İsveçrədə yaşayan yazıçımız pandemiyadan hekayə yazdı: Görəcəksiniz

İsveçrədə yaşayan yazıçımız pandemiyadan hekayə yazdı: Görəcəksiniz
3 sentyabr 2020
# 15:22

Kulis.az İsveçrədə yaşayan azərbaycanlı yazıçı, həkim Vüsal Aydının pandemiyaya həsr etdiyi "Görəcəksiniz" adlı hekayəsini təqdim edir.

Keçmiş zamanlarda

2050-ci ilin isti yay günləri gələcək, yəqin ki, son otuz ilin və özündən sonrakı illərin ən isti yayı olacaq. Sonra isə yavaş-yavaş havalar sərinləşəcək. Alimlər iddia edəcək ki, belə getsə, qlobal soyuqlaşma çox təhlükəli həddə çatacaq, Afrikada heyvanlar donub öləcək, okeanları buzlaqlar əvəz edəcək və qarşısı alınmasa, Yer kürəsinin bütün səthi donacaq, bununla da, o çağkı canlıların çoxu dinozavrlar kimi məhv olacaq. Çıxış yolunu başqa planetə, elə ən yaxın və ən əlçatanına – artıq insan koloniyalarının sürətlə artmaqda olacağı Marsa köçməkdə görəcəklər, ancaq bununla insanların çoxu razılaşmayacaq.

Yaşamaq üçün hər şeyi olan Yer kürəsini darmadağın edib yaşanmaz hala salan insan haqqında "gör Marsı nə günə qoyar" – deyəcəklər.

Bəlkə də neçə əsrdən sonra Nəiminin dedikləri ikinci dəfə inkar olunacaq: "Kamil insan yaradır, cahil insan dağıdır". Bu deyimi "insan dağıdır" şəklində redaktə edəcəklər. 2035, 36 və 38 təvəllüdlü üç yeniyetmə 2004 təvəllüdlü orta yaşlıdan fikir soruşacaq: – “Sən əsrin əvvəllərindənsən, əmi, bəlkə, sən bilərsən, nə olacaq bu dünyanın sonu?” Bizimki də cavab verəcək ki, "uşaqlar, dünyanın sonu olmayacaq. Olsa-olsa, insanın sonu ola bilər. Yer kürəsi milyon ildən artıqdır onu girinc eləyən bu axmaq varlıqdan canını qurtarıb yenidən nəfəs alar. Sonra qayıdacaq ki, ümumiyyətlə, uşaqlar, insan boğulanda Yer nəfəs alır. Mən bunu sizin yaşda olanda, korona dönəmində görmüşəm. İnsanları boğub öldürən xəstəliyin sayəsində təbiət nəhayət ki, zavod-fabrikdən canını qurtarıb nəfəs aldı" – və bu günlərdə bizim yaşadıqlarımızı, daha doğrusu, bunlara “yaşamaq” demək dil kobudluğu olardı, deyək ki, başımıza gələnləri danışmağa başlayacaq.

Birinci onu deyəcək ki, Dünyanın indikindən də çox və olduqca böyük problemləri olan dönəmdə "korona" deyilən, 50-60 nanometrlik bir virus yayılmağa başladı və bütün problemləri unutdurdu. Nanometrin nə boyda ölçü olduğunu uşaqlara izah etməyə çalışacaq, onlar da deyəcəklər ki, bilirlər. Uşaqlardan biri qayıdacaq ki, mənim çipim 2500 nanometrdi, ondan da balaca imiş... Bizimki sözünü yarımçıq qoyub əlavə edəcək ki, ay ölənlərin rəhmət, elə o çip məsələsi də ondan sonra çıxdı başımıza. Təəccüblənəcək uşaqlar. "Uy daa. Sən çipsiz həyat görmüş adamsan" deyəcəklər. "Necə yaşamısınız bəs?"

– Əşi, o uzun söhbətdi – deyəcək – mənim atam deyir, vaxt var idi, internet də yox idi.

Uşaqlar güləcək.

– Həmin bu naməlum virus... – bizimki davam etmək istəyəndə uşaqlar sözünü kəsəcək.

– Koronaviruslar haçandan naməlum olub? Keçən il keçmişik e dərsdən. – uşaqlardan ən balacası deyəcək.

– Hər halda... onda naməlum idi. Daha doğrusu, o çağacan bizə naməlum idi, həmin vaxtlar hamıya məlum oldu. Xəstəliyin yayılmağı ilə bütün iş yerləri bağlandı, mağazalar, restoranlar, əyləncə mərkəzləri... hamısı... hər yer bağlandı. Hər yer boşaldı, xəstəxanalar doldu.

– Niyə bağlandı ki, hər yer? İfrat istehlakın qabağın almaq üçün? - uşaqlardan biri çox sadəlövh sual verəcək.

– Yox, adə. Virus yayılmışdı da. Demirəm, korona var idi hər yerdə?

– İndi də var da. Bir havasüzən nə olan şeydi, qoyursan, bütün virusları öldürür havada. Daha hər yeri bağlamaq nə idi ki, bu nə cahil münasibətdi? - uşaqlardan biri deyib digərlərinə baxacaq, o birilər də üzlərində "vallah da" ifadəsilə başlarını tərpədəcək.

– Əşşi. Kefdən danışırsız e. – bizimki gileylənəcək. – o vaxtı elə şeylər yox idi. Elə həmin korona ilə müharibə vaxtı tapıldı. Müharibə demişkən, hələ üstəgəl, müharibə də oldu, indi ona da gələcəm. Nə isə bağlandı hər yer. Mənim atam o vaxtlar günəmuzd işləyirdi. Restoranda ofisiant idi. Toy oldusa, qazancı var idi, olmadısa, heç nə. Təsəvvür elə, aylarnan ölkədə toy qadağan olundu. Allah sizə göstərməsin, çox çətin vaxtlar keçirtdik. İnsanlar bir-birinə kömək eləməsəydi, qırılardı millət. Camaat pul yığıb, ərzaq-zad alırdı, aparıb kasıb ailələrə paylayırdılar. Məsələn, şair Elşən Mehdi çox əziyyət çəkdi həmin ərəfədə, qapı-qapı gəzib insanlara yemək daşıyırdı, ərzaq daşıyırdı.

– Uy daaa. - Uşaqlar nidalanacaq. - Elşən Mehdi? İroniyaya bax e ala, çörək tapmırsan yeməyə, ancaq qapına Elşən Mehdi gəlir. Səviyyə! Kasıblar xoşbəxt olub onda. - sonra uşaqlardan biri soruşacaq:

– Əmi, o vaxtlar sosial sığorta-zad da yox idi? Ya bizim başımızı qatmaq üçün maraqlı nağıl fikirləşmisən? – Güləcəklər.

– Eehh, ay bala – bizimki dərindən ah çəkəcək. – Sizə nə var e. İnkişaf eləmiş ölkədə doğulmuş uşaqlarsız. Bizim vaxtımızda üç cür ölkə var idi: inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələr, və inkişaf etməmiş ölkələr. Ancaq onda Azərbaycan bu üç kateqoriyadan heç birinə aid deyildi, biz onda inkişaf etməməkdə israrlı olan ölkə idik.

– İndiki Ermənistan kimi? – uşaqlardan biri soruşacaq.

– Yox, daha o qədər də, yox, ancaq Avropa ölkələri ilə müqayisədə vəziyyət yaxşı deyildi də. Onda Rusiya da güclü dövlət idi, o da bizim işimizi çətinləşdirirdi. Ancaq bu ayrı söhbətdi. Sizə pandemiyadakı komediyadan danışım, gülün bir az. Məsələn, hər yerdə pandemiya elan olundu, yəni normal ölkələrdə, insanlara evdə qalmağı tapşırdılar. Səhiyyə nazirləri radiodan, televiziyadan tez-tez hesabatlar verirdi, xalqa müraciət edirdi, xahiş edirdi ki, evdə qalın, təmizliyə diqqət edin, sosial məsafə saxlayın… Həmin ərəfədə bizim ölkədə çox danışdıqlarına görə populyar olmuş insanlar var idi, özlərini guya savadlı adam kimi sırımışdılar bizə. Onları televiziya kanallarına çıxardıb koronavirusların törətdiyi xəstəliyin ciddi olmadığını, qorxulu olmadığını dedirtdilər, koronaya mahnı qoşdular, şeir yazdılar, Çindən Avropaya keçib biçə-biçə gələn virusu ələ salıb məzələndilər, sonra da vəziyyət ciddiləşəndə insanları bir yerə yığmaq mümkün olmadı. Özü də sonradan bütün günahı camaatın məsuliyyətsizliyinə yazdılar. – Bu məqamda bizimki görəcək ki, danışdıqlarını bu yeniyetmələr çox da anlamır. Həm də başa düşəcək ki, ona doğrudan da inanmırlar, ancaq söhbət gülməli əhvalat kimi onları əyləndirir. Ona görə soruşacaq:

– Sizə qəribə gəlir, elə? Amma mən görmüşəm bunları. Atam aylarnan işsiz qalıb. Sosial yardım ayırdılar guya, müraciət elədik, ancaq rayonda əkməyə gücümüz çatmayan balaca torpaq sahəmiz olduğuna görə bizə vermədilər. Halbuki biz elə Bakıya ona görə köçmüşdük ki, dolanaq, çünki torpaq əkmək üçün də müəyyən qədər pulun olmalı idi.

– Bəs fermalar?

– Onda ferma-zad yox idi. İndi yaxşıdı, hər yer əkilir, biçilir. Onda tamam ayrı cür idi. Görürəm, sizə qəribə gəlir.

– Yoox. – uşaqlardan biri digərlərinə göz vurub deyəcək, – daha televiziyanın, radionun olduğu qədim zamanlar imiş də, hər şey ola bilər.

– Axırı necə oldu pandemiyanın? – uşaqlardan biri maraqlanacaq.

– Axırı heç nə. Virus dedi, ya sizə verən Allah, ya mənə. Nə billah elədilər, virusun axırına çıxa bilmədilər. Gördülər, mümkün deyil, məcbur olub karantini-zadı ləğv elədilər, virus da kimi bacardı, apardı, kimi bacarmadı, aparmadı. Bir az sonra vaksin tapıldı, onu da gah elətdirdilər, gah elətdirmədilər, gah dedilər vaksin effekt vermir, gah dedilər, nə bilim başqa ştamları yaranır virusun, qərəz o da yaramadı. Hardasa 4-5 il sonra 6G kəşf olundu, gördülər ki, onunla havada virusları öldürmək olurmuş, sonra o sən deyən filtrlər çıxdı, indi hər yerdə var. Elə o vaxtlardan deyirəm də sizə, hər şey tərsinə gedirdi bizim ölkədə. Təsəvvür eləyin, camaat karantini bitirəndə, bizimkilər ayıldı ki, "yox e, yaxşı deyil, biz də bir az evdə qalaq, virusu biz də ciddi qəbul edək" və dünyada karantin bitəndə bizdə sərtləşdirməyə başladılar.

– Hahaha - uşaqlar bir ağızdan güləcəklər.

– Gülün, gülün. Hələ bu harasıdır?! Ən gülməlisi qabaqdadır hələ. Təsəvvür eləyin, ölkədə pandemiyanın qırğın vaxtlarında səhiyyə naziri bir dəfə çıxıb Allahın bir "Allah şəfanızı versin"inindən demədi camaata. Baş epidemioloqun isə ümumiyyətlə söhbətdən xəbəri yox idi.

Uşaqlar növbəti dəfə şaqqanaq çəkib güləcək. Bəlkə, biri əlavə edəcək ki, "bu əla oldu, qəşəng zarafat idi".

Acı-acı gülümsəyən bizimki, danışmağa davam edəcək:

– Bu azmış kimi bir az sonra ölkədə müharibə oldu.

– Hə, – uşaqlardan biri bizimkinin sözünə qüvvət deyəcək, – adətən, ölkədə vəziyyət pis olanda müharibə edib baş qatırmışlar.

– Yox, onu ermənilər elədi. Elə baş qatmaq istədilər, ancaq başlarında çatladı. Müharibənin detallarına girməyə ehtiyac yoxdu, ancaq bir qəribə şey oldu. Çoxdan, lap çoxdan yatmış xalq bir gecədə ayağa qalxdı. Millət axışdı küçələrə. O, uzanmış, ya oturmuş adam birdən ayağa duranda başı gicəllənər ha, bax onun kimi, camaatın da başı gicəlləndi, elə bil, gedib girdi Milli Məclisin binasına. Belə anlaşılmaz, gözlənilməz bir şey oldu vəəə...

Uşaqlar qəşş eləyəcəklər. Biri gülməkdən gözü yaşara-yaşara deyəcək:

– Əmi, Allaha and olsun, çox xoşum gəldi. Çox maraqnan bəzəyirsən.

Sonra uşaqlar birtəhər toxdayandan sonra biri o birilərə baxıb təsdiq alaraq deyəcək:

– Əmi, biz bunları dərsdən keçmişik. Tovuz hadisələri və pandemiya dönəmi ilə bağlı tarix kitablarımızda videolar var. Sən dediyin kimi olmayıb. – Uşaq qoluna taxdığı, saatı da göstərə bilən alətə səsli tapşırıq verəcək ki, 2020-ci ilin yay hadisələrini açsın, havada işıqlanan şüalarla həmin tarixin görüntülərini əks etdirən video oxunacaq. Çox baxımlı qurğulanmış bu video uşaqların dərs materialı olacaq və oradakı adam müəyyən giriş verəndən sonra danışacaq: "... lakin atılan düzgün addımlar sayəsində Azərbaycan pandemiya dönəmini regionda ən az itki ilə başa vuran ölkə oldu...

– Saxla, saxla. – Bizimki deyəcək. – Orda dedi e, regionun ən, nə bilim, nəsə...

– Ən az itki verən, – uşaqlardan biri kömək edəcək.

– Ay sağ ol. Bir şey deyim, yadınızda saxlayın. Harada ki, "regionun ən" ifadəsini eşidirsiniz, bilin ki, orada nəsə problem var. Bu ifadə, çox şübhəli ifadədi. O vaxtlar qulağımız döyənək olmuşdu bu sözdən. Nəsə davam elə.

– Video davam edəcək və belə bir şey də deyəcək, – "...daim xalqın yanında olduğuna, pandemiyanın idarə olunması və labüd fəlakətin önlənməsində göstərdiyi əvəzsiz xidmətlərə, həmçinin, atdığı qabaqcıl və uzaqgörən addımlar sayəsində itkini minimuma endirdiyinə görə Səhiyyə Naziri, Operativ Qərargahın rəhbəri, o cümlədən, Tibbi Ərazi Bölmələrinin İdarə olunması Birliyi (TƏBİB) rəhbərliyi orden və medallarla təltif olundular..."

Yəqin ki, o uşaq video-paraqrafın əlavə məlumat hissələrini ötürüb bunları da dinlətdirmək istəyəcək:

"Regionun ən böyük tibbi müəssisənin açıl..."

– Saxla. – Bizimki deyəcək. – Gördünüz? Təzədən regionun ən, nə bilim, nəyisə. – Uşaqlar bir-birlərinə baxacaq, dodaq sıxıb qaş qaldıracaqlar.

– Yaxşı da, əmi, – uşaqlardan biri qımışaraq deyəcək. Kitabdı e bu. Dərs kitabından göstərirəm sənə, yenə nağıl danışırsan?

– Həə, sizi qınamıram, sizin server yüklənməsindən xəbəriniz yoxdu da. İndi yadıma düşdü. "DataBum" da eşitməmisiniz?

– DataBum eşitmişik, – aralarında nisbətən böyük olan yeniyetmə deyəcək. – Dünya media serverləri informasiya ağırlığına dözməyəcəyinə görə lazımsız və yanlış hesab olunan informasiyaların sıfırlanması qərarı olub. Mənasız, boş paylaşımlar silinib, lazım olanlar saxlanıb.

– Ay sağ ol, – bizimki deyəcək. – məsələ elə budur. On doqquz il əvvəl, 2031-də sən deyən kimi serverlər artıq informasiyadan təmizlənməli idi və lazım olanlar, yox, məhz kimlərəsə sərf eləyən məlumatlar saxlanıldı, qalanları silindi. Bir gecənin içində. O qədər video, o qədər yazı, o qədər material yoxa çıxdı. Ona görə siz indi elə bilirsiniz ki, nə görürsünüzsə, elə o düzdü. Siz, uşaqlar, həqiqəti belə videolarda-zadda axtarmayın, maraqlıdısa sizə, o vaxtın hekayələrin, romanların oxuyun. Yaxşı ki, kitablar media ağırlığı yaratmır, yoxsa onları da yandırardılar. Kitablarda qalıb, həmin vaxt yazılan kitablara baxın siz. Belə dərslikdə-zadda ancaq kimlərinsə maraqlarıdı. – Bizimki dayanıb bir az fikrə gedəcək, sonra təəssüflə davam edəcək, – mən də siz yaşda olanda "Ən yeni tarix" kitabımdan 90-cı illər hadisələrini atama oxuyanda demişdi ki, bunlar hamısı nağıldı, necə istəyiblər, elə də yazıblar. Demişdi, bunlar hamısı mənim gözümün qabağında olub. Danışmışdı xatırladıqlarını, mən də atama inanmamışdım. Nə isə, gedin, bala, gedin, kitab oxuyun. Analiz eləyin, düşünün. Dünya soyuyacaq. Görün, necə isitmək olar.

Uşaqlar qalxıb təkərsiz yürgənlərinə minəndə biri deyəcək:

– Narahat olma, əmi. Soyuqlaşmanı da elə sizin dövrdən qalma alimlər deyir. Onlara etibar yoxdu. Bir virusa görə hər yeri bağlamaq a... belə də qərar olar? – uşaqlar gülüşüb yürgənlərini sürüb şütüyəcəklər.

İyul 2020 - Cenevrə.
Redaktə: Cəlil Cavanşir

# 2833 dəfə oxunub

Müəllifin son yazıları

# # #