Bir ömür adını səslədim sənin... - Günün şeiri

Bir ömür adını səslədim sənin... - Günün şeiri
16 may 2026
# 10:20

Bu gün şair, tərcüməçi Piruz Dilənçinin doğum günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Onsuz da dünyaya qərib gəlmişəm" şeirini təqdim edir.

Bir ömür yolunu gözlədim sənin,

Bu qədər yollara mən baxmamışdım.

Bir ömür adını səslədim sənin,

Hələ mən bu qədər darıxmamışdım.

Qoy qızılgül kimi solsun taleyim,

Qaradır, qara da qalsın taleyim,

Özümlə bərabər ölsün taleyim,

Hələ mən bu qədər darıxmamışdım.

Nə qədər fəlakət görüb gəlmişəm,

Zülmətin bağrını yarıb gəlmişəm,

Onsuz da dünyaya qərib gəlmişəm,

Hələ mən bu qədər darıxmamışdım.

Bircə söz yazmağa əlim gəlməyir,

Dərdimi, qəmimi kimsə bilməyir,

Bu dünya üzümə niyə gülməyir?!

Hələ mən bu qədər darıxmamışdım.

Ürəklər soyuyub, nədir bu dəhşət?!

Nədir bu fəlakət, nədir bu möhnət?!

Hanı mehribanlıq, hanı məhəbbət?!

Hələ mən bu qədər darıxmamışdım.

Gördüyüm insanlar bir-bir ölürlər,

Dünyaya başqa bir ruhla gəlirlər,

Güldüyüm adamlar mənə gülürlər!

Hələ mən bu qədər darıxmamışdım.

Bəxtində nə varsa, mütləq olandır,

Bu Yer kürəsini özün dolandır!,

Təzə düşünürəm dünya yalandır!

Hələ mən bu qədər darıxmamışdım.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər