"Yetişən gənclik üçün nigaranam" - Maya İmran

"Yetişən gənclik üçün nigaranam" - Maya İmran
26 iyul 2024
# 11:12

Kulis.az Maya İmranın "Bu dünya heç yaşanılası yer deyil" adlı yeni yazısını təqdim edir.

Yenə gündəlik yol xəritəmə uyğun metrodan çıxıb avtobus dayanacağına yaxınlaşdım. Ən azı 15-20 dəqiqə məni ünvana aparacaq avtobusu gözləməliyəm. Yenə eyni xanım yaxınlaşıb, təbəssümlə “xanım, M10 istifadə edirsiz?” sualını verdi. Yenə “xeyr, xanım” dedim. Nə deyəcəyini artıq əzbərləmişəm. Ona görə növbəti sualını düşünmədən, “yükləmək istəmirəm, xanım, çox sağ olun, mən avtobusdan ödənişlə istifadə etmək istəyirəm” deyib, ondan iki addım uzaqlaşdım.

O, hər gün eyni adamlara yaxınlaşdığının fərqində olmadan, robotcasına missiyasını yerinə yetirir, mən də sakitcə ətrafı seyr edirəm. Dayanacağın oturacağında bir səfil bərk yuxuya gedib. Başına milçəklər dolanır, ətrafında insanlar dayanıb. Milçəklər insanlardan daha çox acıyır onun halına. Qarşımdan ağır addımlarla bir oğlan keçir. Gün dərisini xeyli qaraltmış, saçları rəngini dəyişmiş, qolundakı yaralar yenicə qaysaq tutub. Arabir başını qaşıyır, sonra isə qolunu. Çantamı özümə bərk sıxıb, seyrə davam edirəm. Böyük avtobusun orta qapısından uzun saçlı, uzun kirpikli, böyük dodaq, kiçik burunlu, uzun dırnaqlı xanım endi. Görkəmi biədəb, yaxası əndazadan çıxmış, sərt və kinli baxışlı xanım ətrafdakılara elə süzür ki, arxasınca ana deyib yüyürən qızcığazın səsi onun qarışıq dünyasına çətin gəlib çata...

Hava hələ işıqlıdır, ətrafda insanlar var, amma içimə anlaşılmaz qorxu doldu. Ətraf gözümə qorxulu və eybəcər görünməyə başladı. İnsanların içində bir sima axtardım- səliqəli görkəmdə, təbəssümlü, axıcı, mülayim...

Xeyli axtardım, deyəsən, tapdım. Avtobus gələnə qədər zilləndim bir ana-balaya. Bu, sanki, oğrunun polisin əlindən qurtulub daldanacağa sığınması kimi bir hiss idi. Ruhumu, düşüncəmi, güclə qoruyub saxladığım xırda mərhəmət, şəfqət, həlimlik, mülayimlik xüsusiyyətlərimi də qucağıma alıb sığınmışam bu gözümə xoş görünən ana-balanın xoş simasının arxasına.

İnsanlıq - insanlar necə qorxunc hala gəlib?! Mən qorxuram... Vallah, lap Sabirin təbirincə qorxuram:

Bisəbəb qorxmayıram, vəchi var:

Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram,

Qorxuram, qorxuram, qorxuram!..

Ən çox da ondan qorxuram: daha heç nəyin ayıb olmadığı zamana gəlib çatmışıq. Ayıb sözü dilimizdə ən lazımsız və mahiyyətsiz sözə çevrilib artıq. Heç nə ayıb deyil. Bütün ayıbların, əslində, daha “dərin” səbəbi var, guya. Yəni, biz bu qədər mütəfəkkir olmuşuq artıq.

İnsan oxumur, ayıb deyil.

Dərk etmir, ayıb deyil.

Cahillik də ayıb deyil.

Heyvani hissləri , ağlını, məntiqini tapdalayıb keçir önə, ona da bir ad tapıb deyirik.

Ərini aldatmaq, arvadını aldatmaq, ümumiyyətlə, insan aldatmaq ayıb deyil.

Qadını öldürmək ayıb deyil, uşağını öldürmək ayıb deyil.

Əxlaqsızlıq ayıb deyil, biz buna da “mədəni”, mənəvi tələbat deyə bir don geyindirmişik.
Lüt olan bütün mövzulara mütləq bir don geyindiririk ki, ayıb olmasın.

Əslində isə yeganə adı – AYIBDIR.

Ayıb anlayışı təfəkkürümüzdən, mental və fiziki davranış qaydalarımızdan sıxışdırılıb çıxardılandan sonra baş verdi hamısı. Dedilər ki, “Nə ayıb?! Bu həyat sənindir, istədiyin kimi yaşa!”. Yəni, istəyirsən, oğlan doğulmusan, amma qız kimi yaşa, istəyirsən əksinə! İstəyirsən lap insanlıq hisslərini qoy kənara, heyvan kimi yaşa! Sənə necə xoşdursa, elə!”
Himə bənd olanlar da zinciri qırıb daraşdı ruh halımıza, cəmiyyətin sağlam, normal, firəvan gələcəyi üçün yaşayan, çalışan, artan, yetişdirən azsaylı insanların psixoloji vəziyyətinə, həndəvərinə, yaxınına, qonşuluğuna. Evimizin içinə soxulmasınlar deyə pəncərələrimizə dəmir barmaqlıq, qapılarımıza da 4-5 kilid vurub, özümüzü təcrid etmişik ətraf aləmdən. Az qala gözüyumulu gəzək.

İndi bu azad həyat tərzini təbliğ edənlər üçün ikiuşaqlı, ərli qadınını seviligisi ilə maşında görüşü film mövzusudur, eləmi? Bu mövzuda gerifikirli olmaq istəyirəm. Buyurun, azad sevginiz sizin olsun.

Ya da deyəcəklər ki, “Qara bəxt qadın! Görüşməyə başqa yer tapmadın?!”. Yəni, görüşün özü ayıbdırsa, baş tutduğu məkanının nə fərqi? Sizi bilmirəm, mən qorxuram. Böyüyən uşaqlar üçün, yetişən gənclik üçün nigaranam. Bilirsinizmi, adi şeylərə həsrət qalmışıq, bu qeyri-adiliklərlə dolu dünyada. Adi, sıradan bir ailə tablosu, məsələn. Daha gözümüz ən adi bir qız, oğlan, ahıl, ağsaqqal, ən adi, həyati tabloları axtarır. Tapmırıq. Ya da çox çətinliklə tapırıq. İndi nə məsləhət verəcək ağsaqqal var, nə onu dinləyəcək gənc. Ağsaqqalın məsləhət verməyə hövsələsi yoxdur, gəncin də o məsləhətə ehtiyacı.

İndi ağsaqqal əli baltalı, gənc əli iynəlidir.

Deyəcəklərim nəyi dəyişəcək, bilmirəm. Bəlkə də, heç nəyi! Amma cəmiyyətin bu axını, bu qorxunc dalğanı tutub saxlayacaq keşikçiləri olmalıdır, ya yox? Qoy bu ayıblar bir romana, bir tabloya, bir filmə mövzu olmasın. Gözəlmiş kimi sırınmasın, yaxşıymış kimi haqq qazandırılmasın. Əgər kiminsə həyatında yaşanan çirkinlik mənim, sənin, övladımızın, ailəmizin göz əxlaqını, zövqünü, dünyaya baxışını, əxlaq kodeksini korlayırsa, ən azından korlaya bilərsə, deməli, etiraz etmək kimi haqqımız da var. Mən bunu görmək istəmirəm, göstərmə. “Görmək istəmirsən, baxma” fikri, problemə çox xəfif yanaşmadır. Mənim görməməyim üçün, o görünməməlidir. Görünməməsi üçün olmamalıdır.

Martin İdenin intiharına - dərin okeanlara qərq olan sonsuz gənclik şövqünə üzülən insan ayıbdan doğulan intiharı görmək istəmir. Normal olan bu deyil?

Həyat üçün, insanlıq, cəmiyyət, ən azından ailəsi üçün zərrə qədər faydası olan birinin həyatına qəsd etməsi insanı üzə bilər. Özü, əməli günah olanın intiharı yox, onun bizə verdiyi, yoluxdurduğu zərər bizi üzməlidir.

Məni üzən hətta varlığı ilə faydası olmayanların ölümünün belə mental vəziyyətimizə sarsıdıcı hücumudur. Ölüm var. Bu, həyata daxildir. Amma həyatda olanlara, qalmaq istəyənlərə başqa ölümləri nümunə çəkmək, göstərmək gərəkdir. Ən azından, sağlığı və ölümü ayıb olmayanları...

Bu yağışlı yaz günündə yazıçı ruhum bir arıdan, bir qarışqadan yazmaq, həyatın ən xırda, xoş detalına ilişib qalmaq, onu qabartmaq, onu təbliğ etmək istəyir. İç dünyamızı başqa nə xilas edə bilər ki?! Yalnızca bu. Bu axıb gedən, qaçan, buzlaşan, laqeydləşən insanlıq arasında başqa necə özümüzə qayıtmaq olar? Bu alatoran dünyada bir mələk üzlü qadından yazmaq istəyirəm, qadın olduğunu unutmayan, anadısa, ana kimi davranan, atadırsa kişi kimi davranan, sıravi bir ailədən, bəşəri missiyalarını dərindən dərk edən, sakit yaşayan, hər kəsin öz rollarını düzgün yerinə yetirdiyi insan toplusundan bəhs etmək istəyirəm. Bir ata ağac əkir, bala ona su tökür, ana süfrə açır, nəvə oynayır, pişik xumarlanır, it yatır...

Adi, sıradan bir mənzərə.

Başımı çevirən görürəm ki, kişi qadını pəncərədən atdı, ata oğulu bıçaqladı, burdan biri balta vıyıldatdı. Bir kişi qadınını ən yaxın rəfiqəsi ilə aldadır, bir sözlə, aləm qarışıb bir-birinə.

Nə yaxşı ki, insanoğlunun xəyali dünyada yaşamaq kimi bacarığı var. Yoxsa, bu dünya heç yaşanılası deyil.

# 2271 dəfə oxunub

Müəllifin son yazıları

# # #