Top - Mənsur Həsənzadə

Mənsur Həsənzadə

Mənsur Həsənzadə

6 dekabr 2021
# 18:01

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Mənsur Həsənzadənin “Top” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Səməd bir siqaret yandırıb doqqaza çıxdı. Köhnə kötüyün üstündə oturub qoltuq əsasını sazlamağa başladı. Qazi idi, müharibədə top komandiri olmuşdu, döyüşdə sağ ayağını itirmişdi. Balaca oğlu Akif də yanında idi. Gah atasının Ağdamdan cibində gətirdiyi balaca rezin topla oynayır, gah da gəlib əsaya sığal çəkirdi. Arada da atasınıdan Qarabağda necə döyüşdüyünü danışmağını istəyirdi. Səməd də oğlunun gözlərinə baxıb gülümsəyirdi - MÜHARİBƏ BİTDİ, BALASI.

Yeni qonşu CİP maşını ilə həyətdən çıxdı. Prokuror idi. Maşından düşüb gəvəzə bir tərz alaraq, aralıdan maşının sağına, soluna keçib süzməyə başladı.

Balaca Akif topu havaya atdı. Top maşının şüşəsinə toxundu. Prokurorun üzü zəhrimara döndü. Üzünü Səmədə tutub bağırdı:

- KÜÇÜYÜNÜ QIÇINA BAĞLA!

Səməd ixtiyarsız sol ayağına baxdı, sonra balaca Akifin gözlərinə baxıb gülümsədi:

- MÜHARİBƏ BİTMƏYİB, BALASI!

# 5636 dəfə oxunub

Müəllifin son yazıları

# # #