Qırıq güzgü - Güneyli yazıçımızdan hekayə

Sadiq Hidayət, yazıçı

Sadiq Hidayət, yazıçı

28 iyul 2022
# 15:00

Kulis.az Güneyli yazıçı Sadiq Hidayətin "Qırıq güzgü" hekayəsini təqdim edir.

Bir cüt səma rəngində süzgün gözü, bir hissəsi həmişə yanağına tökülən sarı saçları ilə Odetta yazın əvvəlində açılan güllər kimi təzə-tər idi. Solğun rəngli zərif sifətli bu qız saatlarla otağının pəncərəsi önündə yanakı oturardı. Ayağını ayağının üstünə atıb roman oxuyar, corabını yamayar, ya da tikiş tikərdi. Xüsusilə, skripkada "Qrizri" valsını ifa edəndə ürəyim yerindən oynardı.

Otağımın pəncərəsi Odettanınkı ilə üzbəüz idi, dəqiqələrlə, saatlarla, bazar günləri, bəlkə də, bütün gün pəncərə arxasından ona baxardım, xüsusən də, gecələr corabını çıxarıb yatmağa gedəndə!

Beləliklə, aramızda sirli bir bağlılıq yarandı. Onu bir gün görməyəndə nəsə əskikmiş kimi hiss edərdim. Bəzən elə vaxt olurdu ki, uzun-uzadı ona baxardım, o da durub pəncərəsinin jalüzünü bağlayardı. İki həftə idi ki, hər gün bir-birimizi görürdük. Amma Odettanın baxışları soyuq və etinasız idi. Nə bir təbəssümünə şahid olurdum, nə də mənə qarşı meylinə.

Onunla üz-üzə gəldiyim ilk gün səhər çağı qəlyanaltı etməyə küçəmizin başındakı kafeyə getmişdim. Oradan çıxanda Odettanı gördüm. Əlində skripka çantası metroya tərəf gedirdi. Mən salam verdim, o gülümsədi. Daha sonra çantasını daşımağa kömək etmək üçün icazə istədim. Cavabında başını sallayıb "mersi" dedi. O bircə kəlmə ilə tanışlığımız başladı.

O gündən sonra nə vaxt otaqlarımızın pəncərəsini açsaq, uzaqdan əl hərəkətləri və işarələrlə bir-birimizlə danışardıq. Sonda isə aşağı düşüb Lüksemburq bağında görüşər, sonra kinoya, teatra və ya kafeyə gedər, ya da başqa formada bir neçə saat vaxt keçirərdik. Odetta evdə tək olurdu. Valideynləri səfərə çıxmışdılar, o isə işinə görə Parisdə qalmışdı.

O çox az danışan idi, amma uşaq xasiyyəti vardı. İnadkar və dikbaş idi. Bəzən məni özümdən çıxarardı. İki ay idi ki, dostlaşmışdıq. Bir gün qərara gəldik ki, Nuyi bazarındakı Cümə əyləncələrinə tamaşa etməyə gedək. O gecə Odetta göy rəngli paltarını geyinmişdi və həmişəkindən daha şux görünürdü. Restorandan çıxıb metroya mindik. Odetta yol boyunca mənə öz həyatından danışdı. Lunaparkın qabağında metrodan düşdük.

Orada böyük bir izdiham var idi. Küçənin hər iki tərəfində vaxt öldürmək, əylənmək üçün ləvazimatlar düzülmüşdü. Bəzi adamlar kəndirbazlıqla məşğul olurdular. Atıcılıq, bəxt sınama, şirniyyatçı, sirk, bir ox ətrafında dövr edən kiçik elektrikli avtomobillər, öz ətrafında fırlanan şarlar, karusellər və cürbəcür oyunlar var idi. Qızların qışqırıqları, söhbətlər, gülüşmələr, motorların səs-küyü və müxtəlif musiqi sədaları bir-birinə qarışmışdı.

