Qiyamət edir smslər! - Güneydən şeir

Qiyamət edir smslər! - Güneydən şeir
29 avqust 2024
# 12:11

Kulis.az güneyli şair Xosrov Barışanın şeirini təqdim edir.

QUŞ

Öncəsi bir sorğu idim,
Namaz qılınırdım hər səhər!
Sonrası bir quşam,
Gözlərinin qəfəsində!
Baxışına vurulmuşam.
Bax...,
Bax..,
Kirpık çal,
Çal, yellə,
İçimdəki bu anarşi köz,
Alışsın
Eşiyimdə göz-göz.
Şeirə dönüşsün söz-söz gördüklərim.
Və bu saralmış həyatın rəngi dəyişilsin.
Aclığımızı gedərməyə quş ürəyi qızartmışam!
Amma
Göz ac olunca...

Mən bir quşam
Gözlərinin qəfəsində.
Baxışına vurulmuşam.
Bax..,
Bax..,
Kirpik çal,
Çal, ürəyimi çal.
Kirpiklərin
Dünyanı açır, yumur!
Bütün yollar gözlərindən başlanır,
Gözlərində bitir!
Trafik işıqlarının rəngi dəyişilir!
Səni görcək, mən özümdən keçmişəm!
Amma, sən
Sarı saçlarını yeldə
Sovurma, ha...
Biləyimin bir damarıdır
Hər teli.
Yazıq olar,
Qırılar!
Amma, sən
Birinə yolda
Göz vurma, ha...
Keçər al-qan işıqlardan!
Yazıq olar,
Olar mən, şair olar!

Bura bir sinəma,
Önü izdiham!
Polislər yelkən açırlar
Düşüncənin üstünə!
Bu dəli yalqızlığım sanki
Tıxanıb qalıb dünya boğazında!
Sıxır..,
Sıxır..,
Fələc edir!
"- To məhşəri, Əfsungəri..," yazısı..,

Nəm-niyə, tərəzim gözlərin oldu..!
Ağlım sözümdəykən,
Ağlın gözündəydi!
Mən ölümün nə olduğunu bilməsəm də,
Həyatın bu olmadığını, bilməkdəyəm.
Qiyamət edir smslər!
Hardasan gözəlim?
Məni bura tikdin, ağac oldum, ha...
Oyandım gördüm ki bir səhər,
Üstündə yuva qurduğum yaşıl ağac
Dəyişib rəngini!
Payız mı, quşlar köçərlər.
Hər yan sarı...
Hər yan al...
Al,
Qorxma, al.
Tökdüyün quş qanıdır
Ovuclarına al,
Səp,
Yağış olsun bu saralmış şəhərə.
Sonrası bax..,
Bax..,
Yenə də kirpik çal,
Çal.., çəkilsin pərdələr.
Çal.., açılsın pərdələr.
"-Namaz Allahla bəndənin arasındaki pərdəni açar." deyirdi anam.
Amma, quş deyildi ki anam!
Amma, uçacaqdı.
Amma, mən bir quşam
Gözlərivin qəfəsində!
Uçanmıram!
Uçanmıram!
Əslində mən, bitincə hər gecə,
Sənin şans quşun idim.
Göy rəngli bir bayraq idi azadlıq.
Dəniz sanmadım, balıq olam.
Göy üzü sanmadim,
Gözlərin sandım insan olam;
Vurulam sənə, aşiq olam;
Amma, indi bir quşam gözlərinin qəfəsində.

Gözəlim hardasan?
Bax..,
Bilmirəm, neçənci sekansı geçdi bu filmin!
Gəlmədin!

# 777 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #