Kəramət Böyükçöl: "Mənə evi Cavid Qurbanov verib, amma..."

<span style="color:red;">Kəramət Böyükçöl:  "Mənə evi Cavid Qurbanov verib, amma..."
13 aprel 2018
# 13:00

Bir neçə gün əvvəl sosial şəbəkədə yayılan məlumata görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov gənc yazar Kəramət Böyükçölə ev bağışlayıb.

Lakin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti bəyanat yayaraq belə bir hadisənin olmadığını bildirib.

Məsələ ilə bağlı Kəramət Böyükçöllə əlaqə saxladıq. Kəramət Böyükçöl ona ev bağışlanıldığını təsdiq etdi:

“Mənə həqiqətən də Həzi Aslanov metrosunun yaxınlığında ev veriblər. Evi verən adamın adı Cavid, soyadı Qurbanovdur. Ancaq bu, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili, Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov deyil. Fransada yaşayan bir iş adamıdır. Mənim “Səkkizinci gün” romanımı oxuyub bir ay bundan qabaq zəng eləmişdi. Bir həftə əvvəl isə mənimlə görüşdü və mənə ev bağışladı. Qəribədir ki, bu söhbəti bir mən, bir həmin adam, bir də bizim ailəmiz bilir. Əminəm, nə həmin adam bu barədə hardasa danışar, nə də ailə üzvlərimizdən hər hansı biri. Xəbərin sosial şəbəkələrə çıxmasına məəttəl qalmışam.”

Daha sonra gənc yazar bunları dedi:

“Bir də ona məəttələm ki, bir yazıçının ev almasına niyə bu qədər narahat olurlar? Göbəyiaçıq müğənnilərə, şou-biznes nümayəndələrinə ev verəndə olur, yazıçıya olmur?”

Kəramət Böyükçöl Facebook hesabının bağlanmasını da oğlunun səhhəti ilə əlaqələndirib: “Oğlum əməliyyat olunmalıdır. Ona görə də sosial şəbəkələrdəki fəaliyyətimə ara vermişəm.”

# 2382 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #