"Mən cəmiyyətin ürəyini nişan almışdım, amma təsadüfən mədəsindən vurdum..." - Epton Sinklerin sitatları

"Mən cəmiyyətin ürəyini nişan almışdım, amma təsadüfən mədəsindən vurdum..." - Epton Sinklerin  sitatları
25 noyabr 2026
# 15:00

Bu gün tanınmış amerikalı yazıçı və publisist, Pulitser mükafatı laureatı Epton Sinklerin anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Bir insanın maaşı nəyisə anlamamağından asılıdırsa, ona həmin şeyi anlatmaq çətindir.

*

Mən cəmiyyətin ürəyini nişan almışdım, amma təsadüfən mədəsindən vurdum.

*

Bütün incəsənət təbliğatdır. O, ümumbəşəri və qaçılmaz şəkildə təbliğatdır, bəzən şüursuz, amma çox vaxt bilərəkdən edilən təbliğat.

*

Varlıların təkcə bütün pulları deyil, həm də daha çox qazanmaq üçün hər cür imkanları var idi, bütün bilik və güc onların əlində idi, buna görə də kasıb insan əzilmişdi və əzilmiş olaraq da qalmalı idi.

*

Elə bir həbsxana növü var ki, insan dəmir barmaqlıqlar arxasındadır və arzuladığı hər şey çöldədir. Bir də elə bir növü var ki, arzulanan şeylər barmaqlıqlar arxasındadır, insan isə çöldə.

*

Bu vəhşi heyvan cəngəlliyinə həmin insanlar öz razılıqları olmadan doğulmuşdular, əllərindən başqa çarə gəlmədiyi üçün bu oyuna qatılmışdılar, həbsxanaya düşmələri onlar üçün rüsvayçılıq deyildi, çünki oyun heç vaxt ədalətli olmamış, zərlər əvvəlcədən hiyləli atılmışdı. Onlar qəpik-quruş fırıldaqçıları və oğruları idilər, lakin milyonlarla dolların fırıldaqçıları və oğruları tərəfindən tələyə salınıb aradan götürülmüşdülər.

Sizi işə götürən o nəhəng korporasiya həm sizə, həm də bütün ölkəyə yalan danışırdı - başdan-ayağa tək bir nəhəng yalandan başqa bir şey deyildi.

*

İnsanlar dəhşətli iztirablar çəkir və onların kədərli taleləri əfsanələrə çevrilir, şairlər onlar haqqında şeirlər yazır, dramaturqlar pyeslər qoşur və keçmiş kədərin xatirəsi indiki zövq mənbəyinə çevrilir - ruhun qəribə əlkimyası belədir...

*

Demokratiyada kapitalizmin zəruri müşayiətçilərindən biri siyasi korrupsiyadır.

*

Əgər biz günəşin üzərinə doğduğu ən böyük millətiksə, görünür, bu, əsasən muzdlu işçilərimizi bu cür çılğınlıq həddinə çatdıra bildiyimiz üçündür.

*

Hər şey o qədər işgüzar tərzdə qurulmuşdu ki, insan heyranlıqla tamaşa edirdi. Bu, mexanizmlə donuz əti istehsalı, tətbiqi riyaziyyatla görülən iş idi. Amma yenə də ən soyuqqanlı adam belə donuzlar haqqında düşünməyə bilmirdi, onlar o qədər məsum idilər, o qədər etibarla gəlirdilər ki, etirazlarında isə o qədər insani idilər və tamamilə haqlı idilər! Onlar buna layiq olacaq heç nə etməmişdilər. Burada işin görülmə tərzi - onları üzr istəmədən, bir damla göz yaşı tökmədən bu cür soyuqqanlı, hissiz şəkildə yuxarı qaldırmaq yaraya duz basmaq kimi bir şey idi.

*

Bunu etmək təkcə məğlub olmaq deyil, həm də məğlubiyyəti etiraf etmək demək olardı və bu iki şey arasındakı fərq dünyanı ayaqda saxlayan qüvvədir.

*

Onların zəncirləri var idi. Zəncirin bir ucunu ən yaxındakı donuzun ayağına bağlayır, digər ucunu isə çarxın üzərindəki halqalardan birinə keçirirdilər. Beləliklə, çarx fırlandıqca donuz qəfildən ayaqlarından yerdən üzülür və yuxarı qaldırılırdı. Elə həmin an qulaqları dəhşətli bir fəryad bürüyürdü, ziyarətçilər təşvişlə diksinir, qadınların rəngi ağarır və geri çəkilirdilər. Bu fəryadı daha uca, daha əzablı başqa bir fəryad izləyirdi, çünki bu səfərə bir dəfə çıxan donuz bir daha geri qayıtmırdı, çarxın ən yuxarı nöqtəsində o, bir relsə ötürülür və otaq boyunca sürüşüb gedirdi. Bu arada başqa birisi, sonra bir başqası və daha birisi yuxarı qaldırılır, nəhayət, hər biri bir ayağından asılı qalıb çılğınlıqla təpik atan və çığıran qoşa bir sıra yaranırdı. Qopmuş səs-küy dəhşətli idi, qulaq pərdələri üçün təhlükəli idi; adam elə qorxurdu ki, otaq bu qədər səsə tab gətirməyəcək divarlar uçacaq və ya tavan çatlayacaq. Zil və bəm çığırtılar, xırıltılar və iztirab dolu nalələr eşidilirdi, bir anlıq sükut çökür, sonra isə əvvəlkindən də uca yeni bir partlayış başlayaraq qulaqbatırıcı zirvəyə çatırdı. Bəzi ziyarətçilər buna dözə bilmirdi, kişilər əsəbi halda gülümsəyərək bir-birlərinə baxır, qadınlar əllərini yumruq kimi sıxır, üzlərinə qan vurur və gözlərindən yaş axırdı. Bu arada isə döşəmədəki işçilər bütün bunlara məhəl qoymadan öz işlərini görürdülər. Nə donuzların çığırtısı, nə də ziyarətçilərin göz yaşları onlar üçün heç bir fərq yaratmırdı; bir-bir donuzları qarmağa keçirir və bir-bir cəld bir zərbə ilə boğazlarını kəsirdilər. Çığırtıları və həyat qanları birlikdə süzülən uzun bir donuz sırası var idi, nəhayət, hər biri yenidən hərəkətə gəlir və şappıltı ilə nəhəng bir qaynar su çəninə düşürdü.

*

Onlar ruhlarını xilas etməyə çalışırdılar, halbuki axmaqdan başqa kim görməzdi ki, ruhlarının yeganə dərdi bədənləri üçün layiqli bir həyat təmin edə bilməmələri idi?

*

Köhnə səyahət ehtirası onun qanına işləmişdi, bu, azad həyatın sevinci, axtarış sevinci, hüdudsuz ümid etmək sevinci idi.

*

Beləcə o, ruhunun bağçasındakı bütün çiçəkləri qoparıb atmağa və dabanı ilə onları əzməyə davam etdi.

*

Məgər görmürsən ki, bu iş sənin işindir? Xəyalını qurmaq sənin, qərar vermək sənin, həyata keçirmək sənin işindir?

*

Nə qədər ki, muzdlu köləlik var, işin nə qədər alçaldıcı və iyrənc olmasının zərrə qədər də əhəmiyyəti yoxdur, onu yerinə yetirəcək adam tapmaq asandır. Amma əmək azad olan kimi belə işlərin qiyməti qalxmağa başlayacaq. Beləliklə, köhnə, qaranlıq və antisanitar fabriklər bir-bir söküləcək, yenilərini tikmək daha ucuz başa gələcək, buxar gəmiləri ocaq qalama maşınları ilə təchiz olunacaq, təhlükəli peşələr təhlükəsiz hala gətiriləcək və ya onların məhsullarına əvəzedicilər tapılacaq.

Məhz musiqi onu olduğu kimi edir, məhz musiqi bu yeri sallaqxanaların arxasındakı meyxananın arxa otağından sehrli bir məkana, möcüzələr diyarına, göylərin uca saraylarının kiçik bir guşəsinə çevirir.

*

Sanki siyasi azadlıq muzdlu köləliyi zərrə qədər də dözümlü edirmiş!

*

Bu, həqiqətən yaşamaq deyildi, heç mövcud olmaq belə deyildi və onlar ödədikləri əvəz qarşılığında bunun çox az olduğunu hiss edirdilər. Onlar bütün vaxtlarını işləməyə hazır idilər, bəs insanlar əllərindən gələni etdikdə, heç olmasa həyatda qala bilməli deyildilərmi?

*

Günlər bir-birini əvəz etdikcə o, qütb soyuğunda dolaşır, ruhu kədər və ümidsizliklə dolurdu. O zaman sivilizasiya dünyasını əvvəllər heç görmədiyi qədər aydın gördü, bu, vəhşi gücdən başqa heç nəyin sayılmadığı, güc sahiblərinin gücsüzləri əzmək üçün qurduğu bir nizam dünyası idi.

*

Elə görünürdü ki, bütün dünya ədalətə və xeyirxahlığa qarşı duran, qəddarlıq və ağrı yaratmaq üçün qurulmuş mürəkkəb bir sistemdir.

*

İndi inanmaq olardımı ki, heç yerdə bu donuz şəxsiyyətinin dəyərli olduğu, bu donuz çığırtılarının və iztirablarının bir məna kəsb etdiyi bir donuzlar tanrısı yoxdur? İnanmağa icazə verilirdimi ki, nə yer üzündə, nə də göylərdə donuzların bütün bu əzablarının əvəzinin veriləcəyi bir cənnət yoxdur? Bu donuzların hər biri ayrı bir məxluq idi. Bəziləri ağ, bəziləri qara, bəziləri qəhvəyi, bəziləri xallı, bəziləri qoca, bəziləri cavan, bəziləri uzun və arıq, bəziləri isə nəhəng idi. Və onların hər birinin öz fərdiliyi, öz iradəsi, bir ümidi və ürəyində bir arzusu var idi; hər biri özünəinam, özünəhörmət və ləyaqət hissi ilə dolu idi. İnamla və güvənlə öz işinin dalınca gedərkən üzərində qara bir kölgə dolaşır, yolunda isə dəhşətli bir Tale gözləyirdi. İndi isə o tale qəfildən üzərinə şığıyıb ayağından yapışmışdı. Amansız və rəhmsiz idi, onun bütün etirazları, çığırtıları bu tale üçün heç nə idi, sanki onun istəkləri, hissləri ümumiyyətlə mövcud deyilmiş kimi öz qəddar iradəsini yeridir, boğazını kəsir və can verməsini seyr edirdi. Bu donuzu qucağına alıb ovunduran, yaxşı gördüyü işə görə mükafatlandıran və fədakarlığının mənasını ona göstərən kim olacaqdı?

*

Bir dahinin ruhuna bu cür qəbul edilməsi, onun ən məhrəm həyatının vəcdlərini və iztirablarını bölüşməyə icazə verilməsi necə də möhtəşəm bir imtiyaz idi.

*

O, cəhənnəm quyusunun kənarında dayanıb istiliyi azaltmaq üçün içəri qartopu atırdı.

*

Yaddaşın qapıları taybatay açılar - köhnə sevinclər onlara doğru qollarını uzadar, köhnə ümidlər və arzular onları səsləyər, onlar isə üzərlərinə çökmüş yükün altında tərpənər və onun əbədi, ölçüyəgəlməz ağırlığını hiss edərdilər. Onlar bu yükün altında hətta fəryad belə edə bilməzdilər, lakin ölüm əzabından daha dəhşətli bir iztirab onları bürüyərdi.

Rus dilindən tərcümə etdi: Sevinc Mürvətqızı

# 51 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər