Respublika Gənclər Kitabxanasında Elm və Təhsil Nazirliyinin tabeliyində olan 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Zəfərə gedən yol” adlı tədbir keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Təsviri incəsənət dərnəklərinin üzvləri olan gənc rəssamların 8 Noyabr – Zəfər Günü ilə əlaqədar çəkdikləri rəsmlərə baxış keçirilib. Sərgidə 20-dən çox gənc rəssamın Şanlı Zəfər tarixinə həsr etdikləri rəsm əsərləri nümayiş olunub. Təqdim edilən rəsmlərin bir hissəsi Vətən müharibəsində qazanılan şanlı Qələbənin sevincini əks etdirməklə yanaşı, əksəriyyəti füsunkar Qarabağın, Şuşanın, Laçın və Kəlbəcərin görüntülərindən ibarət olub.
Tədbirdə çıxış edən kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova 44 gün davam edən və 8 noyabr tarixində əbədi və əzəli Azərbaycan torpaqlarının geri alınması, dövlətin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən müharibəsinin xalqımızın iftixar və qürur mənbəyi olduğunu bildirib.
4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Məshəti Məmmədova Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin böyüməkdə olan gənclərə örnək olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Məktəb teatrının, “Dan Ulduzu” rəqs ansablının ifasında şeir, tamaşadan ibarət kompozisiyalar və rəqslər, kitabxananın Zəfər Günü ilə əlaqədar hazırladığı təqdimat nümayiş olunub, “Qönçə” vokal-xor qrupunun ifasında mahnılar səsləndirilib.
Şanlı Zəfər tarixinin yeniyetmə və gənclər arasında təbliği məqsədilə təşkil olunan tədbirdə mərkəzin pedaqoji heyəti, dərnək üzvləri, məktəblilər, tələbə və gənclər iştirak ediblər.