"Babamın məzarına çiçək gətirəcəm ordan" - Laçınlı məşhurlar danışır...

"Babamın məzarına çiçək gətirəcəm ordan" - Laçınlı məşhurlar danışır...
1 dekabr 2020
# 15:09

1 dekabr 2020-ci il Azərbaycan tarixinə Laçının azad olunduğu gün kimi düşdü. Bu gün Azərbaycan xalqının yaddaşında ən gözəl tarixlərdən biri kimi yaşayacaq. Bu günə hər kəsdən bir az daha çox sevinənlər isə təbii ki, laçınlılardır. Kulis.az laçınlı məşhurların təəssüratlarını təqdim edir.

Fəxri Uğurlu - Yazıçı

Təkcə Laçının yox, bütün torpaqlarımızın işğaldan azad olunmasına sevinirik. Doğurdan da heyrətamiz bir hadisədir. Bir neçə ay bundan əvvəl heç kimin ağlına gəlməzdi ki, belə işlər baş verə bilər. İnşallah bundan sonra camaat el-obasına, yurd-yuvasına qayıtsın. İşin əsas mərhələsi bundan sonra başlayır. Yaşayış yerlərini bərpa etmək, insanların ora qayıtmasını təmin etmək. İnşallah bu işlər də salamatçılıqla başa gələr.


Təranə Vahid - Yazıçı

Hisslərimi ifadə etmək çox çətindir. Hər halda dünyanın ən gözəl hisslərini yaşayıram. Əlim çatmayan, ünüm yetməyən torpağım, yurdum, Laçınım azad olub. Bu azadlığın yolunu 28 il gözləmişəm. 28 il bu ağrıyla yaşamışam. Həsrətin min-bir rəngini görmüşəm. Və çox gənc yaşlarımdan ürəyimin başında həmişə ağır, çox ağır yük daşımışam. Tək mən yox, yurd-yuvasından, el-obasından ayrı düşən bir milyon insan kimi.

Allaha şükürlər olsun ki, Qarabağın azadlığını görməyi bizlərə nəsib elədi.

Hamımız şahid olduq ki, tarix qələmlə yox, qılıncla yazılır. Tarix yazan şanlı ordumuza, cənab Ali Baş Komandana bir laçınlı kimi öz adımdan sonsuz təşəkkürlərimi bildirirəm. Canını, qanını Vətən yolunda fəda edən şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm. Bu sevinci, bu qələbəni bizə onlar yaşatdılar.

Laçına çatanda göy üzünə baxacam. Ordakı günəşimə salam verəcəm, dağlara baş əyəcəm, torpağa səcdə edəcəm. Kəndimizin girəcəyində qəbiristanlıq var, o qəbirləri bir-bir ziyarət edəcəm. Qəriblikdə Laçın həsrətiylə dünyasını dəyişən bütün doğmalarımıza Allahdan rəhmət diləyəcəm. Və yandırılmış, yerlə yeksan olmuş evimizin daşları altından xoşbəxt vaxtlarımızın xatirələrini, səslərini, işığını tapıb xoşbəxt olacam.

İlham Qəhrəman – Şair

Qarışıq hisslər keçirirəm. Bir tərəfdən atam Laçın alınan gecə dünyasını dəyişdi, o biri tərəfdən illərdir işğalda olan vətənim işağldan azad olundu.

Günay Malikqızı - Aparıcı

Çox xoşbəxtəm. Biz inanırdıq ki, Laçın əvvəl-axır işğaldan azad olunacaq. Şəxsən mən, bizim ailəmiz həmişə Laçının bizim olacağına inanmışıq. Şükür ki, Azərbaycan ordusu, Ali baş komandan bu inamımızı həqiqətə çevirdi. Laçın tək laçınlıların deyil, hamımızındır. Mən bütün Azərbaycana gözaydınlığı verirəm. Mənim atam, anam, babalarım orda anadan olublar. Laçın, el-oba həsrəti ilə bu dünyadan köçən insanların hamısını xatırlamaq istəyirəm. Onların da bu gün ruhu yəqin ki, şaddır. Allah şəhidlərimizə rəhmət etsin. Biz bu sevincimizi onlara borcluyuq. Ağlayırıq, sevinirik. Həm də şəhidlərimiz üçün ağlayırıq ki, onlar bu günləri bizə yaşatdılar. Mənim atam şair Malik Fərrux da Laçın həsrətiylə, Laçın deyə-deyə bu dünyadan köçdü. Əgər Laçın işğal olunmasaydı, atam bu günə qədər yaşayardı. Ona görə də fikirlərimin sonun atamın şeirindən bir parça ilə bitirmək istəyirəm.