Zirehli vaqona minmək qərarına gəldik. O öz ətrafında fırlanan, fırlandıqca üstünə parça örtük çəkilən və yaşıl qurd şəklini alan mütəhərrik bir oturacaq idi. Minmək istəyəndə Odetta əlcəyini və çantasını mənə verdi ki, sarsıntı və hərəkət əsnasında əlindən düşməsin. Bir-birimizə sıxılıb yan-yana oturduq. Vaqon tərpəndi, yaşıl örtük yavaş-yavaş yuxarı qalxdı və beş dəqiqə ərzində bizi izləyənlərin gözünün önündən itirdi. Vaqonun örtüyü qalxdıqdan sonra hələ də dodaqlarımız bir-birinə yapışmışdı. Mən Odettanı öpürdüm, o müqavimət göstərmirdi. Sonra vaqondan düşdük. Yolda mənə danışırdı ki, bununla üçüncü dəfədir, bazardakı Cümə şənliklərinə gəlir. Çünki anası ona qadağa qoymuşdu. Bir neçə başqa yerə də tamaşaya getdik.

Nəhayət, gecəyarısı yorğun və heydən düşmüş halda geri qayıtdıq. Amma Odetta buradan ayrıla bilmirdi. Hər oyun, ya da tamaşa görəndə ayaq saxlayırdı, mən də məcburən dayanmalı olurdum. İki-üç dəfə qolundan çəkdim, o da istər-istəməz mənimlə gəldi. Axırda bir ülgüc satanın qarşısında dayandı. Bu adam uzun-uzadı danışır, ülgüclərinin yaxşılığını əyani göstərir, ətrafdakıları satın almağa dəvət edirdi. Bu dəfə özümdən çıxdım, onun qolunu sərt şəkildə dartıb dedim:

– Bu ki qadınlara aid bir şey deyil axı.

Amma o qolunu çəkib dedi:

– Bunu özüm də bilirəm. Sadəcə baxmaq istəyirəm.

Mən də cavab vermədən metroya tərəf getdim. Evə qayıdanda küçə boş, Odettanın evinin pəncərəsi bağlı idi. Otağıma daxil olub işığı yandırdım, pəncərəni açdım, yuxum gəlmədiyi üçün bir az kitab oxudum. Gecə saat bir idi, getdim ki, pəncərəni bağlayıb yatım. Gördüm, Odetta gəlib otağının pəncərəsinin altında qaz lampasının yanında dayanıb. Mən onun bu hərəkətindən təəccübləndim, hirslə pəncərəni bağladım. Gəlib paltarımı soyunmaq istəyəndə yadıma düşdü ki, Odettanın muncuq işləməli çantası və əlcəkləri cibimdədir, pulunun və evinin açarının çantada olduğunu bilirdim. Onları bir-birinə bağlayıb pəncərədən aşağı atdım.

Üç həftə keçdi, bu müddət ərzində ona etinasız davrandım. Onun otağının pəncərəsi açılanda mən pəncərəmi bağlayırdım. Bu sırada Londona səfər məsələm ortaya çıxdı. İngiltərəyə getməzdən bir gün qabaq küçənin tinində Odettaya rast gəldim, əlində skripka çantası metroya tərəf gedirdi. Salamlaşıb hal-əhval tutduqdan sonra Londona gedəcəyimi ona dedim və ogecəki davranışıma görə üzrxahlıq etdim. Odetta soyuqqanlılıqla muncuq işləməli çantasını açıb ortasından qırılmış kiçik güzgünü mənə uzadaraq dedi:

– Çantamı pəncərədən atanda belə oldu. Bilirsən, bu bədbəxtlik gətirər.

Mənsə cavabında gülümsədim və onu xurafatçı adlandırdım. Söz verdim ki, getməzdən əvvəl onunla görüşərəm. Amma, təəssüf ki, bu, mümkün olmadı.

Təxminən bir ay idi ki, Londonda idim, Odettadan mənə belə bir məktub gəldi:

"Paris. 21 sentyabr 1930

"Cəmşid can!

