Xilaskar?! - İslam Əlicanov

İslam Əlicanov

İslam Əlicanov

13 dekabr 2021
# 16:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Əlicanov İslamın “Xilaskar?!” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Həmişə olduğu kimi toplantı otağının önündə sakitlik hökm sürürdü. Bu passivliyi hələ pozacaq insan yox idi, ya da bu yerin üstünlüyü elə bunda idi. Böyük günlərdən biri idi, sonuncu buna bənzər hadisə illər öncə olmuşdu. İlk addımları atırdılar. Möhtəşəm toplantıdan sonra böyük işlər görülmüşdü, əsas 13 nəfərlik heyət böyük bir yola çıxmışdı. Sonu elə yerindəcə ola bilərdi, ya da əsrlər sonra. Lakin bu yolda artıq mübarizə başlamışdı...

İllər öncə...

- Beləliklə, bütün qərarlar, planlar, qanunlar, layihələr hər birinizə veriləcək. Siz bunların hamısını plana uyğun edəcəksiniz, heç nədən narahat olmayın. Biz planın ilk hissəsinə görə sıx iş görəcəyik. Bütün imkanlarımız bunu qarşılayacaq. Biz bu gün üçün, işləri görmək üçün, bütün hər şeyi bir qarışqanın yuvasına öz azuqələrini yığması, bir arının çiçəklərdən çox peşəkar şəkildə nektarı çəkməsi və hörümçəyin torları ilə əlaqələrini yer üzündə qurduğu kimi etdik, özü də çox detallı şəkildə. Önümüzə gələn kitablar, yazılar hər birisi bizə idealı yarada bilmərsiniz deyirdi. Amma mənim ordum, hər şey mümkündür, hər şey... Unutmayın, bu gün buradasınız, siz “ən”lərsiniz. Mənim adım Riçard və burada hər şeydən mən cavabdehəm. Bu, uzun və inamlı gedəcəyimiz yolda hər birimizə uğurlar arzulayıram.

Zalda heyrətlə bu çıxış izlənilirdi. Sonlandıqdan sonra böyük alqış sədası, səs-küy ətrafa yayıldı. Hər kəsə artıq planlar və görüləcək işlərin siyahısını Riçard paylayırdı. Paylandıqdan sonra Riçard yenidən öz yerini alıb adları oxumağa başladı. Və hər şeyin qaydasında olduğuna əmin oldu. Albinoslara bənzəyən Emanuel yerindən səsləndi:

- Usta, məncə, çox vaxt itirməyək, biz başlayaq.

- Bu sözü sizdən eşitmək artıq mənə uğurlu olacağımızın carçısı oldu - Riçard dedi - Gəlin uşaqlar, dəhlizin sonundan başlayacaq hər şey, dəhlizlərlə irəliləyəcək...

***

Artıq illər geridə qalmışdı, ciddi işlər və görüşlər təyin olunurdu. Riçard və dostları artıq çox şeyi bacarırdı. Artıq çox sınağı öz təcrübələrindən keçirmiş, illər sonra yenidən eyni otağa toplaşmışdılar.

Riçard fəxr hissi ilə danışmağa başladı:

- Xoş gördük, dostlar! Biz işin böyük hissəsini geridə qoymuşuq, biz bunu bacardıq! Dünyada görmək istədiyimiz işin demək olar ki, 51%-ni yerinə yetirdik. Artıq yerdə qalan 49%-i üzərində çalışmalıyıq. Yarı ehtimal səddini reallıqla aşmışıq, yarısını da bacaracağıq.

Zalda böyük alqışların ardı-arası kəsilmirdi. Otaq böyük idi, bu qədər böyük otağın niyə hazırlandığı çox maraqlı idi. Bu yerin ünvanı da hələ insanlara bəlli deyildi.

- Usta, biz bu işi başladığımız kimi bu qədər say ilə davam etdirə bilərik. Mənim fikrimcə biz yetərincəyik. Həm də biz ilk gündən burada idik, neçə ildir dostluq edirik və yenilərinin necə olacağını deyə bilmərik. Amma yenədə siz bilən məsləhətdir - Freyd yerindən dilləndi.

- Freyd, sən tamamilə doğru vurğuladın. Əhsən! Deyin görüm işlər necə gedir? - Riçard dilləndi.

Zaldan Mariç adlı xanım səsləndi:

- Biz artıq birinci mərhələni sona çatdırdıqda, nə edəcəyimizi bilirdik, sadəcə nəticənin pis olmasından qorxurduq. Və sınaqlara başlamalı idik. Monitorun önünə oturduqda, Mariya mənə dedi, "Mən bilirəm ki, kəşfim haqqında vurulan kodlar gələcək üçün inanılmaz işlərin əsasını qoyacaq".

Daha çox susmağı seçən Emanuel zərif gülüşlərlə mənzərəni izləyirdi. Mariç əlini ona tutdu və dedi:

- artıq bizim beynimiz davam etsin.

Emanuel sakit addımlarla səhnəyə qalxdı və hamını bir daha salamladı.

- Salam mənim gənclərim, salam mənim neyronlarım!

Riçard çox maraqla bu mənzərəni izləyib, Emanuelin nə danışdığını heç bilmədiyi əfsanə kimi dinləyirdi. Emanuel isə hər şeyi lap əvvəldən danışmağa məcbur qalmışdı. Çünki bu gün onların ən böyük günləri idi, bu, bir bayram idi.

- Deməli, mənim neyronlarım, çox qəribədir. Bizim fərqliliyimiz elə bundadır ki, bizdə kresloda oturub əmr vermək deyə bir məqam yoxdur. Siz hər biriniz bilirsiniz, neyronlarımdan yaranmısınız və bunu Riçard və mən etmişəm. Riçard genlərlə bağlı çoxlu işlər görmüş ustad, mən isə bu yollarda izimi qoymağa çalışan, bəşəriyyəti xilas etməyə çalışan sıradan tələbə idim, daha doğrusunu desək, bu arzu ilə yaşayan. Sizə bu, ilk vaxtlarda çox qəribə gəlmişdi. Amma bu, həqiqət idi. Biz və digər işçilər buna inanırdıq, implusları neyronlara göndərdikcə, hansı fikirlərin neyronların əlaqəsindən yarandığını müşahidə edirdik. Çox dəhşətli və çətin olsada biz buna illəri verdik, süni intellektin bütün imkanlarından istifadə edərək müxtəlif təcrübələr etdik. Əlqərəz, sizi ərsəyə gətirdik. Biz onlara göstərdik ki, daha sağlam toplum yetişdirməyə çalışırıq.

Zalda zarafatyana gülüş, möhtəşəmsən Emanuel sədaları yüksəldi. Bu zaman yerindən qalxan Fridrix danışmağa başladı:

- Mən adımın tarixini birazca araşdırdım. Çox qəribədir, görəsən, mənim fikirlərimi yenə də qəbul etməyəcəklər? Bunu bizim iş başlayana kimi düşündüm, sonra sınaqlar və yaradılmışların etdikləri mənə göstərdi ki, biz həqiqətən də bunu bacarırıq. Mənim keçmişim və mənim indiki halım vardı. Bir zamanlar zərdüşt elə deyirdisə, artıq mənim deməli vaxtım idi. Hamımızı təbrik edirəm, doğmalarım.

Emanuel zala üzünü tutdu:

- Albert, haradasan? Dostlar, siz heç bizdən öncəki Alberti tanımısınız? Hah-hah-ha. O, bizim əzizimizdir. Neyron Mariç neyron Albertə vurulmayacaq. Amma onlar yenə birlikdə çox işlər görəcəklər.

Marks ayağa qalxdı.

- Mən öz kitabımı yenidən yazıram. Artıq yeni dünyanın yeni kitabı olacaq. Kapital reinkarnasiyaya uğrayacaq! Qanunlarımız, ideyalarımız, gələcək planlarımız hamısı orada olacaq. Emanuel, ata, məni yenidən yaratdığın üçün sənə çox şey borcluyam.

Riçard dilləndi:

- Bonapart, sən nə demək istəyirsən?

- Artıq pişiklərdən qorxmayacam. Mən bəzi insanların məndən sonra mənə oxşamağı üçün, mən olması üçün, pişiklərdən qorxmaq istədiklərini eşitdikdə həqiqətən də məyus olmuşdum, – gülür.

Riçard səhnədə öz mövqeyindən yenidən davam etməyə başladı.

- Birinci mərhələ geridə qaldı. Darvin layihəmizi ilk olaraq insanlar üçün edək dedikdə, əslində təəccüblənmişdim. Axı niyə belə dediyini düşünürdüm. Amma o, mənə bunun çox gözəl izahını verdi. O, dedi insanlara özün nəzər sal, bu müharibələr, vəhşiliklər, uşaqlara, qadınlara zor tətbiqləri bunlar çox pisdir. Və belə davranışlar daha çox vəhşi heyvanlara aiddir. Əgər ən düşüncəli və güclü zəka insandadırsa, biz başlanğıcı buradan götürək. Bu zaman təkamül getməsin. Yeni dünyada olacaq canlıların hamısı bir neçə mərhələdə hər biri özündən təkamül etsin. Darvinin bu fikirləri həqiqətən mənim çox xoşuma gəlmişdi. Və biz artıq bütün dünya üzərindəki insanlara öz təsirimizi edirdik. Artıq onlar doğulan kimi mənşəyi məlum olmayan sadəcə yazılan alın yazıları ilə hərəkət etməyəcəkdi. Daha dəqiq desək, ağ yalanlarla ölməyəcəkdi. Artıq onlar paralel dünyadan, yeni dünyaya gəlmək üçün orada yaşamalı idilər. Onlar öz yollarını yaşadıqları müddətdə təyin edəcəkdilər. Əgər onların dilində desək, cəhənnəm və cənnət vardısa, bizim üçün yeni dünya və köhnə dünya vardı. Və biz ən irəli məqsədimizi vicdan və mərhəmət üzərində qoyacaqdıq. O dünyada əgər insanların dinlə bağlı fikirləri şeytanın oyunu idisə və həyatı boyu inanca uyğun yaşayıb son günlərdə inancını itirdikdə kafir olmaq mifləri ilə sürünərək, onlar cəhənnəmə getmək təhlükəsi ilə üz-üzə qalacaqdılarsa, bizdə mərhəmət hissi bu anda meydana gələcək. Bizdə xülyalar, tabular olmayacaq. Bizdə din olmayacaq, bizdə ideologiya olacaq. Bizim ideologiya insanlığı yaşadıb, yeni dünyanın bünövrəsi olacaq.

Yerdən biz möhtəşəmik sədalarının içindən Eyfel səhnəyə sakit addımlarla qalxdı.

Emanuel dedi:

- Qarşınızda bizim yeni dünyanın köhnə dünyada tayı bərabəri olmayan memarı. Orada Eyfel qülləsi bir daxma tikən mühəndisin ən böyük işi olacaqdısa, burada, bizim dünyada Eyfel qülləsi daxma səviyyəsində olmalıdır.

Eyfel davam edib, çox sakit və aramla danışmağa başladı.

- Mənim doğmalarım, artıq siz mənim layihələrimi bilirsiniz. Mən gələcək üçün daha ideal kitabxanalar, Tolstoyu, Dostoyevskini, Atatürkü, II Henri və Diana sevgisini və s. bütün sirləri və tarixi insanlara verəcək kitabxananı tikirəm. Mən əminəm ki, bizim dünyada bunun olmağı və bu qədər geniş olması, sultan II Mehmedin İstanbulu fəth etməsi kimi, bizdə də elmin fəthi olacaqdı. Köhnə dünyada insanlar heç nə axtarmırdılar, araşdırmırdılar, 5-10 kitab, məqalə oxuyub özlərini dahi, əvəzolunmaz kimi hiss edirdilər. Amma yox, burada belə olmayacaq. Buranın ən ecazkar tikilisi məscid, sinaqoq, qüllələr və ya ticarət mərkəzi olmayacaq. Bu, kitabxana olacaq. Bu kitabxananın adı isə hələki, təyin olunmayıb. Diqqətinizə görə təşəkkürlər.

Riçard sakitcə:

- Mənim eqoist genlərim… - bundan sonra həm özü, həm də zal uzun bir gülüşə qərq oldu.

Riçard zarafat edirəm deyib, davam etdi.

- Artıq daha eqoist gen formalaşır. Burada yazdığım əsər İncilin satılmasına yox, Marksın ensiklopediyasına insanların marağının artmasına kömək olmalıdır. Dostlar, artıq insanlar üzərində ilkin layihə tam bitib, sıra bitkilər və heyvanlarda. Səfərimiz Norveçədir. Qiyamət anbarını bizim gələcək addımımızı atdığımız anbar edəcəyik. Ora hamımızın bildiyi Qlobal Toxum Anbarıdır. Orada 4 milyondan çox toxum saxlanılır. Bu yolda bizə uğurlar...

***

Artıq yeni dünya anlayışı əyani olaraq formalaşırdı. Daha doğrusu, yeni dünya anlayışı üçün işlər tamamlanırdı. Əsas mərhələyə yaxınlaşırdıq. Riçardın dostu Emanuelin sərhədsiz xəyalgücünün məhsulu, neyronlarının möcüzələri olan heyətin də daxil olduğu komanda artıq köhnə dünyada üzə çıxmalı idi.

Yo-o-o-x, onlar çıxıb bizim belə bir layihəmiz var idi, buraya kimi gəldik, sizi sistemlərə quraşdırmışıq, toxum anbarına gizlicə girib oradan yeni yaşayış məskənləri üçün toxumlar götürdük, onların üzərində işlər görməliyik, indi isə sizə hər şeyi veririk, tanış olun deməyəcəkdi. Bunun üçün onların arasına getmirdilər. Onlar dünyanın müxtəlif yerlərinə vicdan, mərhəmət, cahillik və s. kimi eksperimentlərin əsasını qoymaq üçün gedirdilər. Ən böyük mərhələ başlayırdı. Müxtəlif ərazilərdə onlar insanlara yeni dünya üçün ilk seminarları keçəcəkdilər. Hər kəs bu görüşlərdən xəbərdar idi. Amma heç kim bu danışıqların yeni dünya anlayışı üçün olduğunu bilmirdi.

- Salam əzizlər. Hər birinizi bu Türk torpaqlarında gördüyüm üçün çox şadam. Və mən hər zaman istəmişəm ki, bütün xalqlar bir gün birləşib firəvan yaşasınlar.

- Salam dostlar, mənim rəngimdən çəkinməyin. Mən irqçiliyə son qoymağa çalışan bir insanam.

- Salamlar! Mən buradayam, siz buradasınız. Mən sizi öldürən deyiləm, nə də bu kameralardan çəkinməyin. Biz Allahu Əkbər deyib insan canını məhv edənlər deyilik.

Bu və bunun kimi görüşlər, iclaslar durmadan artıb geniş vüsət alırdı. Artıq bütün dünyada insanlar fərqli formalı seminarlarda toplaşırdılar.

Keçirilən seminarlarda insanlara görüşlərdə iki balaca kart təqdim olunurdu. Bunların biri sadəcə sadə yazılarda yazılan cənnət idi, digəri isə bəzəkli, üstündə brendlərin adı olan, müxtəlif vəzifələrin adı olan cəhənnəm yazılı kartlar idi. İnsanlara verilərək deyilirdi, bunlar sizin biletlərdir. Ən kiçik seçiminiz belə qeydə alınır. Günlərin bir günü siz bu biletlərlə səyahətə çıxacaqsınız. Siz bu biletlər ilə öz seçimlərinizi edəcəksiniz. Hansı seçimlər olduğunu zaman göstərəcək...

***

Yeni yaşayış məskənləri üçün seçimə çox az qalmışdı, artıq bu hissə ən maraqlı yerə gəlib çıxırdı. Bütün insanların məlumatı bir sistemə ötürülmüşdü və o gün, bu gün idi.

- Riçard, mən çox xoşbəxtəm, - Emanuel gözləri dolmuş şəkildə.

- Ah, Emanuel, mənim eqoist genim, hah-hah-hah.

- Lənət olsun, Riçard. Mənim neyronlarım nələr edə bilirmişlər.

Zarafatlar zarafat üstünə gəlirdi. Artıq tək bir toxunuş qalmışdı. Bütün ekranlar insan beyinlərini göstərirdi. Böyük zallardan birində ekranda milyardlarla beyin vardı.

Riçard deyir.

- Bu, əvəzolunmaz anı ilk dəfə olduğu üçün Darvinə verəcəm.

- Təşəkkürlər, - Darvin baş əyir.

Darvin asta addımlarla masaya yaxınlaşır. İllərdir çəkilən əziyyətin nəticələri öz bəhrəsini verməliydi. Artıq insanlar doğularkən onların gedəcəyi cənnət və ya cəhənnəmdən hansının alın yazısında olduğu sualı ilə üz-üzə deyildilər. Bu layihə başlanan gündən insanların seçimləri sistemdən asanlıqla analiz edilə bilərdi. Onların seçimlərindən tutmuş, fikirlərinə kimi hamısı bu sistemdə qeyd olunurdu. Bu sistem bir insanın bütün həyatında gedişatlarını göz önünə gətirirdi. Hamısını təhlil edirdi. Dünyanın ideyalarının dəyişdiyi andı. Bu, bir seçim mərhələsi idi. Amma hər kəs yaşayanda öz seçimlərini etmişdi. Verilən kartlar insanlara ikinci dəfə bunun nə olduğunu düşünmək üçün verilmişdi. Kartın verildiyi kiçik bağlamalarda içində onlar üçün məlumatlar, mətnlər olan mikrokartlar da var idi. Və hər şey onlardan asılı idi. İnsanlara ikinci dəfə cəhalətdən uzaq olmaq üçün verilmişdi. Hələ də özlərini və dünyanı dəyişməyin mümkün olacağını bildirmək üçün verilmişdi. Diqqətcil, düşünən insanlar təbii ki, olacaqdı. Hər şey bu gün bəlli olmaq üzrəydi. Emanuelin istəyinə görə bu günə kimi heçnəyə, nəticələrə, insanların seçimlərinə baxılmamışdı.

- 3, 2, 1… Düyməni sıxıram…

Ekranda böyük hesablamalar getməyə başladı. Bəşəriyyət öz gələcəyini özü təyin etmişdi. Çox maraqlı nəticələr ekranda görüntülənirdi. Nəticələrdə görünürdü ki, insanlar fikirqarışdıran bəzəkli kartın üzərində yazılan cəhənnəm sözünü görməmişdilər. Onlar görmək istədiklərini görmüşdülər. Hətta cəhənnəm sözünü oxuyan mənfi təbiətli insanlar belə bu bəzəklərin həqiqətən olacağına inanmışdı. Xeyr, buna təkcə kart səbəb deyildi. İnsanların bütün davranışları, seçimləri də ekranda idi. Xeyli insan artıq yeni dünyada idi. Və seçilmişlərin artıq siyahısı olaraq, xüsusi aparatdan çıxan sənədlər qutulara yığılırdı. Digər insanlar isə hərəkətlərinə görə yanmayacaqdı. Burada artıq mərhəmət önə keçəcəkdi. Və onlara yenidən yaşayış şansı verilirdi. Bu seçim artıq daha tez-tez baş verəcəkdi. Milyardlarla insan yenidən nəzarətə alınacaqdı. Hər şey daha ciddi şəkildə nəzarət altında olmalıydı. Artıq görüşlər daha dərin nitqlərlə dolub daşacaqdı, bütün insanlar yeni dünyaya aparılana kimi...

***

Emanuel gözləri dolmuş halda zala daxil olur. O, böyük bir işi yerinə yetirmişdi. Arzuladığı insanlıq, yaxşılıq, sadəlik, brend epidemiyasından uzaq, ən təmiz xislətli insanları yeni dünyaya gətirmiş, böyük bir layihəni idarə edirdi. Bu zal dediyimiz həmin böyük zal idi, 13 nəfər üçün dəfələrlə böyük sayılırdı. Bizə artıq bəlli olur ki, bu zal nə üçün idi.

- Mənim xalqım, mənim neyronlarımın işinin bəhrəsi və ən layiqli insanlar. Hər birinizi təbrik edirəm, sizlər seçildiniz. Sizlər ən yaxşı və layiq olduğunuz yerdəsiniz. Və siz bəzi yaxınlarınızın burada olmamağı üçün üzülməyin. Onlar yenidən seçim önündədilər.

- Hansı seçim?

- Bəli, siz bizim sizə gizli müdaxiləmizə kimi olan işlərin heç birindən xəbərdar deyildiniz. Siz sadəcə bunu bilirdiniz ki, sizin biletləriniz var, hə, bir də sizin bütün davranışlarınızın qeyd olunmasını. Sizin internet şəbəkələrində etdiyiniz xırda detallar belə bizim psixoloqlar və texnologiyalar tərəfindən dəyərləndirilirdi. Biz bu işə illərimizi həsr etdik. Bizim, bəlkə də, çox qısa bir zamanımız qalıb, amma sizin çoxunuz hələ uzun illər rahat yaşaya bilərsiniz. Biz sizə müdaxilə etdikdən sonra sizin bütün etdikləriniz bizim sistemə yazıldı və siz özünüz öz seçimləriniz ilə xəyalınızdakı cənnəti, yəni, bu, yeni dünyanı seçdiniz. Hər birinizi yeni dünyamızda xoş gördük. Bu, bəşəriyyətin gələcəyidir. Sizin işiniz, eviniz, hər şeyiniz olacaq. Bir azdan siz şəhərə çıxacaqsınız, rahat yaşaya biləcəksiniz. Bura sizin istədiyiniz yer olacaq.

İnsanlar böyük binadan çıxıb ətrafa baxır. İnanılmazdır. Sanki möcüzələr diyarında idilər. Hər şey incə detalına kimi işlənib hazırlanmışdı. Artıq hər kəs öz evinin açarlarını almışdı. Və 13 dost isə öz ofislərinə qayıdıb işlərini davam etdirməli idilər. Artıq onlar dünyanı idarə edən enerji adlanan məhvumu gerçək etmişdilər. Onlar hələ də yer kürəsini izləyəcəkdilər. Bütün insanları səhvlərindən sonra bağışlayıb şans verəcəkdilər. Hər birinə yeni dünya imkanı verilməli idi. Hər birinə cənnət şansı verilirdi. Onlar günahlarının ağırlığına görə yanıb, dəriləri yenisi ilə əvəz olunduqdan sonra yenidən yanıb səhvlərinin cəzasını almaq hissi ilə çürüməyəcəkdi. Onlar bu ağrıya məhkum olmayacaqdılar. Və ya sadəcə bu fikrin sonda ola biləcəyi ehtimalı ilə yaşamayacaqdılar. Onlar mərhəmət görəcəkdilər, vicdan sahibi olacaqdılar, onların xislətində dəyişikliklər tam bitəndən sonra yeni dünyada olacaqdılar.

Yeni yaşayış məskəni isə möhtəşəmliyi ilə gözləri qamaşdırırdı. Yer kürəsində isə bu hadisənin, insanların bir gecədə azalmasının nə olduğunu ilk vaxtlarda heç kəs dərk etmirdi. Bəziləri bunu müxtəlif terror qrupları ilə əlaqləndirirdi, amma nə cəsəd var idi, nə də bir iz...

***

50 il keçdikdən sonra artıq yer üzündə heç kim qalmamışdı, böyük boşluq yaranmışdı, yeni dünyada nə Riçard, nə də Emanuel artıq yaşayırdı. Artıq bütün yaşayış məskənlərinin əhalisi yeni dünyada idi. Heç kəs gözəllik üçün qorxu ilə yaşamırdı, hər kəs gözəlliklə yaşayırdı. Emanuel və Riçardın adları isə yeni yaşayış məskənlərinə uçmuş ilk insanlar olaraq, möhtəşəm kitabxananın girişinə qeyd olunmuşdu. Bütün bunlar gənc Emanuelin ideyaları əsasında mümkün olmuşdu. Bacarmazsan sözünə inad, o, bacarmışdı. İnsanlıq sözünün əsl mənasını artıq sübüt etmişdi. Onun neyronları xilaskar olmuşdu. Onun neyronları insanları cənnət və cəhənnəm ideyalarına görə yanmaq hissindən xilas etmişdi. Bu neyronlar insanları cəhalətdən, vəhşilikdən xilas etmişdi. Yəqin ki, neyronlar tarixə öz izlərini hələ çox salacaqdı. Onlar böyük partlayışın yeni mərhələsini göz önünə sərmişdilər. İnsanlar isə illər sonra bunu sadəcə alqışlamışdılar, ilk vaxtlarda onlara qoşulan kiçik detal ilə izlənilmələrini, məlumatlarının başqaları tərəfindən analiz edilməsini xoş qarşılamasalar belə. İlk vaxtlarda kiçik rahatlıqlar, görülən gündəlik işlər üçün olsa da, sonradan ideya daha da böyüyüb, daha da sərhədsiz olmuşdu və kiçik rahatlıqlar, əbədi rifaha gətirib çıxarmışdı.

***

Emanuel və Riçardın vəfatından sonra hələ də öz işlərini davam etdirən 11 qəhrəman varlıq Emanuelin neyronlarının məhsulu idi, bunu artıq bilirsiniz. Onlar bizim kimi ətdən və sümükdən yox, sadəcə dəmir parçasından idi. Bioloji cəhətdən insanla eyni olan tək şeyləri adlandırmalar idi, neyronlar da əsasdır yəqinki... Bu, bəşəriyyətin şahid olduğu ən böyük kəşf idi. Zəkalı, düşünən, qərar verə bilən robotlar... Bu dəmir parçaları ətdən olan, qəlbi olan, doğulandan beyni olan insanlara əsl insanlıq dərsi keçmişdi…

# 2344 dəfə oxunub

Müəllifin son yazıları

# # #