Necə bəxtəvərdilər səni görən adamlar… - Mirkamil Ağazadənin şeirləri

Necə bəxtəvərdilər səni görən adamlar… - Mirkamil Ağazadənin şeirləri
21 dekabr 2023
# 14:30

Kulis.az Mirkamil Ağazadənin yeni şeirlərini təqdim edir.

***

Qara gəldi ruzigarım, qucağından ayrı düşdüm,
O qızıl şəfəqli gündən - yanağından ayrı düşdüm,
Damağımda dadı qaldı, dodağından ayrı düşdüm,
Bizi ayrı saldı dünya...

Axı mən nə bir qəribəm, nə uzaq bir eldə sürgün,
Elə öz içimdə sənsiz yaşaram mən üzgün-üzgün,
Adını unutmuşam mən, gedənin daha gedən gün
Bir adı olur da - Leyla...

Qalan öz qəmiylə məşğul, gedən öz yolunda məmnun,
Qalanın həyatı durğun, gedənin həyatı coşqun,
Gedənə desəm də Leyla, nə öz adım oldu Məcnun,
Nə bizim məhəllə səhra...

Nə halımdan olmaz agah, nə də kimsədən soruşmaz,
Üz-üzə mənimlə gəlsə daha qəlb açıb danışmaz,
Bilirəm ki, o vəfasız, mənə rəhm edib barışmaz,
Nəsə var ümidim amma…

***

Heç nə olmaz daha, canım-gözüm, əvvəlki kimi,
Çiçək açmaz daha şe'rim-sözüm, əvvəlki kimi.

Sən gülürdün güc alırdım gülüşündən, gözəlim,
Daha məndən tələb etmə dözüm əvvəlki kimi.

Danışan gözlərimiz indi niyə lal dayanıb?
Niyə ünsiyyətimiz yox bizim əvvəlki kimi?

Sən gedəndən, inan Allaha ki, gün görməmişəm,
İşığım yoxdu, günüm-gündüzüm, əvvəlki kimi.

Gəl, qayıt, yasamənüzlüm, başını qoy dizimə,
Dağınıq tellərinə gül düzüm əvvəlki kimi...

Ahu ürkəkliyi var səndə, mənim yoxdu gücüm
Səni ram etməyə bir yol gəzim əvvəlki kimi.

Dil tapıb gül nəfəsin dəydiyi daşlarla, gülüm,
Gecələr dar küçənizdə gəzim əvvəlki kimi...

Ey Siraci, dilərəm bir sürünüm yarə tərəf,
Yox təvanım, sözə baxmır dizim əvvəlki kimi.


***
Son görüşdə necə həsrətlə baxırdın gözümə?!
Ayrılanda, gözəlim, doldu gözün son sözümə:
Məni qaytar özümə...

Səslərəm mən səni imdada, eşitsən yetir əl
Səsləsəm də demirəm ki, qayıdaq keçmişə, gəl
Məni qaytar özümə.

Demirəm ki, susayıb eşqinə yanmış ürəyim
Deyirəm, kövrək ürəklim, budur ancaq diləyim,
Məni qaytar özümə.

Özümü mən bir əməlçün gecələr danlayıram.
Və'dəsiz vəslinə həsrət çəkirəm, gün sayıram,
Məni qaytar özümə...

Üzümə bircə dəfə göz dolusu gülsəydin,
Mənə sarı sən əgər bircə qədəm gəlsəydin,
Qayıdardım özümə…

***
Sığalımın istisi,
Yəqin çıxıb yadından.
Saçlarına salam de,
Əllərimin adından.

İndi məsum baxışın,
Kimi uşaqlaşdırır?
İndi kimi dünyadan
Səsin uzaqlaşdırır?

Sənin seçdiyin görən,
Səni yaddan seçirmi?
Səhvlərindən hər dəfə
Sənə xatir keçirmi?

Ay günüzlüm, çöhrənə
Gözlərimdən salamlar!
Necə bəxtəvərdilər,
Səni görən adamlar…

***
Ağır olar, qəlbinə yığma belə qəm-kədər
Özgəsitək, sevgilim, bəxtəvər ol, bəxtəvər.

Ömrümə gəl bir qədəm, gəzsin uzaq qüssə-qəm
Ay gülərüz, qarəgöz, yüngülayaq, xoşnəzər...

Zülfünü bir yol dağıt, yellər öpən çiyninə
Tapsın ətir, nərgizim, ta qoxusuz lalələr.

Nitqim açılmır daha, yox mənə bir aşina
Gəl məni dindir özün, gəl sözüm ol, müxtəsər.

Hamı gəlib cəm olur bir sən ola bilməyir,
Dolmayacaq boşluğun, gəlməsən, ay bir nəfər...

Bir qapı tıqqıltısı min diləyi, arzunu
Kor yuxudan bir gecə yarım, oyatmaz məgər?!

Ver bir ümid vəslinə ta bir ömür gözləyim.
Mən çox əzab çəkmişəm, səbr edərəm birtəhər.

Bil ki, Siraci düşüb yollara "yar, yar" - deyir,
Hey yolunu gözləyir, gözləyir axşam-səhər.

# 2723 dəfə oxunub

Müəllifin son yazıları

# # #