Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi

Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi
30 oktyabr 2024
# 09:00

Kulis.az Sara İbrahimin "Mənim armud ağacım" hekayəsini təqdim edir.

Ağaclar da adamlar kimidir: doğulur, yaşayır, sonra ömrünü başa vurur. Qocalıb öz əcəliylə dünyadan köçənlər də olur, həyatı faciəylə bitənlər də.

- Allah bu ağacın təpəsinə göydən bir ildırım göndərmir, canım qurtarsın! Daha bunun zir-zibilini təmizləməkdən bezmişəm. Xalxın kişiləri adam başı üzür, bizimki fərsiz bir ağacı da kəsə bilmir.

- Ay Cəlilin qızı, bəsdir deyindin. Bu ağacdan nə istəyirsən axı?

Fərsiz atamdı, Cəlilin qızı isə anam. Anama acığı tutanda atam ona belə deyirdi. Sözü gedən ağac həyətimizdə illərdi boyu az qala evimizin damından da yuxarı qalxan barsız-bəhərsiz, üzü danlaqlı, xəcalətli armud ağacıydı. Mənim armud ağacım.

Bu ağacın tingini neçə illər əvvəl atam qonşu rayona dostugilə gedəndə ordan gətirmişdi. Dedi ki, ağacı mənim adıma əkəcək, mənimlə birlikdə böyüsün, bar versin.

“Övlad da ağac kimidir; böyüdürsən, əziyyətini çəkib sonra barını, bəhərini görürsən”.

Tingi atamla birlikdə evimizin düz qabağında, hasara yaxın bir yerdə torpağa basdırdıq. Atam tingi basdırmaq üçün çala qazanda əlimlə torpağı ovuclayıb kənara atırdım; körpə fidanın köklərinin torpağa tez qovuşmasını istəyirdim. İstəyirdim bu balaca fidan tez böyüsün, qol-budaq atıb çiçəkləsin, meyvə gətirsin. Onun bəhəri meyvəsi olacaqdı, mənim bar-bəhərimin nə olacağını hələ ki bilmirdim; cəmi dörd yaşım var idi.

Fidanım sürətlə böyüyürdü. Biz tərəflərin torpağı bərəkətliydi; torpağa atdığın bir toxum min olurdu. Atamın dediyinə görə, hələ bu vaxta qədər bağımızda əkdiyi ağacların biri də bəhərsiz çıxmamışdı; uzağı, üç-beş ilə bar veriblər.

Ting böyüyüb qol-budaqlı nəhəngə çevrilirdi. Mən böyüməkdə ondan çox geridəydim. Əvvəllər məndən azca hündür idi, indi ən aşağı budağına da əlim çatmırdı. Gözümün önündə körpə fidandan qol-budağı həyətə, evə kölgə salan nəhəng bir ağaca çevrilmişdi.

Armud ağacı sığınacağım olmuşdu; kimsə xətrimə dəyəndə yanına qaçırdım. Bəzən ağladığımı görməsinlər deyə, üstünə çıxıb orda daldalanır, dərdimi onunla bölüşürdüm.

Ağacın bar verməli vaxtı çoxdan çatmışdı, amma hələ ki, yaşıl yarpaqlarından, bir də yazda ordan-burdan təkəmseyrək görünən çiçəklərindən başqa heç nə yoxuydu. O təkəmseyrək görünən çiçəklər də meyvə vaxtına çatmamış tökülüb gedirdi.

Anam hərdən əlini qaşının üstündə günlükləyib ağacın göyə çətir kimi açılan başına baxıb deyinirdi:

- Başı, az qala, göyə dəyir, yekəliyinə bax, amma hələ də meyvə vermir. Bolluca yarpağı var, süpür ki qurtaracaq.

Atam anamın baxdığı səmtə baxıb ona təskinlik verirdi:

- Bu ildən keçdi, gələn il hökmən bar verəcək; meyvəsini yığıb-yığışdıra bilməyəcəyik.

Gələn il də eyni şey olurdu; ağac bar vermirdi ki vermirdi. Hər il bir az böyüyüb qol-budaq atdığından yarpaqları daha da çoxalırdı.

Armud ağacı böyüyəndən sonra “qara günləri” başladı. Anam artıq ağaca günüsü kimi baxırdı. Həyətin hər tərəfini basmış yarpaqları süpürəndə qarğış tökürdü:

- Lənətə gəlmişin yarpağını süpürüb qurtara bilmirəm! Bu yandan süpürürsən, o biri tərəfdən yenə tökülür. Bu yekəpər bar-zad verən deyil, havayı yerə həyəti zibilləyir.

Deyinməyi həyəti süpürüb zibili yığana qədəriydi, sonra başı başqa işlərə qarışır, armud ağacını unudurdu.

Payızda qardaşım doğulandan sonra anamın üzü döndü; uşağa baxmaq onun işini ikiqat artırmışdı. Armud ağacına əməlli-başlı düşmən kəsilib ona müharibə elan etmişdi.

Səhərlər gözlərim onun qarğışlarına, deyintisinə açılırdı. İndi atamı da armud ağacına qatmışdı. Onu armudu kəsməməkdə günahlandırırdı.

- Kəs bu xeyirsiz ağacı! Nə qədər demək olar, bar verən deyil?!

- Ay Gülsüm, bir il də döz. Vallah, gələn il meyvəsini yeyəcəyik.

- Sayalı arvad doğanda sənin armudun da meyvə verəcək. Sənə deyirəm, kəs bu lənətə gəlmişi, yoxsa özüm kəsəcəm!

Atam anamın sonuncu sözlərindən sonra özündən çıxırdı:

- Sən öləsən, qoymaz da öldüyümüz yerdə ölək, durub indi sümüklərini sındıracam bu arvadın.

Onlar mübahisə edəndə gözlərim armud ağacıma dikilib qalırdı. Anam deyinəndə mənə elə gəlirdi, armud ağacı büzüşüb balacalaşır, budaqlarını aşağıya doğru əyib xəcalətindən yerin dibinə girmək, gizlənmək istəyir.

Qaçıb gövdəsinə sarılır, yarpaqlarını tumarlayırdım.Yarpaqları məxmər kimi yumşaq, sığallıydı. Anam onu qırışmış, damarları zoğ-zoğ çıxmış sonsuz Sayalı arvada necə bənzədirdi, başa düşmürdüm.

Əslində, bizim həyətdə başqa ağaclar da vardı; üzüm, tut, əzgil. Amma onlar armud ağacı kimi “gözükölgəli” barsız-bəhərsiz deyildilər. Ona görə payızda yarpaqları saralıb həyətə töküləndə anamın onlara acığı tutmurdu. Üzüdanlaqlı armud ağacım bitli buzov kimi gözdən düşmüşdü.

Anam deyinəndə içimi qorxu alırdı: bir gün atam onun sözünə qulaq asıb armud ağacımı kəsə bilərdi.

Bir dəfə qorxduğum başıma gəldi. Anam növbəti dəfə qılıncını siyirəndə atam yerindən qeyzlə qalxıb anbara tərəf şığıdı. Anbardan əlində ağzı par-par parıldayan baltayla çıxanda nitqim tutuldu, ayaqlarım əsdi. Qaçıb onun ayaqlarını qucaqlamaq, yalvarmaq istəyirdim, amma yerimdən tərpənə bilmirdim, sanki ayaqlarım qıc olmuşdu.

Atam baltanı başı üzərinə qaldırıb armud ağacına doğru bir neçə addım atdı.Yuxarı qaldırdığı baltanı ağacın gövdəsinə endirmək istəyəndə evdə yatmış qardaşımın çığırtısı eşidildi. O, baltanı yerə atıb evə yüyürdü.

Yerdə döşəkçənin üstündə uzanmış qardaşımın dodaqları göyərmiş, rəngi qaçmışdı. Uşaq tir-tir əsirdi.

O, sağlam uşaq idi; doğulandan bu günə qədər bir dəfə də xəstələnməmişdi. Atam onu isti örtüyə büküb kənd feldşerinin yanına qaçırtdı. İyirmi dəqiqə keçməmiş qardaşımla geri qayıdan atamın dediyinə görə, feldşerin yanına çatana kimi uşaq özünə gəlib. Sonralar da qardaşım heç vaxt xəstələnmədi. Yəqin, həmin gün mənim ağıllı qardaşım armud ağacımı xilas etmək üçün elə əti kəsilmiş kimi çığırmışdı.

Həmin ilin qışı çox sərt keçdi. Uzun, soyuq qış fəsli bitmək bilmirdi. Demək olar, hər gün qar yağırdı. Qartopu oynamağın dadını çıxardıqdan bir müddət sonra artıq soyuq, şaxtalı qış günləri bizi bezdirməyə başladı. Şaxtalı günlərdə çölə çıxmağa icazə vermirdilər deyə, çox vaxt evdə oturmalı olurduq. Burnumu pəncərənin soyuq şüşəsinə dayayıb həsrətlə yazı gözləyirdim.

O yaz gəlişilə bizi biri pis, o biri yaxşı iki hadisə ilə heyrətləndirdi. Pis hadisə, atamın uzun illər çalışdığı idarədə işdən çıxarılmasıydı.Yeni gələn rəhbərlik köhnə işçilərin hamısını işdən qovmuşdu. Atamın iş yeri qonşu rayonun mərkəzindəydi, ağlım kəsəndən orda işləyirdi. Atamdan savayı evə pul gətirən yox idi. Ona görə dolanışığımız pisləşdi.

Yaxşı hadisə isə barsız armud ağacının budaqlarının ağ çiçəklərlə örtülməsiydi. Hələ bu vaxta qədər armud ağacı bu qədər çiçək açmamışdı. Ağ, sarımtıl çiçəklərin arasında yarpaqlar görünmürdü. Deyirdilər armudun ilidi, məhsul bol olacaq. Həsrətlə çiçəklərin böyüyüb meyvəyə çevrilməsini gözləyirdim. Armud ağacının meyvəsi necə olacaqdı, onu bilmək istəyirdim.

Bəzi günlər yaz fəslinin tez- tez dəyişən havası qanımı qaraldırdı: gah selləmə yağış, gah da dolu yağır, güclü küləklər əsirdi. Armud ağacından bir çiçək qopanda ürəyim düşürdü. Qorxurdum bu il də dolu, külək ağacımı xəcalətli etsin. Mənə elə gəlirdi, armud ağacı da mənim kimidi; o da yerə düşən çiçəkləri üçün həyəcanlanır, yenə üzüdanlaqlı, xəcalətli qalacağından qorxur.

İsti yay günlərinin gəlməsi bu qorxumuza son qoydu: armudun çiçəkləri meyvəyə çevrildi, böyüdü, yetişib sulandı. Ağac o qədər bar gətirmişdi ki, budaqları meyvələrin ağırlığından az qalırdı gövdədən ayrılsın. Atam budaqları saxlamaq üçün onlara dayaq haça düzəltmişdi.

Şirin, sulu armudları gözümə təpirdim. Ömrümdə belə dadlı armud yeməmişdim. Atamın dediyinə görə, armudun bu növündən bizim rayonda az idi. Anam armuddan mürəbbə bişirir, qax kəsirdi. Armud o qədər bərəkətliydi ki, qonşulara da pay verdiyimizə baxmayaraq, meyvələr azalmırdı. Sanardın, ağacın üstündən yığılan meyvənin yerinə yenisi bitirdi.

Ömründə meyvə, tərəvəz satmayan atam, anamın təkidiylə meyvələrdən yığıb bazara apardı. Həmin gün atam bazardan evə cibi pulla dolu qayıtdı. Deyirdi, elə bazara girən kimi armudu əlimdən qapdılar.

Sən demə, bu il armud qıt olduğuna görə, çox baha gedirmiş; kilosu beş manatadək qalxmışdı.Yazda yağan dolu, yağış, əsən güclü küləklər təsirini göstərmişdi. Bizim ağacın yeri dalda olduğuna görə, onun çiçəkləri salamat qalmışdı.

Atamın əlinə pul gəlmişdi deyə şirnikmişdi. Ağacın üstündə hələ xeyli məhsul qalmışdı. Meyvənin hamısını bazara çıxarıb satmağı qərara aldıq. Pul sarıdan xeyli vaxtdı korluq çəkirdik.

Armud ağacını gözümçıxdıya salan, az qala hər gün onu kəsmədiyi üçün atamla savaşan anam, indi onun başına pərvanə kimi dolanır, meyvələrini yığanda şükür edirdi. Belə anlarda köksüm qabarır, fəxrlə armud ağacıma baxırdım. Mənə elə gəlirdi, o da mənim kimi sevinir. Uzun illərdən sonra bar verdiyi, üzü danlaqdan, kəsilmək qorxusundan qurtardığı üçün indi rahat nəfəs alır, yaşayır. Fikirləşirdim, bu payız saralmış yarpaqları həyətə töküləndə anam ona qarğış töküb lənətləməyəcək. Kəsilmək qorxusu başının üstündən sovuşmuşdu daha. Armud ağacıyla həyatımızın ən xoşbəxt günlərini yaşayırdıq.

Meyvələri bazarda satılıb evimizə pul gələndən bəri ağac əməlli-başlı hörmət qazanmışdı.

Xoşbəxtliyimiz uzun sürmədi.

Bir səhər şaqqıltı, gurultu səsinə oyanıb özümüzü həyətə atanda gördüyümüz mənzərə qarşısında donub qaldıq. Armud ağacını ildırım vurmuşdu! Tüstüsü təpəsindən çıxan ağacı alov bürümüşdü. Gözümüzün qarşısında neçə vaxtdı evimizin bərəkətinə çevrilmiş, bizi doyurub dolandıran ağac yanıb külə dönürdü. Onun odunu qonşularla birlikdə söndürdük. Yerində yanıb qaralmış kösövü qalmışdı. Başqa ağacların arasında lalənin yanıq bağrına bənzəyirdi.

Atam hələ də tüstülənən ağaca baxıb köksünü ötürdü:

Heyif, hələ bar verməyə yeni başlamışdı.

İçimdə ağır sıxıntı, kədər vardı. Armud ağacımı anamın qarğışı tutmuşdu! Anam ona məhz belə ölüm arzulamışdı. Anamın səsi qulaqlarımda əks-səda verirdi: “Görüm başına ildırım düşsün; yanasan, yarpaqlarını süpürməkdən canım qurtarsın ”.

Dönüb anama baxdım. O, yanmış armud ağacının həndəvərində fırlanır, nəsə axtarırmış kimi sağa-sola boylanırdı. Bəlkə də, ağacı qarğışladığına görə vicdan əzabı çəkirdi.

Armud ağacı bizə son borcunu verib getmişdi. Ölməmişdən əvvəl pulsuz, kasıb vaxtımızda evimizin bərəkəti olub ac qarnımızı doyurmuşdu.

Anam, deyəsən, ona baxdığımı hiss etdi. Yaxınlaşıb başımı tumarladı, sonra göz yaşımı silmək üçün əlini yanağıma uzatdı:

- Ağlama, oğlum, yerində yenisini, ondan da yaxşısını əkərik; sən hansı ağacı istəsən.

Anamın göz yaşımı silmək istəyən əlini geri itələyib hönkürdüm:

- Mənə başqa ağac lazım deyil, ana... daha heç nəyin mənası yoxdu...mənim armud ağacım öldü.

# 1856 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #