Adam adamı sevər də... - Fərid Həsənzadənin yeni şeirləri

Adam adamı sevər də... - Fərid Həsənzadənin yeni şeirləri
14 yanvar 2021
# 11:42

Kulis.az Fərid Həsənzadənin yeni şeirlərini təqdim edir.

Əllərin ayrılıq qoxur,
Əlimə toxunmur əlin,
Bir gün üzüləcək deyə.

Uzağı sevmək də doğma gəlir hərdən,
Zaman bircə uzağı kəsmir.

Əllərimdəki ağrıların səbəkarı olmaq necə hissdi?
Vurursanmı əllərinə?
Sonra sığal çəkirsənmi
Sol əlinlə sağ əlinə?

Əvvəllər üstümə gəlirdi divarlar,
İndi yanımda dayanırlar
Kürəyimi yox,
Çiynimi söykəyim deyə.

Mən səni səkkiz yaşımdan sevirəm.
Nədi, adam adamı sevər də,
Gəl, barışaq.

***

Yenə əvvəlkitək çıxıb gedirsən,
Üz-üzə qalıram ağrılarımla.
Sən çıxıb gedirsən, sənə nə var ki,
Mən üz-göz oluram doğrularımla.

Düz sancır ürəyə sevda nizəni,
Xoşbəxtlik gözləyir buna dözəni.
Çoxdan saxlamışam mübarizəni,
Artıq barışmışam qayğılarımla.

Yaz bitir, yay gəlir, eh, isti düşmür,
Bu sevda kül olur, heç tüstü düşmür.
Ən pisi odur ki, üst-üstə düşmür,
Mənim yaralarım sarğılarımla.

***

Bir sevgi şeiri yazıram sənə,
Amma gözlərini yum, sonra oxu.
Dəniz kənarında, küləkli gündə
Düşsün gözlərinə qum, sonra oxu.

Mənim lüğətimdə var olan adın,
Sevgi məktubumu cıran tək qadın.

Sən özün bilirsən niyə qorxuram,
Şeiri də cırarsan deyə qorxuram.

Gecələr yuxunu yarımçıq qoyan,
Ürəkdən ürəyə gedən səs idi.
Sevgi məktubumu cırmışdın mənim,
Oxuyub cırmağın daha pis idi.

***

Səsindəki günahı hiss edirəm,
Eşidirəm tənhalığın bağırtısını.
Gözümün önündə yaşayır
Vicdanın qulaq ağrısını.

Gözün rəngdədir göy üzü,
əllərini öpür hava.
Adın dilimə gələn kimi,
Dodağıma qonur dua.

Bir yandan da yağış yağır,
Torpaq içinə daşıyır.
Yarpaq ağacdan düşür,
Ağac üşüyür,
Yarpaq yaşayır.

# 2558 dəfə oxunub

Müəllifin son yazıları

# # #