Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?
11 iyul 2026
# 14:00

Bu gün Ümumdünya Əhali Günüdür.

Kulis.az Şahanə Müşfiqin "Azərbaycanın demoqrafik mənzərəsi: təbii artım niyə zəifləyir?" yazısını təqdim edir.

Bir vaxtlar Azərbaycanda üç-dörd uşaqlı ailə adi həyat tərzinin ayrılmaz hissəsi idi. Böyük ailə həm milli-mənəvi dəyər, həm də sosial təminat hesab olunurdu. Hətta bəzi bölgələrimizdə 5-6 uşaqdan az ailələrə rast gəlmək müşkül məsələ idi. Xüsusən, kəndlərdə insanlar sanki çox uşaqlarının olması ilə fəxr edir, bunu özlərinin cəmiyyətdə nüfuzunu artıran amil kimi görürdülər.

Bu gün isə bu mənzərə kökündən dəyişib. Gənc ailələrin əksəriyyəti bir və ya iki uşaqla kifayətlənir, bəziləri isə valideyn olmağı uzun illər təxirə salırlar. İlk baxışdan fərdi seçim kimi görünən bu dəyişiklik əslində ölkənin demoqrafik gələcəyini müəyyənləşdirən ən mühüm proseslərdən biridir.

Hər il 11 iyul dünyada Ümumdünya Əhali Günü kimi qeyd olunur. 1987-ci il iyulun 11-də Yer kürəsinin əhalisinin 5 milyarda çatması ilə əlaqədar təsis edilən bu gün artıq təkcə əhalinin sayını deyil, demoqrafik dəyişikliklərin iqtisadiyyata, sosial rifaha, əmək bazarına və dövlətlərin inkişaf perspektivlərinə təsirini də gündəmə gətirir. Son illər bu müzakirələrin mərkəzində isə bir məsələ dayanır – doğumun azalması və cəmiyyətlərin sürətlə qocalması.

Dünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd edilir. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.

***

Uzun müddət Azərbaycan regionun yüksək doğum göstəricilərinə malik ölkələrindən biri olub. Əhalinin yaş strukturunda gənclərin üstünlük təşkil etməsi, yüksək təbii artım ölkənin əsas demoqrafik üstünlüklərindən sayılırdı. Lakin son onillikdə bu üstünlük tədricən zəifləməyə başlayıb. Hətta mütəxəssislər həyəcan təbili çalmağa başlayıblar. Çünki ölkədə doğulan uşaqların sayı ildən-ilə azalır, ölüm göstəriciləri isə əvvəlki səviyyədə qalır, hətta artır. Nəticədə təbii artım əvvəlki dinamizmini itirərək minimum həddə yaxınlaşır.

Bu proses təsadüfi deyil. Son illərin statistikası göstərir ki, Azərbaycanda doğum səviyyəsinin azalması artıq davamlı tendensiyaya çevrilib. Pandemiya dövrü bu prosesi daha da sürətləndirsə də, sonrakı mərhələdə də əvvəlki yüksək göstəricilərə qayıdış baş vermədi. Bu isə demoqrafik dəyişikliklərin müvəqqəti deyil, struktur xarakter daşıdığını göstərir.

Bəs ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Səbəblər çoxşaxəlidir. İlk növbədə, bütün dünyada müasir ailə modeli dəyişib. Əgər əvvəlki nəsillər üçün çoxuşaqlı ailə həyatın təbii davamı hesab olunurdusa, bu gün gənclər valideynlik qərarına daha planlı yanaşırlar. Onlar övladlarının sayından çox, onlara təqdim edə biləcəkləri həyat keyfiyyətini düşünürlər.

İqtisadi amillər bu seçimdə mühüm rol oynayır. Mənzil problemi, artan yaşayış xərcləri, uşaqların təhsil və sağlamlığı ilə bağlı maliyyə yükü ailələrin planlarına birbaşa təsir göstərir. Müasir valideynlər üçün əsas məsələ çox uşaq sahibi olmaq deyil, övladlarına keyfiyyətli təhsil, təhlükəsiz mühit və layiqli gələcək təmin edə bilməkdir.

Şəhərləşmə də demoqrafik davranışa təsir edən əsas amillərdəndir. Əvvəllər kənd təsərrüfatına əsaslanan həyat tərzində böyük ailələr iqtisadi üstünlük hesab olunurdu. Bu gün isə şəhər həyatının ritmi tamamilə fərqlidir. Kiçik mənzillər, sıx iş qrafiki, uzun nəqliyyat məsafələri, uşaq baxımı ilə bağlı çətinliklər ailələrin daha az övlad planlaşdırmasına səbəb olur.

Qadınların ali təhsil alması və əmək bazarında fəal iştirakı müasir cəmiyyətin mühüm nailiyyətlərindəndir. Bununla yanaşı, nikah yaşının yüksəlməsi və ilk övladın daha gec dünyaya gəlməsi ailələrin ümumi uşaq sayına da təsir göstərir. Demoqrafların fikrincə, bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində müşahidə olunur.

