Mentalitet

 Mentalitet
22 iyul 2015
# 13:43

Mentalitet

hekayə

Mənim babam sevgi qatili olub. Söz yox, cəzasını çəkib, hərəkətindən peşman olub. Sonrakı peşmançılıq fayda verməyib. Aradan illər keçib, o cəzanı çəkmək mənə də qismət olub.

- Hə, bala, sənin bu günə düşməyinə mən bais olmuşam, - atam xəstəxanada bunu deyib mənə bir əhvalat danışmağa başladı.

Baban həmin kənddən idi. O kişinin qardaşı babanın bacısını istəyirmiş. Qız da onu sevirmiş. And içiblərmiş: “Öldü var, döndü yoxdu!”

Baban da deyir: “Qız ona getsə, ikisini də öldürəcəm!”

Oğlan məcbur olub qızı qaçırdır. Baban da qoşalüləsini götürüb oğlanı öldürür. Qız da özünü qayadan atır. Hər ikisini bir yerdə dəfn edirlər.

Bundan sonra olurlar qan düşməni. Babanı tuturlar. Atası bizim kəndə, dağdan arana köçür ki, qan davası yat-yut olsun. Babana kömək edirlər, birtəhər türmədən çıxıb. Kəndimizdə evlənir, yurd-yuva qurub kök salır. Aradan illər ötür...

-Bunları biz niyə bilməmişik, ata? - soruşdum.

-Demədim ki, qəlbinzə düşmənçəlik toxumu düşməsin. Hər şey yaddaşlardan əbədi silinib getsin.

***

Təxminən aprelin, ortaları, yağışlı-çisginli bir gün idi. Rayona gedirdim. Onunla orda, abtobusda tanış olduq.

Yanaşı oturacaqlarda oturmuşduq. Mən gələndə o, pəncərənin pərdəsini çəkib bayıra baxırdı. Mənə sarı ötəri nəzər salıb, başı ilə salam verdi. Sonra yenə gözünü bayıra dikdi. Məndə əvvəllcə qaraqabaq adam təəssuratı oyatdı.

Xeyli yol getmişdik. Sükutu avtobusun dayanması pozdu. Iki qadın avtobusa minmək istəyirdi. Sürücü deyirdi:

- Bir nəfərə yer var. Uzaq yolu ayaq üstə getmək olmaz.

Qadınlar dil töküb, yalvar-yaxar edirdilər:

- Vacib işimiz var, birtəhər gedərik. Yolda düşəcəyik. Görmürsən, göydən yağış ələnir? İnsafına nə gəlib? Bizi yağışın altında, yolun ortasında qoyacaqsan?

Yerimdən dilləndim:

- Xanım, biriniz mənim yerimdə əyləşərsiniz. Siz düşəndən sonra oturaram.

Durub yerimi ona verdim. Qadın oturmaq istəmirdi. Təkid etdim, oturdu.

Öz-özümə fikirləşdim: “Bu sürücü tayfasının da xasiyyətindən keçmə. Elə bil hamsı bir-birini ağzına tüpürüb. Eyni dildə danışırlar. Sənə kim demişdi saxla, indi də deyinirsən?”

Qadınlar düşəndən sonra təzədən yerimdə əyləşdim.

O, dedi:

- Yəqin siz də biz tərəflərdənsiniz? Amma şəhərdə yaşayana oxşayırsınız?

- Nədən bildiniz? - soruşdum. Qohumumun dünyasını dəyişdiyini, hüzürə getdiyimi dedim.

- Alicənab hərəkətinizdən! - Qəribə bir ironiya ilə gülümsədi.

- Nə alicənabbazlıqdı, canım? Utandırmayın məni.

- Hər şey adidən başlanır.

- Bunlar bizim milli mentalitetimizdi. Gərək ona hörmətlə yanaşaq.

- Milli mentalitet, milli mentalitet! - İstehza ilə təkrarladı. - Dünya sürətlə inkişaf edir, biz mentalitetdən dəm vururuq. Mentalitet itələşə-itələşə avtobusa minmək, bashabasda sallaşa-sallaşa yol getmək, üzdə gülümsəyib daldada ağız büzərək bir-birimizə yer verməkdən ibarətdir? Nə olub, nə haraydı? Hamı pul verib yer alırsa, adam kimi oturub yol getmək bizə aid deyil? Hər işimiz belədi. Hamısını da aparıb bağlayırıq mentalitetin quyruğuna.

Bir az mənə sarı əyildi. Sağ əli ilə sol əlini qaldırıb dizinin üstə qoydu. Sol əlinin protez olduğu diqqətimi çəksə də görməməzliyə vurdum.

Xeyli sükütdan sonra davam etdi:

- Mentalitet demişkən, yadıma bir əhvalat düşdü. Öz başıma gələn əhvalatdı.

- Buyurun, danışın, yola körpü olar, - dedim.

- Həə, atam bizə tez-tez məsləhət verərdi: “Balalarım, çalışın bəd əməllərdən uzaq olun, həmişə yaxşılıq edin. Əvəzi mütləq nə vaxtsa qarşınıza çıxacaq”.

Üstəlik yaxşılığa aid bir neçə atalar sözü də əzbərlətmişdi bizə. “Yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq ər kişini işidi” və s. Biz də bu arzu, bu istəklə böyüyürdük. Qısası, instituta qəbul oldum, oxuyub qurtardım. Kəndimizə müəllim gəldim. 5 il fizika-riyaziyyatdan dərs dedim. Sonra məni rayon təhsil şöbəsinə inspektor vəzifəsinə apardılar. Məktəblərə vicdanla köməklik göztərməyə çalışırdım. Ona görə də hamı xətrimi istəyirdi.

Dağ kəndlərinin birindən şikayət daxil olmuşdu. Gedib araşdırmağa məni məsləhət gördülər. Bilirsiz məsələ nə idi? Rasim adlı 10-cu sinif şagirdi öz sinif yoldaşını, bir qızı sevirdi. Bundan xəbər tutan yoldaşları oğlanın saçları bir qədər qırmızımtul olduğuna qıza lağ eləməyə başlayırlar: “Qırmızıbaşın sevgilisi!” Qız bunu ağlayıb evdəkilərə xəbər verir. Atasə da məktəbdən şikayət məktubu yazır.

Pis uşağa oxşamasa da oğlanı mənə dələduz kimi təqdim elədilər. Ancaq elə davranmalıydım ki, nə şiş yansın, nə də kabab, ortadakı narazlığı aradan götürməli idim.

Düz eləmədiyimi bilsəm də gözdən pərdə asmaq xatirinə (bəzən bu da lazımdı) oğlanı azca danladım, qulağını da çəkdim. Uşaq kövrəlib mənə dedi:

- Müllim nə etmişəm? Söyməmişəm, döyməmişəm! Sevmişəm! Sevmək nə vaxtdan eyibdi? Özünüz də ürəkdolusu deyirsiniz, vətəni, milləti sevmək lazımdı. Nəyi, kimi, sevirsən - sev, sevəni həmişə mənim kimi cəzalandırır, qulaqburması verirlər. Sevən həmişə çəsarətin cəzasına tuş gəlir müəllim.

Düz sözə nə deyəsən! Başladım məsləhət verməyə: “Ağıllı ol, tərbiyəli ol, yoldaşlarınla mehriban davran”.

***

Qış idi, tərslikdən həmin gün bir qar-boran başladı, yol-riz bağlandı. Amma mən geri qayıtmalıydım. Fikrimi direktora bildirəndə dedi:

- Müəllim, nə danışırsınız, belə havada sizi buraxa bilmərəm!

Məni zorla evinə apardı. Yaxşı bir süfrə açdılar. Ailə üzvləri məni mehriban qarşıladı. Bizimlə bərabər direktorun atası da süfrə başında əyləşmişdi. 75-80 sinni olardı. Çox mehriban danışırdı:

- Ey, a bala, bilirsən bizi nə qədər sevindirdin. Oğlumun yaxın dostu, tanışı, bu evə ayaq basanda nə qədər sevinirəm. Elə bilirəm ən yaxın qohumum, qardaşım gəlib.

Bir az içdik, kefimiz açıldı. Qar-boran yaddan çıxdı. Arabir küləyin qar dənələrini pəncərəyə çırpdığı, bir də bir qədər aralıda yanan odun peçinin gurultusu eşidilirdi. Ordan-burdan xeyli söhbətləşdik. Birdən kişi üzünü mənə tutub: “A bala, hardansan, kimlərdənsən?”

Atamın adını dedim. Tanımadı. Bu dəfə babamın adını dedim. Gördüm kişi tutulan təhər oldu. Xeyli xəyala daldı:

- A bala, onun da atası Salman olmoyuf?

Atam bir dəfə babasının adını yanımda çəkmişdi. Başımı tərpətməklə təsdiqlədim.

Kişi pörtmüş halda bayıra çıxdı. Nə oğlu, nə də mən heç nə anlamadıq. Aradan bir az keçmişdi, eyvanda səs-küy başladı: “Görüm səni də qardaşının yanına gedəsən, evin yıxılsın, gədəni zibilə salma. Təzəlikcə əli çörəyə çatıb, qoy ailəsini dolandırsın.”

Kişi arvadıyla süpürləşə-süpürləşə içəri soxuldu. Əlində də köhnə Beşaçılan. Kişi söyməyə başladı: sənin ananı! Sənin var-yoxunu!.. Qardaşımın düşməni süfrəmin başında oturub...

Donub qalmışdım, bilmirdim nə məsələdi, nə haqq-hesabdı? Kişi kimi söyür, niyə söyür?

Güllə səsinə elə bil qəflət yuxusundan ayıldım. Bəxtim onda gətirdi ki, kişi məni nişan alan məqamda arvadı tüfəngin qundağından necə vurdusa, güllə gedib tavana pərçımləndı.

İkinci mərtəbədən pəncərəni necə açmışam, oradan aşağı necə tullanmışam, xəbərim olmayıb. Bircə onu hiss etdim ki, elə bil bir tərəfimi çapıb-talayıblar. Nə illah elədim, ayağa dura bilmədim ki, bilmədim.

Birçə onu eşidirdim ki, kimsə deyir: “Ayə, ölübmü, yoxsa sağdımı?” Başqa biri deyirdi: “Bədbəxt düz daşın üstə düşüb”. Kiminsə ora-burama toxunub: “nəfəsi gəlir”, dediyini eşidirdim. Başqa bir səs də gəlirdi: “Hər kimdisə kömək edin, yazıqdı, qoymayın ölə, onun da anası-bacısı var”.

Kilimdi, nəydi, bilmirəm, məni onun arasına qoyub sürüyə-sürüyə evə gətirdilər. Ev olduğunu gözümə işıq düşəndə hiss etdim. Kimsə dedi: “Ayə, deyəsən, yazığın qolu çilik-çilik olub, sarıyın, qoy qanaxma dayansın.” Başqa biri qayıtdı: “Doxtur Həsəni (kəndin feldşiri) gətirin.”

Kimidisə kişinin qarasıncaə söylənirdi: “Dəli köpək oğlu, dəlidi, ağsaqqal kişi törətdiyi əməldən xəcalət çəkmək əvəzinə çığır-bağır salıb, buraxın məni, verin silahımı, qanı qanla yuyacam, deyir. Evində çamaatın qabağına bir qismət çörək qoyub, sonra da zəhərə döndərir. Heç bu kişiliyə, insanlığa yaraşarmı? Düşmənin də olsa, süfrənin başında gül üzünə püf deməməlisən.”

Həmin səhnə gözümün önünə gələndə yenə ətim ürpəşir. Ağrıdan ilan kimi qıvrılırdım. İynə vurulduğunu hiss etdim. Qolumu sıxacaqla sıxdılar. Ağrım bir az səngidi. Onda gördüm həmin qırmızbaş gədə də mənim həndəvərimdə fırlanır. Mənə qayğı göstərirdi. Deyəsən, həmin axşam onların evində qaldım.

-Necə dözdünüz səhərə kimi? - dedim.

-Dözdüm nədi, səhərə kimi it kimi uladım. Əlacım nəydi? Səhər tezdən məni atın belinə sarıyıb yol ayrıçı deyilən yerə kimi gətirdilər. Atın qantarğasını çəkən qırmızıbaş idi. Bir maşın tapıb xəstəxanaya gətirdilər. Uzün müddət xəstəxanada müalicə olundum.

- Yenə müəllim işləyirsinimi?- soruşdum.

Xəyala daldı, günahkar kimi üzümə baxdı. Dərindən koks ötürdü:

- Yox,- dedi. - Elə bilirdim o, qırmızıbaş gədə hər yerdə mənə gülür, rişxənd edir. “Məhəbbət qatilinin nəvəsi” deyir. Mən də ona qarşı haqsızlıq etmişdim axı.

Ondan sonra müəllimliyi atdım. Ticarətlə məşğul oldum. Sonra elə zamanə də ticarət üstünə döndü. Müəllimliyin urvatı qalmayıb daha, nə şəhərdə, nə kənddə.

- Elədir!- dedim.

Dərindən köks ötürdü:

- Heç bilməzdim, sən demə keçmiş adamı qarabaqara izləyirmiş. Keçmişdən qaçmaq mümkün deyilmiş. - Əlini göstərdi. - Nə qədər müalicə etdilər, sağalmadı, axırda dirsəkdən aşağı kəsdilər. Yerin də müasir dilnən desək “plastik əl” qoydular. Buda bizim mentalitet.

Mən heç nə deyə bilmədim. O, sözünü davam etdi:

- Ümumiyyətlə, fikirləşırəm, başqasının arzusunu, istəyini məhv edən əl dibindən kəsilsə yaxşıdır, onsuz da onlarda hissiyat olmur ki, elə yerinə də plastik əl qoyulsa yaxşıdır, mənim kimi. Indi hər şeyimiz plastikdəndir axı...

# 1513 dəfə oxunub

Müəllifin son yazıları

# # #