Zorlamada ittiham olunan məşhur aktyordan açıqlama

Zorlamada ittiham olunan məşhur aktyordan açıqlama
18 may 2026
# 16:47

40-dan çox filmdə rol almış fransız müğənni və aktyor Patrik Brüel çoxsaylı zorlama ittihamlarını rədd edərək öz günahsızlığını bəyan edib və sənətindən, işindən uzaqlaşmayacağını bildirib.

Kulis.az xəbər verir ki, Paris prokurorluğu aktyora qarşı Fransada ən azı dörd cinsi təcavüz şikayəti olduğunu və bu işlərin birlikdə araşdırılacağını açıqlayıb.

"Kimsəni incitmişəmsə, peşmanam"

Populyar musiqi albomlarının müəllifi olan sənətçi instaqram səhifəsində yaydığı bəyanatda özünü müdafiə edib:

"Mən heç vaxt heç bir qadını məcbur etməmişəm. Və əgər kimisə incitmişəmsə, səmimi qəlbdən peşmanam".

Bütün bunlarla yanaşı, Patrik Brüel mart ayında Brüsseldə baş verdiyi iddia edilən cinsi təcavüz şikayətindən sonra Belçikada da ayrıca bir istintaqla üz-üzədir. Hazırda Parisdə bir tamaşada rol alan 67 yaşlı aktyorun iyunun 16-da Fransa, İsveçrə, Belçika və Kanadanı əhatə edəcək böyük konsert turuna başlaması planlaşdırılır. Lakin feminist qrupların dəstəyi ilə bu konsertlərin ləğv edilməsi tələbi ilə petisiya yayılır. Buna baxmayaraq, aktyor "işini eyni fədakarlıq və ehtirasla davam etdirəcəyini" deyib.

Flavi Flamenin iddiaları və yaş fərqi

Mart ayından etibarən Fransanın "Mediapart" araşdırmaçı xəbər saytı Brüeli cinsi qısnama və təcavüzdə günahlandıran müxtəlif qadınların iddialarını dərc edir. Aktyorun son açıqlamasında televiziya aparıcısı Flavi Flamenin həmin saytda səsləndirdiyi ittihamlara xüsusi toxunulub. Brüel münasibətlərinin heç vaxt zorakı və ya məcburi olmadığını vurğulayıb:

"Mən heç vaxt şöhrətimdən kimdənsə sui-istifadə etmək və ya qarşılıqlı razılıq olmadan münasibət qurmaq üçün istifadə etməmişəm. Başa düşürəm ki, yaş fərqimiz bu gün insanlarda şübhə yarada bilər. Şöhrət və ya statusun romantik münasibəti təhrif edə biləcəyini də anlayıram".

O, həmçinin ona qarşı aparılan ictimai qınağa da etiraz edib:

"Həftələrdir bəziləri məhkəmə qərarı olmadan mənim ictimai şəkildə edam olunmağımı tələb edir. Sanki ittihamların çoxluğu həqiqəti sübut etmək üçün kifayətdir. Bu ittihamlara aydınlıq gətirmək mənim tam inandığım ədalət sisteminin işidir. Həqiqəti müdafiə etmək üçün məhkəmə qarşısında mübarizə aparacağam".

Vəkilin açıqlaması və əvvəlki qalmaqallar

Brüelin vəkili Kristof İnqren "Ajans Frans-Press" agentliyinə bildirib ki, məhkəmələr artıq onun müvəkkilinə qarşı irəli sürülən bəzi iddialar üzrə qərarlar qəbul edib. Bunlara 2019-cu ildə iki masajist tərəfindən irəli sürülən cinsi qısnama və təcavüz ittihamları daxildir ki, həmin vaxt ilkin istintaq dəlil çatışmazlığından bağlanmışdı.

Qeyd edək ki, Patrik Brüel cinsi təcavüz iddiaları ilə üzləşən fransız kino və musiqi ulduzlarının siyahısında yeganə şəxs deyil. Xatırladaq ki, ötən il kino əfsanəsi Jerar Depardye 2021-ci ildə film çəkilişləri zamanı iki qadına qarşı cinsi təcavüzdə təqsirli bilinərək 18 aylıq şərti həbs cəzasına məhkum edilmişdi. Onun apellyasiya şikayətinə isə bu ilin noyabr ayında baxılacaq.

# 61 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər