Quşlar qəfəsdə darıxır, güllər dibçəkdə... - Tərlanə Yaqubqızının şeirləri

Quşlar qəfəsdə darıxır, güllər dibçəkdə... - Tərlanə Yaqubqızının şeirləri
2 oktyabr 2024
# 17:30

Kulis.az Tərlanə Yaqubqızının şeirlərini təqdim edir.

Ürəyimdən vurdular

Günahımı bilmədim,
Elə məni vurdular.
Yaralıydım, ölmədim,
Yenə tələ qurdular.

Dərd üstündən gəlir dərd,
Hücuma keçir namərd.
Salıb boynuma kəmənd
Ürəyimdən vurdular.

Yoxdur bir ümid verən.
Az qalıb olum vərəm.
Yanımda heçdir Kərəm,
Külümü sovurdular.

Yeddi oğul

Yeddi igid oğul var bir lövhədən boylanan,
Bir məktəbdə oxuyub, boya- başa yetmişlər.
Düşmən ana Vətənə hücum etdiyi zaman
Yeddi oğul könüllü əsgərliyə getmişlər.

Stadionda, həyətdə, sinif otaqlarında
Onların şən gülüşü, səsi qalıb bəlkə də.
Neçə illər keçsə də bu məktəb yollarında
Onların ayağının izi qalıb bəlkə də.

Dərs qurtarır, hamını yola salır gözləri,
Amma bu yeddi oğul evinə gedə bilmir.
Doğma torpaq uğrunda şəhid olub özləri,
İndi doğma məktəbə ruhları keşik çəkir.

Gözəl insanlar

Zülmətdə günəş tək işıq saçırsız,
Qəmli günlərimdə könül açırsız.
Mənim qardaşlarım, bacılarımsız,
Ey gözəl insanlar, gözəl insanlar.

Paxıllar, xainlər, ikiüzlülər
Nə bir utandılar, nə bir bezdilər.
Durub qəsdinizə, sizi üzdülər,
Ey gözəl insanlar, gözəl insanlar.

Sizlərə hər zaman qaynadı qanım,
Şad oldu ürəyim, isindi canım.
Sizinlə gözəldir Azərbaycanım!
Ey gözəl insanlar, gözəl insanlar.

Arzular

Quşlar qəfəsdə darıxır,
Güllər dibçəkdə.
İnsanlar vurnuxur
Arzusu ürəkdə.
Buraxın quşları havaya,
Gülləri bağa.
Amma arzular
Nə olar,
Düşməsin torpağa...

# 1161 dəfə oxunub

Müəllifin son yazıları

# # #