Bilirsən, nə qədər tənhayam, bu tənhalıq mənə əzab verir. İstəyirəm, bu gecə səninlə bir neçə kəlmə kəsim. Sənə hər məktub yazanda elə bil səninlə söhbət edirəm. Məktubda "sən" deyə müraciət etdiyim üçün məni bağışla. Ah, bir bilsən, ürəyim necə ağrıyır!
Günlər necə də uzundur – saatın əqrəbləri o qədər yavaş və süst hərəkət edir ki, nə edəcəyimi bilmirəm. Sənə də mi zaman bu qədər uzun gəlir? Bəlkə də, orada başqa bir qızla tanış olmusan. Hərçənd mən əminəm ki, Parisdə olduğu kimi başın həmişə kitabların arasındadır. Hər zaman gözümün qabağında olduğun həmin kiçik otaqda indi çinli bir tələbə qalır. Mənim sevdiyim adam orada yoxdur. Mahnının nəqəratında deyildiyi kimi:

"Özgə diyarlara uçan
Quşlar bir də qayıtmırlar".

Dünən Helenlə Lüksemburq bağında gəzirdik. O daş skamyanın yanına çatanda orada oturduğumuz həmin gün yadıma düşdü. Öz ölkəndən söhbət edirdin. Nə qədər vədlər verirdin mənə, mən də bütün vədlərinə inanırdım. İndi lağlağı obyektinə çevrilmişəm, dostlarımın məsxərəsi olmuşam, adım dillərdən düşmür! Mən həmişə sənin şərəfinə "Qrizri" valsını ifa edirəm. Vinsen meşəsində çəkdirdiyimiz şəkil masamın üstündədir.

Şəklinə hər baxanda ürəyimi bir istilik bürüyür: öz-özümə deyirəm: "Yoox, bu şəkil məni aldadır!" Təəssüflər olsun! Bilmirəm, sən də inanırsan, ya yox, amma güzgümün – sənin mənə verdiyin güzgünün qırıldığı gecədən bəri ürəyim narahatdır, hiss edirəm ki, nəsə olacaq. Görüşdüyümüz sonuncu gün sən İngiltərəyə gedəcəyini deyəndə ürəyimə damdı ki, sən çox uzaqlara gedirsən və biz bir də görüşməyəcəyik – qorxduğum başıma gəldi.

Madam Bourella niyə bu qədər qəmgin olduğumu soruşdu. Məni Bretaniyə aparmaq istəyirdi. Amma mən onunla getmədim. Bilirdim ki, ürəyim daha çox sıxılacaq.

Nə isə, keçək bunları. Olan oldu, keçən keçdi. Məni bağışla. Əgər səni üzdümsə, ümid edirəm, unudarsan. Cimi, məktublarımı cırıb atacaqsan, hə?
Bir bilsən, bu dəqiqə necə darıxıram. Hər şeydən bezmişəm, gündəlik işlərimdən də usanmışam. Amma əvvəl belə deyildi. Bilirsən, çox adamı nigaran qoysam da, daha tərəddüd edə bilmərəm. Onların dərdləri mənimkinin ayağının tozuna belə çatmaz. Artıq qərarımı vermişəm, bazar günü Parisi tərk edəcəyəm. Saat 06:35 qatarına bilet almışam, sənin ötüb keçdiyin axırıncı şəhərə – Kaleyə gedirəm. Orada dənizin mavi suyunu seyr edəcəyəm, bu su bütün bədbəxtlikləri yuyub aparır. Hər an rəngi dəyişir. Qəmli və füsunkar zümzüməsi ilə qumlu sahilə baş çəkib köpüklənir. Bu köpüklər qumları yalayıb geri çəkilir. Dərhal sonra dənizin dalğaları mənim fikirlərimi də ağuşuna alıb aparacaq. Ölüm kimə baxıb gülümsəyirsə, həmin təbəssümlə onu öz yanına çəkir. Bəlkə, deyəcəksən, o belə iş görmür. Amma görərsən ki, mən yalan danışmıram.

Uzaqdan öpürəm səni.

Odetta Lazur"

Odettaya iki cavab məktubu yazdım, amma biri cavabsız qaldı, o biri isə geri qayıtdı. Üstündə belə bir möhür var idi: "Göndərənə qaytarılsın".
Növbəti il Parisə qayıdanda hər şeydən qabaq köhnə mənzilimin yerləşdiyi Sen-Jak küçəsinə getdim. Otağımda bir çinli tələbə Qrizri valsını ifa edirdi. Amma Odettanın otağının pəncərəsi bağlı idi, qapısından isə üstündə "Kirayə ev" yazılan bir kağız asılmışdı.

Tərcümə edən: AZƏR ƏRZİ

# 2277 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #