Burda dünyadan əl üzmüş biri var - Günün şeiri

Burda dünyadan əl üzmüş biri var - Günün şeiri
31 iyul 2023
# 16:40

Kulis.az "Günün şeiri" layihəsi çərçivəsində Kamal Hüseynzadənin "Darıxır" şeirini təqdim edir.

Yazdığın məktubu aldım, gözəlim,
Titrədi məktubunu tutmuş əlim.
Soruşursan: "Nə var o bağda gəlim?"
-Nə deyim? Şanısı var, ənciri var,
Bir də bu bağda saralmış biri var,
Darıxır.

Buranı görməmisən, pisləmə, gəl,
Görməmişlər kimi kin bəsləmə, gəl,
Öz bağın bil, qapıdan səsləmə, gəl,
Keç evə, qorxma, itin zənciri var.
Bir də zəncirləri qırmış biri var,
Darıxır.

Yellədir pərdəni yüngül gilavar,
Bacası azca əzilmiş samavar
Göndərir göy Xəzərə əyri buxar.
Divarın Xəzri tərəfdə kiri var.
Bir də burda ürəyi saf biri var,
Darıxır.

Gecə gəl, gör buranın mənzərəsin,
Xəzri çırpır qapısın, pəncərəsin,
Yapışıb bir yana dartır hərəsin,
Elə bil, meynələrin təqsiri var.
Bir də ondan daha çılğın biri var,
Darıxır.

Gəl, xitam ver bu bağın matəminə,
Yol da burdan gedir eşq aləminə.
Orda kimdir batan eşqin qəminə?!
Ora dünya qəminin təsiri var.
Burda dünyadan əl üzmüş biri var,
Darıxır.

# 3350 dəfə oxunub

Müəllifin son yazıları

# # #