31 Dekabrın şeiri: Azərbaycan! Azərbaycan!

31 Dekabrın şeiri: Azərbaycan! Azərbaycan!
31 dekabr 2019
# 10:28

Kulis.az 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə oxucularımızı təbrik edir və böyük istiqlal şairi Əhməd Cavadın “Azərbaycan! Azərbaycan!” şeirini yayımlayır.

Dağlarının başı qarlı,
Sinəsi yaşıl ormanlı!
Dərələrin şirin barlı,
Azərbaycan! Azərbaycan!

Səhraların sünbüllüdür,
İl müdam üstü güllüdür!
Bağçaların bülbüllüdür,
Azərbaycan! Azərbaycan!

Durna gözlü bulaqların,
Cənnət kimi yaylaqların!
Geniş-geniş oymaqların,
Azərbaycan! Azərbaycan!

Ormanında maral gəzər,
Çöllərində ceyran süzər!
Göllərində qazlar üzər!
Azərbaycan! Azərbaycan!

İlxında ayğır kişnəşir!
Naxrında buğan güləşir!
Süründə əmlik mələşir!
Azərbaycan! Azorbaycan!

Qayaların əlvan mərmər!
Belində var qızıl kəmər!
Bir yanında Bəhri-Xəzər!
Azərbaycan! Azərbaycan!

Sinən odu şölə salır!
Dünya səndən işıq alır!
Verməyəndə, zülmət qalır!
Azərbaycan! Azərbaycan!

İpək, pambıq, yunun çoxdur!
Arpa, buğda, dügün çoxdur!
Hər şeyin var, nəyin yoxdur?!
Azərbaycan! Azərbaycan!

Yer üzündə yoxdur tayın!
Gur-gur axar neçə çayın!
Bol veribdir, fələk payın!
Azərbaycan! Azərbaycan!

Laçının var, tərlanın var!
Çoxlu şirin dastanın var!
Qorxun yoxdur, düşmanın var!
Azərbaycan! Azərbaycan!

Gəncə, 1919

# 14491 dəfə oxunub

Müəllifin son yazıları

# # #