20 may 2022-ci il tarixində AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə tanınmış yazıçı, dramaturq, şair və tərcüməçi Əyyub Qiyasla görüş keçirilib.
Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri yazıçı Qafar Cəfərli açaraq Ə.Qiyasın ömür yolu haqqında məlumat verdikdən sonra, onun hekayə yaradıcılığı barədə ətraflı danışb.
Daha sonra yazıçının "Qara işıq" romanı haqqında Səyavuş Süleymanlı, "Havay tətilləri" romanı barədə isə bölmənin ədəbi məsləhətçisi Ağamir Cavad məruzə edərək, Əyyub Qiyas yaradıcılığının müxtəlif məqamlarına toxunub, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. Sonra söz digər iştikçılara verilib.
Lənkəran Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova, yazıçılardan Hafiz Mirzə və Eldar Tahirov, şairlərdən Xudaverdi Cavadov, Salman Məmmədoğlu və Mirmusa Hasanov, rayonun tanınmış mədəniyyət işçisi Ağadadaş Əliyev, şahmat üzrə Əməkdar məşqçi İdrak Dadaşov, qonaqlarından şair Etiram İlham, Mədəniyyət İşçiləri Həmkarlar təşkilatı Sumqayıt komitəsinin sədri Şahin Veysəlli çıxış edərək Əyyub Qiyasın şeir, hekayə, esse və roman, eləcə də tərcüməçilik fəaliyyətindən söz açıb, yaradıcılığının müxtəlif məziyyətlərindən danışıblar. Sonda söz Əyyub Qiyasa verilib. O, qələm sahiblərini maraqlandıran müxtəlif məzmunlu sualları cavablandırıb, tədbirin təşkilatçılarına və iştirak edənlərə təşəkkürünü bildirib. Tədbiri bölmənin sədri Q.Cəfərli yekunlaşdırıb. Sonda xatirə şəkilləri çəkilib.