“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Natavan” brendinin təsisçisi, modelyer və kolleksioner Natəvan Əliyevanın birgə təşkilatçılığı ilə “Xəmsə” kolleksiyasının təqdimatı olub.
Kulis.az xəbər verir ki, “Natavan Fashion Gallery and School” tərəfindən hazırlanmış kolleksiya, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sində yer alan poetik və fəlsəfi dəyərləri müasir dəb dili ilə canlandıraraq, təqdimatı mədəniyyət və sənətin vəhdətini əks etdirən nümunəvi bir hadisəyə çevirib.
Tədbirin bədii hissəsində Beynəlxalq Muğam Mərkəzinin “Cahangir Cahangirov” adına xor kollektivi çıxış edib.
Defilədə iştirak edən modellər tərəfindən təqdim olunan geyimlər Nizami Gəncəvinin yaradıcılığında mərkəzi yer tutan məhəbbət, ədalət, hikmət və gözəllik kimi ali dəyərləri vizual ifadə ilə tamaşaçılara çatdırıb.
Qeyd edək ki, tədbirin məqsədi Azərbaycan klassik ədəbiyyatının və zəngin mədəni irsinin müasir yaradıcılıqla sintezini təqdim etmək, milli dəyərləri yeni formatda geniş auditoriyaya çatdırmaq olub.