El arzusu sel oldu,
Sellər, gözünüz aydın.
Bu il ayrı il oldu,
İllər, gözünüz aydın.

Araz üstə daşlaşan
Yollar, gözünüz aydın.
Həsrət-həsrət sarmaşan
Qollar, gözünüz aydın.

Səfiyar Məcnun – Fotoqraf

Oğuldərə kəndi ağlımda iki hadisə ilə qalıb.

Həkəri çayının başlanğıcı bizim kəndin yanına təsadüf edib. Qız-gəlin palaz yumağa gedəndə biz uşaqlar da özümüzü anadan üryan Həkərinin qucağına atırdıq. Sevgilisini uzaqdan da olsa görmək üçün qənşərə çıxan cahıl-cuhulların paxıllığı, qısqanclığı sevindirirdi bizi. Bir gün birinin "ahı" tutdu məni. Ayağım hamarlanmış qənbərin üstündə qərar tutmadı və təpəmi yardım. Hərdən xatirəmə ədəbiyyat qatanda elə bilirdim ki, o yara heç vaxt sağalmayacaqdı. Bu gün səhər oyananda o yaranı hiss eləmədim.

Bir də ana babamın kənddə xeyməyə oxşayan dükanı var idi. O dükanda hamı üçün hər şey satılırdı, mənim üçün verilirdi. Piştaxtanın altında mənim "taxta peçenyə"mə aid yer var idi. Hər gedəndə faydalanırdım. Arada iris, şokalad da olurdu. İndi elə billəm ki, Oğuldərəyə getsəm, piştaxtanın altında mənə aid nəsə var.


Rəşad Nağı Mustafa – Şair

Şuşanın azadlıq xəbəri gələndə Xan əminin ifasında Şuşanın dağlarına qulaq asıb o ki var ağlamışdım. Dünən də Məhəbbət Kazımovun ifasında Laçınım mahnısına qulaq asıb ağladım. Bu gün də başa düşdum ki, mən sevincdən yaxşı ağlaya bilirəm. Laçına gedib Bakılı günlər üçun darıxmaq istəyirəm. Ay Laçın, can Laçın...


İlahə Fəda – Müğənni

Bilmirəm gülüm, yoxsa ağlayım. Çox qarışıq duyğulardı. Çox sevinirəm. Bir tərəfdən şəhidlərimizə görə yanıb tökülürəm, bir tərəfdən də işğaldan azad olunan torpaqlarımıza görə sevincliyəm. Allah şəhidlərimizə rəhmət eləsin. Ali baş komandanıma təşəkkür edirəm. Laçına getməyi planlaşdırmamışam. Çünki bu planla olunacaq məsələ deyil. Bu belə də olmalıdır. Kəndimizə gedib, orda yaşayacam. Artıq bir kəndim, ocağım olacaq. Bilirəm ki, orda çox xoşbəxt olacam.


Ər-toğrul Kamalov - Rejissor

Dünya qədərəm. Sığmıram yerə göyə... Babamın məzarına çiçək gətirəcəm ordan.

İlk edəcəyim şey babamın məzarına gətirmək üçün çiçək dərmək olacaq. Və bir də - əzan verərək rəhmətə gedən və məzarı orada olan soydaşlarıma salam verəcəm! Ruhları ilə bir kontakt qurmaq istəyirəm. Məncə, çox sevinclidirlər...


Türkay Cəfərli - Aktyor

Hamımızın gözü aydın olsun. Misilsiz bir şeydi. Nəsə demək istəyirəm, amma sözlər hisslərimin qarşısında heç nə imiş kimi görsənir. Ən əsası odur ki, bizim artıq başımız ucadı. Bundan vacib nəsə yoxdu. Ən birinci arzum da orada şəhid babamın qəbrini inşa etdirməkdi ki, onun da ruhu şad olsun. Laçınlı sənət adamları da yenidən oranı dirçəltmək üçün əllərindən gələni etməlidirlər.

# 4072 dəfə oxunub

Müəllifin son yazıları

# # #