.

Sərməst gözün fitnə, ləbin nəşəli badə,
İçdir mənə ol badəni, peymanəsi məndən.

Sən naz ilə gül ki, sədəfin qiyməti artsın,
Göz yaşı kimi incisi, dürdanəsi məndən.

Hərdən götür üzdən, gözəlim əfiyi-zülfün,
Çək zahirə gəncinəni, viranəsi məndən.

Vahid, meyi tərk etmək üçün piri-muğanın,
Rəncidə olub bir neçə məstanəsi məndən.

# 5010 dəfə oxunub

Müəllifin son yazıları

# # #