Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi
14 dekabr 2024
# 15:00

Bu gün yazıçı Əyyub Qiyasın doğum günüdür.

Kulis.az yazıçını bu münasibətlə təbrik edir və onun "Doğum evinin yanındakı morq" adlı hekayəsini təqdim edir.

Hər dəfə sovet-alman müharibəsindən gedən filmlərə baxanda babam yadıma düşür.

Uşaqlıqda həyətdə o qədər dava-dava oynamışıq ki... heç kəs "nemes" olmaq istəmirdi. Sonradan bildim nemeslə almanın eyni məna verdiyini, amma almanla faşistin fərqli olduğunu.

Babam İkinci Dünya müharibəsində sovetin tərəfində vuruşmuşdu. Nənəm uzun illər: "baban müharibədə qəhrəman kimi döyüşüb" deyirdi. Nənəm bəy qızı idi, o vaxt şura hökuməti qurulanda bütün nəsli-kökü Arazın o tayına, ordan da yarısı Fransaya, bir parası da, nədənsə Tunisə qaçmışdı. Tunisə ey, başınıza dönüm... Nəsə, Tunisə qaçanlardan səs-soraq çıxmamışdı sonra, amma Fransaya qaçanlar gizli-xəlvət yollarla sağ-salamat olduqlarını xəbər eləmişdilər nənəmə.

Bax, mənə qalsa, dağılmış bir ölkənin uğursuz rejissoru olmağımın günahkarı nənəmdir. Əgər o vaxt mədrəsə yoldaşı Şərəfnisəyə qoşulub onun Astarxanbazarda ərdə olan bacısına baş çəkməyə getməsəydi, qaxılıb öz evində ölsəydi (nənəm özü belə deyirdi ha... mənsə sonradan bildim Cəlilabadın əvvəlki adı Astarxanbazar olub), nəsli-kökü Arazın o tayına, ordan da Fransaya, ya da Tunisə qaçanların yanında olsaydı, mən də indi ya Fransada, ya da Tunisdə doğulardım. Ya Parisdə model (uzunboy, yaraşıqlı oğlanam da, yəqin ki, məşhur model idim indi), ya da Tunisdə (Məşədi İbad demişkən) pambıq bəyi olardım. Yaşa da, özünçün...

Nəsə... nemesdən danışacaqdım, yenə söhbətin başını aparıb çıxartdım Fransayla Tunisə... Hə, babam İkinci Dünya müharibəsində sovetin tərəfində vuruşub, özü də evə gələn qara kağıza görə Kerçdə qəhrəmancasına həlak olub. Nənəm o qara kağızı göz bəbəyi kimi qorudu uzun illər, amma bir gün hər şey bitdi...

1985-ci ildə, mənim 17 yaşım, Böyük Vətən müharibəsində qələbənin 40 illiyi təntənə ilə qeyd ediləndə isə, o vaxt göstərən yeganə televiziya kanalında müharibə xronikası verirdilər. Nənəm babamın müharibədən göndərdiyi şəkli böyüdüb evdəki xalçanın üstündən asmışdı axı, ona görə də qəhrəmanlıqla həlak olan kişinin simasını əzbər bilirdim. Birdən ekranda qəhrəmancasına həlak olan babamın iri planda simasını gördüm. Eləmə tənbəllik, oturduğum yerdən dik atıldım... Dilim dolaşdı... Ən azı on saniyə sadəcə, "Aaaaaa!" deyə bildim. Sonra "Babam!" deyib çığırdım. Bəli, Kerçdə qəhrəmanlıqla həlak olan babamı televizorda göstərirdilər. Özü də Varşavanı azad edən sovet əsgərlərinin arasında... həm də... polyak qızlarının əhatəsində.

Nənəmin babama olan sevgisi, etibarı, sədaqəti bununla da bitdi... Mənə görə Fransada olan bütün model qohum əqrəbasını söydü, yenə mənə görə Tunisdə olan bütün pambıq bəyi yaxınlarının yeddi arxa dönənini topa tutdu. Tərslikdən həmin xronikanı ertəsi gün səhər saatlarında bir də təkrar verdilər. Bilmirəm, qəsdənmi, ürəyinəmi dammışdı ona görə... nənəm səhərdən televizorun qabağını kəsdirib oturmuşdu və xronikanı ikinci dəfə verəndə az qala, ekrandan hoppanıb televizorun içinə keçəcəkdi:

- Odur da, muzdur köpəkoğlu! Özüdür! Gör necə gülür?! Külümü qoyum sənin o gülən arsız sifətivə...

Sonra qəfildən susub, hönkür-hönkür ağladı nənəm. Nemesə dədə-nənə saxlamadan ağladı. Dedi ki, görüm Hitlerin goru çatdasın, əgər müharibə salmasaydı, Xurşudun (yəni babamın) nə ölümü var idi o xarabalarda?!

Nənəm təkliyinin, köməksizliyinin günahını ancaq nemesdə görür, nemesi qınayırdı. Arvad nemesi qınaya-qınaya şəkərli diabet xəstəsi oldu. Hər dəfə xəstəxanadan diabet xəstələrinə verilən pulsuz dərmanları alanda növbə, qara-qışqırıq, haqsızlıq, oğurluq, oğraşlıq səhnələri ilə qarşılaşan nənəm "hökumətin verdiyi dərmanı oğurlayıb altdan satanları da" bir vaxtlar Hitlerə elədiyi kimi dədə-nənə saxlamadan söyür, "nemes köpəkuşağı" qarğıyırdı. Arvadı zorla sakitləşdirirdim. Amma bir gün yenə hər şey dəyişdi. Xəstəxanadan özləri zəng vurub xəbər verdilər ki, sabah gəlin, dərmanlarınızı aparın. Nənəm:

- Boy, gün hayandan çıxıb? - heyrətlə dedi. - Ayın başına hələ var, bu nə dərmandır?

Bəli, səhər açıldı, nənəmi maşına mindirib apardım xəstəxanaya. Deyim ki, növbə yox idi, yalan olar. Növbə var idi, amma beş-altı nəfər, diabet xəstələri sıra ilə dərmanlarını qoltuqlarına vurub, üzləri gülə-gülə xəstəxanadan çıxırdılar. Yenə ibnə məndən keçdi. Maraqlandım, "görəsən, nə olub? Nə əcəb belə sakitliklə dərman paylayırlar, özü də vaxtından on yeddi gün əvvəl?!" Cavabı eşidən kimi qaranəfəs qaçdım özündən əvvəldəki iki nəfərdən sonra növbə gözləyən nənəmin yanına və sevincək:

- Deyirəm də, - güldüm, - dünya dağılsa, bizimkilər belə sakitliklə, belə qanun-qaydayla pulsuz dərman paylamazlar. Odey, alman nümayəndə oturub orda, alman hökumətinin humanitar yardım kimi göndərdiyi dərmanların qanun-qayda ilə paylanmağına bir-bir nəzarət eləyir... yəni onların da bizimkilərə etibar...

Nənəm sözümün ardını gətirməyimə imkan vermədi.

- Dedin hansı hökumətdi pulsuz dərman paylayan? - soruşdu.

- Alman hökuməti, - cavab verdim.

- Yəni, nemeslər?

"Zibilə düşdük, - ürəyimdə dedim, indi mərəkə qopacaq".

- Əgər o dərmanı nemeslər pulsuz-parasız paylayırlarsa, özləri gəlib qanun-qayda ilə sahibinə çatmağa göz qoyurlarsa, onlara nemes deyənin ağzı əyilər. Əəə, nemes bunlardır ey, bunlar! (Ayağa qalxıb əlini uzun dəhliz boyu oynada-oynada bütün həkimləri, tibb işçilərini nişan alandan sonra şəhadət barmağı baş həkimin qapısına tuşlanıb qaldı.) Öz hökumətimizin öz adamına verdiyi dərmanı oğurlayıb satanlardı nemes!

Və s... və ilaxır...

