Yalçın İslamzadə: "Qadınların xəyanət etməsini istəmiriksə..."

Yalçın İslamzadə:  "Qadınların xəyanət etməsini istəmiriksə..."
11 may 2025
# 12:30

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Rayonların birində 15 yaşlı qız 27 yaşlı kişi ilə "evləndirilib". 15 yaşında bir məktəblinin evlilik haqqında təsəvvürü belə yoxdur. Onu təhsildən yayındırıb, tez-bazar "başgöz etmək" hansı mental motivdən, zərurətdən yaranır, sosioloqların mövzusudur.

Di gəl ki, özünü sosioloq kimi tanıdan şəxs deyir ki, "Qadınların xəyanət etməsini istəmiriksə, işləməklərinin əleyhinə olmalıyıq".

İndi bu "sosioloqla" yuxarıda bəhs edilən "toy mərasimində" həvəslə iştirak edən ailə başçılarının, restoran sahibinin, qonaqların təfəkkürü arasında hansı fərq var?

Soruşan yoxdur ki, "Sən hansı dataya istinad edərək işləməklə xəyanət arasında birbaşa, səbəb-nəticə əlaqəsi müəyyən etmisən?"

Hansı sənin keçirdiyin rəy sorğuları və onların nəticələrinin statistik təhlili?

Ümumiyyətlə, istənilən belə fikrə ciddi araşdırmadan sonra gəlmək olar, bunun üçün də məqalələrdə əvvəlcə metodologiya təsvir olunur. Təmsili nümunə necə seçilib? Neçə responded arasında sorğu aparılıb? Datanın təhlili nə qədər etibarlıdır?

Qadınların işləməsi ilə xəyanət arasında əlaqə qurmaq, təhsilin, karyeranın üstündən xətt çəkib erkən nikah həvəskarlarını cəsarətləndirmək deyilmi?

Yəqin ki, indiyə qədər erkən nikahların qarşısının alınması məqsədli n qədər tədbir keçirilib, daxildən və xaricdən n qədər qrant alınıb.

Və, çox güman ki, formal xarakter daşıyıb.

Bir təşkilatın bir periodda verdiyi qrant layihələrindən bəziləri:

"Erkən nikahlara qarşı maarifləndirməyə ailədən başlayaq!"

"Erkən nikahların qarşısını birlikdə alaq!"

"Erkən nikahlara qarşı"

"Erkən nikah təhsildən yayındıdır!"

"Erkən nikaha yox deyirik!"

"Gənclər erkən nikaha qarşı"

"Erkən nikah məişət zorakılığına səbəb olur"

"Erkən nikahlara qarşı fəallığın artırılması" vs. vs. vs.

Gözüaçıq, diribaş zəmanə insanlarıdır, savadları var ya da yoxdur fərq etmir, hansı mövzunun aktual olduğunu, ona qrant veriləcəyini çox yaxşı bilirlər. O an gündəmdə hansı diskurs varsa, (Türk dünyası, tolerantlıq, milli-mənəvi dəyərlər), o adla qrant yazırlar və o dəyəri istismar edirlər.

Anlamırlar ki, onların iş görməyib mənimsədikləri qrantlar düzgün istifadə olunsa, 15 yaşlı bir uşaq zorla "evləndirilərək" istismar olunmazdı.

# 224 dəfə oxunub

Müəllifin son yazıları

# # #