Tanrı özü bilir ki... - Nicat Hunalpdan yeni şeirlər

Tanrı özü bilir ki... - Nicat Hunalpdan yeni şeirlər
5 yanvar 2024
# 12:00

Kulis.az Nicat Hunalpın yeni şeirlərini təqdim edir.

Uzaq Altaylarda bir ruh dolaşır

Uzaq Altaylarda bir ruh dolaşır,
Obun ,Yeniseyin ,Orxunun üstə
Yazılır tarixin qanlı sözləri,
Göytürkün,Ağ Hunun,Uyğurun üstə

Dolaşır Qobidə yalqız başına,
Qaçır bir savaşçı son savaşına ,
Ölsə tarixlərin qurd yaddaşına,
Köçür şamanların ruhunun üstə

Min ildir yoldadı Müngenin ruhu
Dünyanın köksündə bir dəhşət ,qorxu,
Yücədir Türk üçün od ,torpaq və su,
Məndə qurban gedim qoy odun üstə

Bax odur daş olan ,heykələ dönən,
At üstə baş kəsən alpıydı dünən,
Qurdbaşlı tuğ əldə sonuncu ölən,
Baturun qanıdı onqonun üstə


Qurd yaddaşı

Böyük çölüm kədərinə tapındım,
Orxon çayı sularında arındım,
Ötükənin daşlarındadı andım,
Qurd yaddaşı

Yadına sal Ağsuvarı ,Bögünü,
Bilgə xanım çəkdi Türkün yükünü,
Geri qaytar xaqanların Börkünü
Qurd yaddaşı

Tanrım Türkü gəl yenidən yap,yoğur,
Ulu anam birdə bizi qurd doğur ,
Attila, Asparux, Kürşad, Moyon Çur,
Qurd yaddaşı

Kimlər aldı məndən qılınc,oxumu,
Cücərəcək Türkün qutlu toxumu,
Min ildirki qarışdırıb yuxumu,
Qurd yaddaşı


Güman yerim ulu şaman duası,
Göyüm göyüm göynər vətən yarası,
Altaylarla Balkanların arası,
Qurd yaddaşı

Bozqurd ömrü yaşamışam mən dədə,
At üstündə keçdi ömür ,gün dədə,
Yaşayır o mən də ,on da ,səndədə,
Qurd yaddaşı

Turan dərdin öz içində yaşayır,
Tanrı verən ömrü bəndə yaşayır,
Yaddaşımın bir küncündə yaşayır,

Göytürk

Göytürkdən qutlu yol gələn,
Bir dəlilik var içimdə
Qılınc çəkir düşmən üstə
Qarluqlar ,Hunlar içimdə

Qurd geyimli Alp Qutalmış ,
Başlar kəsmiş öcün almış,
İgid ölmüş adı qalmış,
Qəzəbi oynar içimdə

Ulu Altay, Kulin - Bugir,
Buryat,türkeş,yağma ,çigil,
Qarı düşmən yoldan çəkil,
Vulkanlar qaynar içimdə

Ruhumu dirildən şaman,
Niyə gəlmir axı o an,
Ayağa qalxacaq Turan
Sonsuz ümid var içimdə

Məndə üsyan gizlənib

Mənim yalqız ruhumda ,
Yüz ildi an gizlənib
Gözlərimin içində,
Yatıb zaman gizlənib

Din qarışıbdı dinə,
Kim gedir haqq evinə,
Türkün qədim dinində,
Ulu şaman gizlənib

Günbatan Gündoğana,
Həsrətdi indi ana,
Girsədə şeytan dona,
Onda iman gizlənib

Çadırımda men təkəm,
Bu dərd mənimsə çəkəm,
Məndən bir an ,bircə dəm,
Kömək uman gizlənib

Mələklərin and yeri,
Yeri üsyanım yeri,
Tanrı özü bilirki,
Məndə üsyan gizlənib

# 1525 dəfə oxunub

Müəllifin son yazıları

# # #