Kopenahgen pişikləri - Ceyms Coysun nəvəsinə yazdığı hekayəsi

Kopenahgen pişikləri - Ceyms Coysun nəvəsinə yazdığı hekayəsi
13 yanvar 2024
# 10:20

Bu gün görkəmli irland yazıçı Ceyms Coysun anım günüdür.

Kulis.az onun nəvəsinə yazdığı "Kopenhagen pişikləri" hekayəsini təqdim edir.

Heyif ki, sənə Kopenhagen pişiyi göndərə bilmirəm. Çünki Kopenhagendə pişik yoxdur. Orda çoxlu-çoxlu balıq və velosiped var, amma pişik yoxdur.

Burda heç polis də yoxdur. Bütün polislər gününü evdə, çarpayıda keçirdir. Onlar səhərdən axşama qədər böyük Danimarka siqarları çəkib ayran içirlər.

Qırmızı geyimli çoxlu-çoxlu oğlanlar bütün günü velosipedlə teleqram, məktub və açıqca daşıyır. Bunlar yolu keçmək istəyən qarıların və çoxlu şirniyyat üçün evə yazan uşaqların, bir də Ay haqqında nəsə öyrənmək istəyən qızların polislərə yazdığı məktublardır.

Polislər o məktubları elə çarpayıda, siqar çəkib ayran içə-içə oxuyurlar. Sonra qırmızı geyimli oğlanlara müvafiq əmrlər verirlər və oğlanlar da qayıdıb məktub yazanlara nə etmək lazım olduğunu çatdırır.

Mən növbəti dəfə Kopenhagenə gedəndə özümlə pişik aparacağam və danimarkalılara pişiyin kiminsə köməyi olmadan yolu necə keçdiyini göstərəcəyəm. Və yerli sakinlərə bunu göstərmək pişik üçün heç də baha başa gəlməyəcək (özün fikirləş!).

Bütün günü yataqda uzanıb siqar çəkən pişik təsəvvür edə bilərsən? Ayrana qalanda isə, heç bir pişik ona dilini də vurmayacaq. Çünki onlar üçün çoxlu balıq var!

Bəs sən bu barədə nə fikirləşirsən?

Tərcümə: Həmid Piriyev

# 1713 dəfə oxunub

Müəllifin son yazıları

# # #