Kulis.az ingilis şair Persi Bişi Şellinin şeirlərini Firidun Ağazadənin tərcüməsində təqdim edir.
Tələbəlik illərində ingilis romantik şairi Persi Bişi Şellinin “To the Men of England” şeirini tərcümə etmişdim. Cəmi 29 il yaşayan Şellinin inqilaba çağıran bu üsyankar şeirini sağlığında çap etməyiblər. Zadəganlar qoymayıb. Şeir müəllifin vəfatından on doqquz il sonra çap olunub. Sevimli müəllimim, şair Ənvər Rza təkcə şeirin adına görə məni xeyli təriflədi, kafedraya çağırdı. Burada ingilis dilinin və poeziyasının bilicisi, dekanımız İsmixan Rəhimov məni gözləyirdi. Dedi ki, şeirin adını heç Marşak (rus şairi Samuil Marşak) belə tərcümə etməyib, bu tapıntıdır və tərcüməmi institutun “Bilik” qəzetində dərc etdirdi. Şeirin adı hərfi tərcümədə “İngiltərə kişilərinə”dir. Rus mütərcimləri şeiri elə bu cür və bir neçə dəfə tərcümə ediblər: “Мужам Англии” (Samuil Marşak), “Английскому народу” (Yevgeni Feldman), “Песнь к Британцам” (Konstantin Balmont).
Mən şeiri “Həmvətənlərimə” adı ilə tərcümə etmişdim. Şelli ingilis idi, həmvətənlərinə xitab edirdi və bu ad daha poetikdir.
Tərcüməçidən
Həmvətənlərimə
Kiminçün dəridən çıxırsınız siz?
Lordlardanmı ötrü – qaniçən, xəbis?!
Ağır zəhmətlərə qatlaşdız niyə?
Tiranlar geyinib bəzənsin deyə?
Döyür qapınızı hər gün ehtiyac,
Beşikdən başlayıb məzaradək ac.
Köləsi oldunuz naşükür, harın
Zəli tək qan soran müftəxorların.
Zəhmətsevənsiniz bal arısı tək,
Fəqət zalımlara boyun əyərək,
Qamçılar, süngülər hədəsiylə siz
Ömürlük alçalıb əzilirsiniz.
Nə dinclik gördünüz, nə ev, nə ocaq,
Kasıb güzərandan sevgi də qaçaq.
Yoxsa bu əzablar taledir sizə?
Ya can bahasıdır əməyinizə?
Özgə anbarına gedir buğdanız,
Pulunuz özgəyə qismətdir yalnız.
Özgə əynindədir siz tikən paltar,
Yetər bu mütilik, xar oldunuz, xar!
Bu yurdda çörək də, daş-qaş da sizin!
Niyə tüfeylilər, azğınlar yesin?!
Zəhmətin eşqinə zəhməti öyün!
Mübarizə üçün qılınclar döyün!
Qaranlıq daxmalar – səadətiniz,
Sarayları kimə ucaltdınız siz?!
Qul kimi zəncirdə qalmasın amal,
Silaha sarılıb tapın istiqlal!
Əkinçi, biçinçi qardaşlarım, siz
Yoxsa məmləkətə kəfən biçirsiz?!
Bu acı ruzgara baş əyə-əyə
Vallah, gor qazırsız İngiltərəyə!..
Dostum, ötəridir hər şey dünyada
Bu gün göz oxşayan növrəstə çiçək
Sabah yelə verir təravətini.
Qəlbimizdə doğan neçə xoş istək
İtirir əvvəlki lətafətini.
Yaşamaq məmnunluq deyil hər zaman,
Qəzəbi gecənin bağrını yaran
Dəli şimşəklər də çaxar bircə an!
Ləyaqət əbədi duruş gətirmir,
Dostluq – bir tapılmaz incidir o da.
Məhəbbət həmişə vüsal bitirmir,
Qəhr olan ümid də ondadır, onda.
Ağrı duya-duya ürəklərimiz,
Xəyala mehriban, könülə əziz
Ömrün nəyi varsa – yaşadırıq biz.
Nə qədər sənindir, sənindir hələ
Günəşin işığı, çiçəyin ətri,
Tanış ol dünyada bu hikmət ilə.
Bil ki, ötərdir hər şey, ötəri.
Nə qədər bəxtiyar çağıdır ömrün,
Sən arzular bəslə, onsuz da bir gün
Göz yaşı tökərsən bu günlər üçün...