Şaxta Baba Haqqında Ən Maraqlı Şeirlər

Şaxta Baba Haqqında Ən Maraqlı Şeirlər
1 yanvar 2020
# 17:08

Kulis.az Şaxta baba haqqında ən maraqlı şeirləri təqdim edir.

Şaxta baba, qış baba!

Keçdi dəniz, aşdı dağ
Gəldi bizə bir qonaq,
Saçları qardan dümağ,
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Çöldə çıxıb qar dizə,
Yolka qonaqdır bizə.
Nəğmə deyib üz-üzə
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Burda verib əl-ələ,
Oynayırıq bax belə
Səs yayılır hər elə:
Ay sənə alqış, baba,
Şaxta baba, qış baba!

Mehdi Seyidzadə

"Şaxta baba"

Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.

Yelləndi çil-çiraqlar,
Doldu evə soyuq qar…
Aha-aha deyəsən,
Şaxta babadır gələn!

Saç-saqqalı tamam ağ,
Başında qardan papaq.
Girdi evə bir qoca
Boyu çinardan uca.

Yapıncısı buz kimi.
Parlayır ulduz kimi.
Qotazlı, qar xurcunu,
Uşaqlar görcək bunu-

Alıb dövrəyə həmən,
Tutdular ətəyindən:
– Şaxta baba!…
– Şaxtacan!…
– Haradasan bu vaxtacan?

Əhməd Cəmil

***

Yolkamızın üstündə
Yenə yandı işıqlar.
Hardasan, Şaxta baba,
Yol gözləyir uşaqlar.

Zirvələrdən enib gəl,
Dərələrdən keçib gəl.
Yamaclara, çöllərə
Dümağ libas biçib gəl.


Gözündə ulduz gətir,
Nəfəsində buz gətir.
Saçlarında dümağ qar,
Dilində xoş söz gətir.

Rafiq Yusifoğlu

# 39 dəfə oxunub

Müəllifin son yazıları

# # #