Bu prosesdə miqrasiya da nəzərə alınmalı amillərdəndir. Təhsil və ya iş məqsədilə xaricə üz tutan gənclərin bir hissəsi uzun müddət ölkəyə qayıtmır, bəziləri getdikləri ölkədə ailə qurur, orada övlad sahibi olur və övladlarını da həmin ölkənin vətəndaşı edirlər. Bu isə yalnız əhalinin sayına deyil, gələcək doğum potensialına da təsir göstərən mühüm demoqrafik faktordur.

***

Bu gün Azərbaycanın əhalisi artmaqda davam etsə də, artım tempi əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Dövlət Statistika Komitəsinin məlumatları bunu aydın şəkildə göstərir. Əgər 2011-ci ildə ölkədə 176 mindən çox uşaq dünyaya gəlmişdisə, sonrakı illərdə bu göstərici ardıcıl şəkildə azalıb. 2024-cü ildə doğulanların sayı təxminən 102 min, 2025-ci ildə isə 96 min nəfərə enib. Ölüm göstəricisi isə 2025-ci ildə 59 min 834 nəfər olub. Halbuki, 2024-cü ildə bu rəqəm 58 min 909 olmuşdu. Yəni ölüm hallarında 925 nəfərlik artım qeydə alınıb. Nəticədə təbii artım son on beş ilə yaxın müddətdə 122 min nəfərdən cəmi 96 min nəfərə qədər azalıb.

Bu ilin ilk aylarına olan statistika isə ümumiyyətlə, ürəkaçan heç nə vəd etmir. Hətta mütəxəssislərin iddiasına görə, Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə düşəcək. Belə ki, 2025-ci ilin yanvar-may aylarında ölkədə 38 836 uşaq, 2026-cı ilin yanvar-may aylarında isə 28 631 körpə dünyaya gəlib. Doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb.

Doğrudur, bu rəqəmlər hələ əhalinin azalmasını göstərmir. Lakin onlar çox mühüm bir reallığı ortaya qoyur: Azərbaycan artıq yüksək təbii artım dövründən aşağı artım mərhələsinə keçid edir. Bu isə gələcəkdə yaş strukturunun dəyişəcəyini, yaşlı əhalinin payının artacağını və əmək bazarında gənc işçi qüvvəsinin azalacağını göstərən ciddi siqnaldır.

Bu dəyişikliklərin ilk əlamətləri artıq görünməkdədir. Bəzi regionlarda məktəblərdə şagird sayı azalır, kəndlərdə yaşlı əhalinin xüsusi çəkisi artır, gənclərin böyük şəhərlərə və xarici ölkələrə miqrasiyası güclənir. Bu proses davam edərsə, onun təsiri təkcə sosial sahədə deyil, iqtisadi inkişafda da hiss olunacaq.

Əmək qabiliyyətli əhalinin azalması istehsalın və məhsuldarlığın aşağı düşməsi, pensiya və sosial müdafiə sisteminə düşən yükün artması, səhiyyə xidmətlərinə tələbatın yüksəlməsi ilə nəticələnə bilər. Buna görə də bir çox ölkələr demoqrafik siyasəti artıq yalnız sosial məsələ kimi deyil, milli inkişaf və təhlükəsizlik strategiyasının mühüm istiqaməti kimi qiymətləndirirlər.

***

Bu gün Azərbaycan üçün də əsas məqsəd sadəcə doğum statistikasını yüksəltmək olmamalıdır. Daha vacibi gənclərin gələcəyə inamını artırmaq, ailə qurmaq və uşaq böyütmək üçün əlverişli sosial-iqtisadi mühit yaratmaqdır. Mənzil əlçatanlığı, sabit məşğulluq, keyfiyyətli səhiyyə, məktəbəqədər təhsil müəssisələrinin inkişafı və ailələrin sosial müdafiəsinin gücləndirilməsi bu istiqamətdə atıla biləcək ən mühüm addımlardandır.

Demoqrafiya bugünün deyil, gələcəyin elmidir. Bu gün doğulmayan hər bir uşaq 20-30 ildən sonra əmək bazarında görünməyəcək bir müəllim, həkim, mühəndis, alim və ya sahibkar deməkdir. Elə buna görə də demoqrafik siyasətin nəticələri dərhal deyil, illər sonra özünü göstərir.

Ümumdünya Əhali Günü hər il bizə bir həqiqəti xatırladır: dövlətlərin ən böyük sərvəti onların insan kapitalıdır. Təbii ehtiyatlar tükənə, iqtisadi modellər dəyişə bilər. Ancaq sağlam, savadlı, yaradıcı və gələcəyinə inanan insanlar hər bir ölkənin inkişafının əsas dayağı olaraq qalmaqdadır. Azərbaycanın demoqrafik gələcəyini müəyyən edəcək əsas məsələ də məhz ailələrin öz gələcəyinə inamını qorumaq və bu gün doğulan hər bir uşağın sabahın güclü cəmiyyətinin təməli olduğunu unutmamaqdır.

# 84 dəfə oxunub

Oxşar xəbərlər

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
"Yaşamaq istəyirsənsə..." - Əli bəy Hüseynzadə Abbas Səhhəti niyə tənqid edirdi?

"Yaşamaq istəyirsənsə..." - Əli bəy Hüseynzadə Abbas Səhhəti niyə tənqid edirdi?

10:00 11 iyul 2026
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız – Sabir Əhmədli haqqında

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız – Sabir Əhmədli haqqında

18:33 10 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər