Qorxmaz gizir - Gülay Əsgərli

Qorxmaz gizir - Gülay Əsgərli
11 dekabr 2021
# 11:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Gülay Əsgərlinin “Qorxmaz gizir” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

- Bu gün şəhid Nağıyev Elfaq Azad oğlunun dəfn mərasimi keçirilib. Atası Azad Nağıyev onun son arzusunu yerinə yetirib. Bir neçə il bundan əvvəl Elfaq demişdi: “ Kaş mənim də cənazəmin üstündə atam deyə, Vətən sağ olsun...” Atası oğlunun Hadruta sancdığı üçrəngli bayrağı öpərək qürurla deyib: “Vətən sağ olsun!”

...Uşaqlıqdan bəri ən böyük arzusu vətən torpağını düşmən tapdağından azad etmək olan Elfaq məktəb illərində ən çox tarix fənninə maraq göstərirdi. Ermənilərin törətdiyi dəhşətli əməlləri öyrəndikcə düşmənə olan nifrəti daha da artırdı. Qarabağ 30 il idi ki, həsrətdən alovlanıb yanırdı. 30 il idi ki, bir dəfə günəş çıxmamışdı. Elə hey, göyü qara buludlar əsir alır, sonra da yağış yağırdı. Yağan yağış bircə dəfə olsun, gül bitirə bilməmişdi. Nə zaman parlayacaqdı o günəş, açacaqdı o gül? O zaman ki, Qarabağ dönüb yenidən Vətən olacaq. O zaman ki, torpağına dəyən doğma tapdağın hərarətindən ulu babaların ruhu şadlanacaq. Elfaq bu arzu ilə yaşayırdı. Nə olursa olsun, böyüyəndə hərbiçi olub, vətənin qulluğunda duracaqdı.

O böyüdü. Özü il birgə arzuları da böyüdü. Vətənə olan sevgisi ona bu yoldan geri dönməyə icazə vermədi. Tezliklə, hərbi hissədə gizir kimi işə başladı. Torpaqların qisası alınmalı idi. Bir gün mütləq o bunu edəcəkdi.

2020-ci il gəldi. Gəldi, gəlişi ilə biraz qəm, biraz qüssə gətirdi. Amma hər nə oldusa, təsadüfdən yox, zərurətdən oldu. Ermənilər tez-tez atəşkəsi pozurdular. Cəbhədə vəziyyət gərgin idi. Elfaq daha dözə bilməzdi. Artıq müharibənin başlayacağı ilk gün – 27 sentyabrda müharibə zonasında idi. İlk günlərdən əsgər yoldaşlarının və komandirin sevgisini qazana bilmişdi. Həmişə ön sırada gedən Elfaq qəhrəmanlığı ilə “Qorxmaz gizir” ləqəbini qazanmışdı.

Elfaq 3 ay əvvəl nişanlanmışdı. Gözü yollarda qalan sevgilisi hər gün Elfaq üçün dualar edirdi. Bir gün ona zəng edib dedi:

- Elfaq, qayıdıb gələrsən, toyumuzu edərik.

Elfaq isə cavabında:

- Yox, sevgilim, söz verə bilmərəm. Səni sevirəm. Amma Vətəni daha çox sevirəm.

Nişanlısı göz yaşlarını tuta bilmədi. Hönkürərək:

- Təki sən sağ-salamat qayıt, gəl. Mən də səni sevirəm.

Elfaq nəsə yadına düşmüş kimi əlavə etdi:

- Bizim o tikintisi yarımçıq qalan evdən bir böyük bayraq asarsız. Qoy gəlib-gedən onu görüb daha da qürurlansın. Biz zəfər çalacağıq. Təki siz qələbəyə olan inamınızı əsirgəməyin. Anamı mənim əvəzimdən öpərsən. Evdəkilərə salam de. – bunu deyib telefonu söndürdü.

Qorxmaz gizir cəsarətlə zəfərə doğru addımlayırdı. Oktyabrın dördündə Cəbrayılın azad olunmasında xüsusi xidmətləri olan Elfaq, həm də Hadruta bayraq sancaraq dillərə dastan olmuş qəhrəman idi.

Əvvəl heç ayaq basmadığı torpaqlar olsa da, hər addımında ulu babalarının nəfəsi duyulurdu. Bir parça torpaq insana bu qədərmi doğma olar? Basdığı hər addımda qəlbi daha bərk döyünür, vətən eşqi coşub-qaynayırdı.

Ayın 17-də Füzulinin azad olunması münasibətilə hər kəs bir-birini təbrik edirdi. Elfaq isə hələ işini qurtarmamışdı. Hələ neçə doğma qəbir onu gözləyirdi. O dedi:

- Dostlar, hələ sevinə bilmərik. Çünki əsirlikdə inləyərək yolumuzu gözləyən Şuşamız, Laçınımız, Kəlbəcərimiz var. Onları bir-birindən ayırmaq olmaz. Hazırlaşın, gedirik Xocavəndin intizarına son qoymağa.

Hər kəs böyük ruh yüksəkliyi ilə yola düşdü. Bir neçə gün yüksəklikləri azad etmək üçün gərgin döyüş getdi.

Oktyabrın 21-i idi. Bu gecə Elfaq qəribə yuxu görmüşdü. Görürdü ki, hər yer qaranlıqdır. Sevgilisi, anası, atası, əsgər yoldaşları, bir sözlə onu tanıyan hər kəs Elfaq deyə çağırır. Elfaq isə heç kəsə cavab vermədən irəli doğru addımlayır. Birdən ağ işıq görünür və o, addımlamağa davam edir. Bir qədər sonra Elfaq işıqla birlikdə yox olur. Yuxusu onu çox narahat edirdi. Ölümdən qorxmurdu. Amma əvvəlcə Qarabağı tam azad etmək lazım idi. Bu düşüncə ilə irəli atılaraq düşmənin çoxlu sayda qüvvəsini məhv etdi. Arzularının çiçəkləməsinə çox az qalmışdı. Təki düşmənin əlinə düşməyəydi. Düşmən isə çoxdan onu gözaltı etmişdi. Elfaqın qəhrəmanlığı, Vətənə bağlılığı onları heyrətə gətirmişdi. Odur ki, düşmənin əsas planı tezliklə bu maneəni aradan qaldırmaq idi.

Həmin gün gecə gördüyü yuxu Elfaqa ağır yük olmuşdu. Buna rəğmən ayaqda durmağa çalışır, döyüşü davam etdirirdi. Birdən arxadan kiminsə gəldiyini hiss etdi. Geri dönmək istəyirdi ki, belindən snayperlə vuruldu. Hiss edirdi ki, nəfəsi kəsilir. Gözünü çətinliklə qaldırıb göy üzünə baxdı. Günəşin parladığını gördü. Ömrünün son anlarında Allah ona uşaqlıq arzusunun gerçəkləşməsini nəsib etmişdi. Günəşin işığı onu özünə çəkdi. Elfaq gözünü yumaraq zirvələrə qalxdı.

Düşmənlər onun öldüyünü düşündü. Amma Elfaq ölmədi. O, şəhid oldu. Rəşadətlə yaşadığı ömürdən sonra insanlığın zirvəsinə ucaldı. Elfaq xalqının qəlbində əbədi məskən salaraq ölümsüzlüyə qovuşdu.

23.08.2021

# 3439 dəfə oxunub

Müəllifin son yazıları

# # #