Missiya - Günəş Mərdiyeva

Günəş Mərdiyeva

Günəş Mərdiyeva

13 dekabr 2021
# 17:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Günəş Mərdiyevanın “Missiya” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Yer üzündə hər şeyin mütləq ki bir missiya olur. Mən bunu uşaq olanda təxminən 10 yaşımda cizgi filmlərdən birində eşitmiş, mənasını da anlamamışdım. Kimdənsə soruşmağı da düzü uşaq qüruruma sığışdırmamışdım. O gündən qarşıma məqsəd qoymuşdum, bunu dərk edib ətrafımdakı hər kəsin missiyasından xəbərdar olmalı idim.

Təqvimin dəyişən günlərində mən də yavaş-yavaş böyüyürdüm. Uşaqlıq illərimin heç bir ayının sonunu sevmirdim. Nədənsə anamla atamın hər ayın sonu münasibətləri pisləşirdi. Mən uşaq ağlımla bunun səbəbini axtarırdım. Hər ayın sonu saçı ağ, beli bükük, üzünü qırışların xalça naxışları kimi sıx bənzədiyi, acıqlı kirayədarı evimizin qapısı önündə görəndə özümə bu sualı verirdim: "Görəsən, onun missiyası nədir? Yeni evimizə köçənə yaxın günlərdə mən bu suala cavab tapdım. O qadın evimizdəki mübahisənin alovlanmasında qığılcım missiyasını yerinə yetirib. Özü bundan xoşnut olubmu, bax bunu dəqiq deyə bilmirəm... Kirayə qaldığımız ev yağışlı günlərin səhəri bir başqa olurdu. Elə bil belə səhərlərdə kimsə bizi oyatmaq üçün üzümüzə tavandan su çiləyirdi. Nənəm bizə tez-tez suyun həyat mənbəyi olduğunu xatırladırdı. Mən o vaxt bunu tam anlaya bilməsəm də bilirdim ki, o haqlıdır. Amma başa düşə bilmirdim həyatın mənbəyi olan bu sudan nəyə görə bizdən başqa hər kəs imtina edib? Nəyə görə bizdən başqa qonşuluqda heç kimin tavanında bu suyun içəri keçməsini tənzimlənməyəcək dəliklər yoxdur?! Bilmirdim...

Dedim axı mən böyüdükcə həyatımdakı hər kəsin missiyasını öyrənməyə cəhd edirdim. Bu yolda başlanğıc nöqtəm də öz ailəm oldu. Bir gün atamın missiyası üzərində ciddi-ciddi düşünməyə başladım. O qədər düşündüm ki, işin içindən çıxa bilmirdim. Və budur tapdım! Atamın missiyası ətrafındakı bütün insanların qorxusuz, hürküsüz yaşamı təmin etmək olub. Elə bu cəhətinə görə də o özünün yaşam haqqından imtina edib. Atam özünü əllərini, gözlərini, ciyərlərini, kürəyini bu yolda sipər edib. Hələ də onun hansı peşə sahibi olduğu üzərində baş sındırırsınızsa deyim, o hərbçi idi! İkinci Qarabağ savaşı dönəmində yaşıdları Tarqovuda nərd atanda o cəbhədə qansız erməniyə güllə atırdı. Taleyin işinə bax savaş bitsə də atam indiki halda istəsə belə nərd ata bilməyəcək. Bunun üçün onun əlləri... Bilirəm bu heç kəsin vecinə deyil. Di gəl ki, hər kəs onun vecinə idi!

Anamsa öz missiyasının icrasına atamla evləndikdən sonra başlayıb və başlıca vəzifəsi gözləmək olub. Hər bir situasiyada. Atam məlum səbəblərdən çox vaxt evdə olmadığı üçün o özünü hər iki valideyn obrazına uyğun yetişdirib. Onun özünə edə biləcəyi ən böyük yaxşılıq səbir etməyi öyrənməsi olub. Atam sağ olsun! O qədər "gələcəm" vədinə xələf çıxıb ki, anam üçün bütün feillər gələcək zamana uyğunlaşıb. Atam müharibə başlamazdan üç ay öncə gələcəm demişdi. Savaş başladı, bitdi və o gəldi. Amma anam indinin özündə də onu gözləyir. Bu dəm fikirləriniz qarışmasın. Çünki bu qadın əlləri, gözləri, ayaqları yerində olan, sağlam şəkildə evdən yola saldığı adamı gözləyir. Bir gün gələcəyinə də hədsiz inanır. İndi heç kim ona gözləmə deyə bilməz. Ona görə yox ki, onun ağlı başında deyil. O artıq eşitmir. Savaş dönəmində biz Gəncədə yaşayırdıq...

Evimizin ən pozitiv və enerjili adamı qardaşım Cavid idi. O gözoxşayan qaməti, boy-buxunu ilə bütün ortamlarda tez sezilirdi. Müharibədən iki ay öncə hərbi xidmətini başa vurmuşdu. Buna baxmayaraq, savaş başlayandan sonra könüllü sıralarına yazılan ilk adamlardan idi Cavid. Onun dilində hər zaman hər şey yaxşı olacaq şüarı dolaşırdı. Son dəfə cəbhəyə yola düşəndə bu cümlə dodaqlarından qopub süzülmüşdü. Dediyi kimi də oldu. Biz savaşı qazandıq. Amma bir də heç nə əvvəlki kimi olmadı... Cavid aramızdan ayrıldı. Füzuli istiqamətində gedən döyüşlərdə onun məqamı şəhidlik zirvəsinə yüksəldi. O torpağı yağı düşməndən, torpaqsa onu yer üzündən xilas etdi. Görəsən hər iki tərəf öz missiyasını layiqincə yerinə yetirib..? Bilmirəm...

Sizə kirayə qaldığımız evdən bəhs etmişdim. Bu dəm tavandakı dəliklər yadınızdadır? Hə, baxın o dəliklər bizi yeni evimizdə Gəncədə də tək buraxmadı. Gecənin bir aləmi düşmən tərəfindən xüsusi şərəfsizliklə atılan raket zərbəsindən xoşbəxt olduğumuz evin tavanı dəlik-deşik oldu. Köhnə evimizdə ötüb keçən illərimizin yağışlı günlərində, bizə durmadan suyun həyat mənbəyi olduğunu xatırladan nənəmin o gecə dili tutuldu. Nədənsə mövsümü olsa da Tanrı o gecə yağış yağdırmadı. Həmin gecə o yağış nənəmin və onun kimi yüzlərlə həssas qəlb sahiblərinin, günahsız uşaqların gözlərindən yağdı. Görünən şeytan da öz missiyasını həmin gecə belə yerinə yetirib!

Müharibədən bir il keçdi. Bu müddət ərzində mən xeyli böyüdüm. 10 yaşdan 30-a keçid etdim. Necə??? Həə, baxın bunu ən gözəl müharibə dövrünün uşaqları bilər. Bu illər ərzində mən hər kəsin ən əsası ailəmin missiyası ilə tanış oldum. Bunun çətin, şərəfli və bir o qədər də ağrılı olduğunu bildim.... Mənim üçün atamın görməyən gözləri, yerində olmayan qolu, anamın bir daha səsimizi eşitməməsi, qardaşımın bizi ömürlük tərk etməsi kimi hər bir detal özünün yeganə təsəllisini "Torpaqlarımız işğaldan azad olundu!" - cümləsində tapdı!

Sizə bir sirr verim, mənə elə gəlir ki, İkinci Qarabağ savaşında Gəncəyə atılan raketlərdən biri bizim ailənin düz onurğa sütununa dəyib! İndi biz nə qədər çalışsaq da ayaqda dura bilmirik...Müharibə tək bizim yox yüzlərlə ailələrin bu cür faciəsinə səbəb oldu. Amma nə etməli ,axı cizgi filmində deyilib: "Yer üzündə hər şeyin mütləq bir missiyası olur". Müharibənin missiyası da bu imiş. O özü bundan xoşnut olubmu? Bax bunu dəqiq deyə bilmərəm...

# 2171 dəfə oxunub

Müəllifin son yazıları

# # #