O gündən nənəm nə babama, nə nemesə, nə də polyak qızlarına qarğımadı. Çünki deyəsən, alman hökumətinin göndərdiyi humanitar yardıma görə çox sevinmişdi. Elə hey, dərmanları qabağına qoyub geninə-boluna qəbul elədi, amma təəssüf, bu sevinci cəmi on bir gün çəkdi, düz on bir gündən sonra nənəmin ürəyi bu sevincə dözmədi.

***

"Kar köpəyin qızı! Qarnı getmir ey, sancılanır! Sancı! Doğuş sancısı!"

"Altmış doqquz yaşı var... ürəyidir deyəsən... ürəyi..."

"Altmış doqquz yaşında doğuş sancısı keçirir?"

"Ay qız eşitmirsən, ürəyi ağrıyan başqasıdır... Mənimsə qızım doğur, qızım..."

"Ay yoldaş, bir-bir danışın... heç nə başa düşmürəm..."

Elə bil şəhərin bütün rabitə xətlərini bir yerə qoşmuşdular, bütün şəhər eyni vaxtda təcili yardıma zəng vurmuşdu. Bu qarışıq danışıqların içində mənə tanış gələn səslər də var idi. Az qala, nənəmin xəstəliyini unudub "kimin doğuş sancısı tutub?" soruşacaqdım, amma nədənsə cürətim çatmadı.

Telefonu qulağımdan ayırıb bir müddət üzündən nur yağan nənəmə baxdım. Həmişəki kimi çarpayıda uzanıb, gözlərini sakitcə tavana zilləmişdi, amma deyəsən, daha bu dünya ilə bütün əlaqələrini üzmüşdü. Mənə elə gəlirdi ki, indi onun da beynində o biri dünyadakı adamların səsləri bir-birinə qarışıb.

Başa düşdüm ki, təcili yardımdan bir şey çıxmayacaq. O vaxta qədər anam da paltarını geyinmişdi. Nəfəsi darala-darala otağa girib:

- Daha gözləməyin yeri yoxdur! Dur arvadı al qucağına, qoyaq maşına, aparaq xəstəxanaya.

Onu xəstəxanaya çatdırsalar da, xeyri olmadı. Məncə, sevincdən ölən adamlar xoşbəxt gedirlər o dünyaya. Deyəsən, nənəm uzun illər nemes məsələsində yanıldığını dərk etdiyi üçün həm sevinmiş, həm də bir az pərt olmuşdu.

Cəmi yeddi saat xəstəxanada qalandan sonra arvad keçindi... Son nəfəsində bir-iki saniyəlik gözlərini açıb xırıltılı səslə anama demişdi ki:

- Ay Sona, mən gedirəm, muzdur köpəyoğlu Xurşud məni çağırır!

***

Səftər elektrik idi, maşın elektriki, "Zaprojest" maşınlarının elektrik işini bu şəhərdə ondan yaxşı bilən yox idi. Bu gün Rza müəllim axır ki, dörd aydan qalan borcunun qalanını da gətirib Səftərə vermişdi. İyirmi manatın (söhbət sovet rublundan gedir, ha) bərəkəti olmamışdı Səftər üçün. Dörd aya ayda beş rubl nə pul idi ki... Amma Səftərin Rza müəllimə böyük hörməti var idi, hər dəfə beş rublu alanda demişdi ki, "müəllim, vallah, ehtiyacım olmasaydı almazdım". Rza müəllim də hər dəfə "beşliy"i Səftərin kirli, yağlı, nimdaş köynəyinin döş cibinə basanda:

- Götür, qudurma, xərcələyərsən, az puldu bəyəm? - deyib, gülə-gülə öz Nuh əyyamından qalan "zapısı"na oturub getmişdi.

"Yox ey, bu gün bayram eləmək olar", - Səftər ürəyində fikirləşmişdi. Sonra emalatxananın operator otağından keçmiş məktəb yoldaşı Rüstəmə zəng vurub:

- Qulaq as, günortadan sonra boşam, - demişdi. - Sən Elməddini də tap, oturaq, başımızı açaq. Həmişəki kimi, kimin cibindən nə çıxsa, Allah bərəkət versin. Yenə "nemesi çağırarıq", ha-ha-ha!

Dostlar vədələşdikləri kimi, saat ikidə "Vaqif" kinoteatrının qarşısında görüşmüşdülər. Sonra da "nemesi çağırıb" hər kəs cibindən çıxanı qoymuşdu ortalığa. Yarım litr "Russkaya vodka" (Bakı Şampan şərabları zavodunun istehsal etdiyi beş manat iyirmi qəpiklik bal kimi araq), bir qarpız (səksən qəpik), bir limonad (on altı qəpik), iki zavod çörəyi (altmış qəpik) və yetmiş qəpiklik pendir, bir rubl iyirmi qəpiklik "Doktorskaya kolbasa" alandan sonra bir-birinin üzünə baxmışdılar. Çünki ciblərində bundan başqa nə "manat", nə də "qəpik" qalmışdı.

- Yaxşı, bəs harda oturaq? - Rüstəm narahatlıqla soruşmuşdu.

Səftər gözlərini döyə-döyə dostlarına baxıb:

- Doğrudan ey, harda oturaq, bəs? Parkda otursaq, milis imkan verməyəcək. Gəlib-gedənlər də bir yandan alkaş gözü ilə baxacaqlar bizə. Hələ tanış-biliş də görə bilər...

- Dayanın ey, - beyni kreativ fikirlərlə dolu olan Elməddin dostları çıxarmışdı vəziyyətdən. - Gedək doğum evinin həyətinə.

- Dəlisən? - Səftər gah Rüstəmə, gah da Elməddinə baxıb gözlərini döymüşdü.

- Eliş düz deyir, Səftər! Doğum evinin həyətində bizə ilişən olmaz. Payızda Elişin qızı olanda sən şəhərdə deyildin. Onda da doğum evinin həyətində oturub vurmuşduq. Əla yerdir. Getdik.

Rüstəm irəli keçib üzü yaxınlıqdakı doğum evinə tərəf addımlamağa başlamışdı. Elməddin Səftərə göz vurub Rüstəmin ardınca getmişdi. Səftər isə bir müddət key-key dostların ardınca baxandan sonra Rüstəmin geri baxmadan əl edib:

- Gəl də, kimi gözləyirsən? - deməyindən sonra iti addımlarla gedib özünü onlara çatdırmışdı. Yolüstü su avtomatından bir dənə daş stəkan da oğurlayıb getmişdilər doğum evinin həyətinə.

***

Arvadı morqdan çıxarmaq üçün gedəndə səhvən maşını doğum evinin qabağında saxladım. Əslində, doğum evi ilə morqun arasında cəmi otuz metr ara var idi, amma mən o həyətə nənəmin meyitini almağa görə getmişdim, məncə, doğum evi ilə morqun yerini səhv salmamalıydım.

Maşından düşüb ətrafa baxdım. Doğum evinin qabağındakı çardağın altında üç nəfər oturmuşdu. Qarşılarında doğranmış qarpız, pomidor-xiyar, pendir, limonad və bir də araq var idi. Ətrafda başqa adam görmədiyim üçün onlara yaxınlaşdım:

- Salam, nuş olsun! - dedim.

- Vallah, bir azdan durub gedirik! - onlardan biri həyəcanla dilləndi.

- Yox ey, işinizdə olun! - adamları sakitləşdirməyə çalışdım.

- Kim satdı bizi? - o biri soruşdu.

- Nə? - çaşıb qalmışdım.

Üçüncüsü heç nə demədən stəkandakı arağı başına çəkib üstündən bir dilim pendir atdı ağzına. Sonra başını dik tutub:

- Öldürəcəysiz bizi? Gücümüz buna çatır da! Nemes-filan qələt eləyir bizim yanımızda. Bizdə kimin gücü nəyə çatsa, Allah bərəkət versin! - birnəfəsə dedi.
Sonra üçü də susub məyus-məyus süfrəyə baxdılar.

Heç nə başa düşmürdüm.

- Qadan alım, yəqin narahat elədim, morq hansı tərəfdədir, morq?..

Sən demə, mən gələndə, onlar hələ cəmi birinci badəni vurmağa hazırlaşırmışlar. Rüstəmin məni görəndən sonra başına çəkib içdiyi, üstündən bir dilim pendir yediyi də məclisin lap əvvəlində olmuşdu. İndi mən də hər şeyi unudub onlara qoşulmuşdum. Fikirləşirdim ki, bu "nemes" məsələsində mənim də payım olmalıdır. Ona görə də cibimdən üstündə Lenin babanın kəlləsi olan bir onluq çıxarıb ortaya qoydum ki, buna da araqdan-zaddan alaq, məclis davam eləsin.

Amma bu vaxt doğum evinin qapısı taybatay açıldı. Bir orta yaşlı, saçları vurduğu xınadan qıpqırmızı olan, yanaqları sallaq, kök tibb bacısı qaçaraq bizim üstümüzə şığıdı:

- Muştuluğumu ver, oğlun oldu!

Matı-qutu qurumuş halda dördümüz də bir-birimizə baxdıq. Muştuluq xəbəri kimə gəlmişdi, heç birimiz bilmirdik. Amma görürdüm, məndən başqa o biri üç nəfər masaya qoyduğum qırmızı onluğa baxırdı.

Gülə-gülə həmin onluğu götürüb muştuluğa gələn tibb bacısına uzatdım:

- Şad xəbər olasan, ay xala! Belə tez olacağını bilmirdim.

Qadın onluğun süfrədən ayrılmağını gözləmədi, pulu göydəcə qamarlayıb üzümə güldü.

- Allah saxlasın! Atalı-analı böyüsün! Yoldaşın da yaxşıdır. Nəsə sözün varsa de, çatdırım, - tibb bacısı dedi.

Çaşıb qalmışdım. İlk dəfə idi belə "zibilə" düşürdüm.

- Deyərsiz ki, çox sevindim!

Qadın yekə bədəni ilə necə şığıya-şığıya gəlmişdisə, elə şığıya-şığıya da gedib doğum evinin qapısı arxasında itdi.

- Halaldı sənə! - bunu Səftər dedi. - Pul verməsəydin, şübhələnib hay-küy salacaqdı.

- Əşşi nə haladı ey, - Elməddin narazılıqla dodaqlarını büzdü. - Gül kimi oturmuşduq da, hələ bir də araq, kolbasa-zad ala bilərdik. Mərdiməzarı axtarmaqla deyil ki...

- Nəsə, keçdi daha, vuraq! - bunu da Rüstəm deyib, stəkana araq süzdü.

Yox, əlbəttə, belə gözəl uşaqların belə gözəl məclisini korlamaq olmazdı. Dünyaya gələn körpə hər kimin övladıdırsa, dəxli yoxdur, buna sevinməyə dəyər. Kimsə bu gün ata olmuşdu. Kiminsə evində bu gün bayram idi. Bəlkə o körpə gələcəkdə dünyanı xilas eləyəcək bir iş görəcəkdi. Bəlkə həkim olub, yüzlərlə can qurtaracaqdı. Bəlkə müəllim olub yüzlərlə şagirdə savad, elm öyrədəcəkdi. Bəlkə bizim ən böyük generalımız olacaqdı bu gün doğulan o uşaq. Yox, ey, yox, əlbəttə, bu günü qeyd eləməyə dəyərdi. Bu süfrədə mənim də "nemes" payım olmalıydı.

- Narahat olmayın, uşaqlar! - bayaqdan bəri davam edən üzücü sükutu mən pozdum. - Elə bilək, doğrudan da, mən ata olmuşam. Taledir də, əslində mən də ata ola bilərdim. O uşağın doğulmağını bu gün elə burda qeyd eləyəcəyik. Mən indi gəlirəm.

Maşına oturub getdim. Bazarlıq edib qayıdanda süfrədəki araq olduğu kimi qalmışdı. Burada tanış olduğum üç dost məni görəndə heyrətlə bir-birinə baxdılar. Torbadakı ərzağı boşaldıb süfrəyə qoyanda Səftər qolumdan tutub, məni saxladı.

- Bir dəyqə dayan ey, tələsmə!

- Düz deyir, gözlə bir az, - bunu isə Rüstəm dedi. - Əvvəlcə o arvadnan görüş, sənə sözü var.

Rüstəmin göstərdiyi səmtə baxanda gözlərimə inanmadım. Keçmiş qayınanam idi. Düz dörd ay əvvəl indi mənə baxıb gülən o adamın üzündən həyat yoldaşımla mübahisə eləyib, ondan ayrılmasaydım (özü də qız hamilə ola-ola), iki ay sonra bir az əvvəl verdiyim muştuluğu məndən haqlı olaraq ala bilərdilər. Biz isə indi bir-birini sevən iki ayrı adam kimi uşağın dünyaya gəlməyindən sonra boşanmaq üçün məhkəməyə ərizə yazacağımız günü gözləyirdik.

- Hə, eşidirəm! - kobud başladım girişi. Çünki xoşum gəlmirdi bu qadından. Oturub-durub nənəmə söz atırdı. Deyirdi ki, cavanlara (guya bizə) mane olma. Get, oğlunnan yaşa. Qoy öz gəlinin qulluq eləsin sənə. Mənim qızım (yəni mənim həyat yoldaşım) Sonanın (yəni anamın) gəlinidir. Görürsən, Sona da kiçik oğluyla qalır. Sən də get öz oğlunnan yaşa. Amma nənəmin mənimlə qalmağını özüm istəmişdim. Anamdan da, atamdan da çox ona bağlıydım mən. Məni o böyütmüşdü. Xəstələnəndə o yuxusuz gecələr keçirmişdi mənim üçün. Mənə o nağıl danışmışdı. Diplomumu alıb evə gələndə bənövşəyi rəngli iyirmi beş manatı muştuluq kimi birinci dəfə o qoymuşdu arasına. Evlənməzdən əvvəl gələcək həyat yoldaşıma bunların hamısını demişdim. Razılaşmışdıq əvvəlcədən nənəmin bizimlə qalacağını. Hətta demişdim ki, bax, mən səni çox sevirəm, amma nənəmi səndən əvvəl sevmişəm. Birdən arada narazılıq olsa, səni sevsəm də, qadınım olsan da, nənəmin tərəfini tutacağam. Bu üzdən ayrılsaq, sənin üçün darıxsam da, ölsəm də, nənəmi buraxan deyiləm. Dörd ay əvvələ qədər hər şey əla gedirdi. Birdən qayınanam aləmi vurdu bir-birinə. Nənəmi evdən qovmaq istədiyini eşitdim. Mən də əlbəttə ki, qayınanamı qovdum evdən. Dedim, bir də bizə gəlmə. Qızı da (həyat yoldaşım) ağlaya-ağlaya şələ-küləsini yığışdırıb anasıyla getdi. Hər gün qayıdacağını gözlədim, qayıtmadı. Nənəm üç dəfə getdi qızın atasıgilə, hər dəfə qapıdan qovdular arvadı. Bəlkə də şəkəri ona görə artdı yazığın. Sonradan anamın da qayınanamla, yoldaşımla görüşüb onları yola gətirməyə çalışdığını öyrəndim.

- Bura niyə gəlmisiz?

- Deyirəm, ay Mahir, dünyanın işinə bax da! - qayınanam adəti üzrə zəhləm gedən qılıqlı səsini işə salıb, ciddiləşdi. - Düz deyirlər ey, sevincnən kədər qoşadır. Allah rəhmət eləsin!

- Rəhmət? Kimə?

- Solmaz arvadı deyirəm də. Axır qəmin olsun, oğlum! Həm də gözlərin aydın olsun! Təbrik eləyirəm. Zalım oğlu iki ay dözmədi ey, yeddi aylıq doğuldu. Allah saxlasın! Atalı-analı böyüsün!

Hələ də arvadın nə dediyini, nə demək istədiyini başa düşmürdüm.

- Kim ölüb? Kim doğulub? Nə olub axı?..

- Boy, başıma xeyir. Necə yəni kim doğulub? Sevinci gətirmişik də xəstəxanaya. Sənin oğlun olub...
Sevincin ağlaya-ağlaya getdiyi günü xatırladım. Sona mənə keçmiş sinif yoldaşımız qızla məktub yazıb göndərmişdi. Yazmışdı ki, darıxır, məni istəyir, amma mən necə ailəmi tuturamsa, o da öz ailəsini tutmağa borcludur. Lap axırda da yazmışdı ki, doğulacaq körpəmizə yazığı gəlir. Uşaq atasız böyüyəcək...

- Sonaya zəng vurdum ki, xəbər eləyim, sevindi. Dedi, sən ordasan, ay Pəri, mənim başım yasa qarışıb. Uşaq gedib arvadı morqdan çıxartmağa. Hamı morqun həyətindədir, səni gözləyirlər.

Qayınanamın sonra nə dediyini xatırlamıram. Əvvəlcə üzü morqa tərəf beş-on addım qaçdım, sonra geri qayıtdım, süfrə açıb hələ də məni gözləyən dostlara yaxınlaşıb başımı buladım.

- Məni bağışlayın, - dedim, - həm oğlum olub, həm də yasımız düşüb, nənəm rəhmətə gedib. Morqdan götürməliyəm. Siz nuş eləyin, - sözümü qurtaran kimi qaçmaq istədim, amma Səftər qolumdan tutub qoymadı.

- Dayan görək! Səni təbrik eləyirik. Bunu içirəm, sənin oğlunun sağlığına!

Səftər yarıya qədər araqla dolu stəkanı başına çəkdi. Çaşıb qalmışdım. Ardınca o biri uşaqlar da növbə ilə stəkanları doldurub bir-bir vurdular. Lap axırda Elməddin stəkanı doldurub mənə uzatdı:

- Eşitdin, arvad nə dedi? Xeyirlə şər qoşadır. İç, sən də oğlunun sağlığına iç. Sonra da bir yerdə gedək, yasımızı yola verək.
Mən də içdim.

Morqda mənim vasvası, xanım-xatın, bəy qızı nənəmi soyuq daş üstə uzadıb, üstünə alakirli bir mələfə örtmüşdülər. Mələfəni qaldırıb arvadın üzünə son dəfə baxmaq istədim. Gözləri açıq idi, üzü gülümsəyirdi. Mən mələfəni götürəndən sonra gözləri yumuldu, sifəti də ciddiləşdi. Elə bil rəhmətlik babamla görüşə hazırlaşırdı. Yəqin o dünyada kişini görən kimi, yenə Hitleri də, nemesi də, polyak qızlarını da söyüb-qarğıyacaqdı.

Sonra doğrudan da, yası bir yerdə yola verdik. Sevinc xəstəxanadan birbaşa öz evimizə gəldi. Nənəmin otağına bir müddət toxunmadıq. Oğlumun iki yaşı olanda qayınanam ehtiyatla mənə dedi ki, ay bala, arvadın otağını abıra sal, uşaq otağı elə. Qoy onun da ruhu şad olsun.

Bu dəfə çıxmadım qayınanamın sözündən. Otağı uşaq üçün hazırlayandan sonra uzun illər əvvəl Moskvadan gətirdiyim başı yaylı Hitler oyuncağını da qoydum həmin otağa. Nənəm hər dəfə həmin oyuncağı görəndə, mən hər dəfə Hitlerin başına qapaz vuranda, baş hər dəfə yayın üstündə yırğalananda ikimiz də uğunub gedərdik.

***

"Nemes qələt eləyir, bizdə hər şey dədə-baba qaydasıynandı, özün bilirsən. Kimin cibindən nə çıxsa, "Allah bərəkət versin..."

"Gözləyin, gəlirəm..."

Düz iki ildir hər dəfə oğlum dünyaya gələn gün tanış olduğum o üç nəfərdən hansısa zəng vurub məni "qonaqlığa" çağıranda üzüm gülür.

Sonradan öyrəndim: sən demə, həmin gün biz orada olanda oğumdan başqa oğlan uşağı dünyaya gəlməyib.

16-27 noyabr 2024
Sumqayıt

# 192 dəfə oxunub

Müəllifin son yazıları

# # #