Nəfəs LGBT Təhsil Nazirliyinə müraciət etdi - HOMOSEKSUALİZM XƏSTƏLİKDİRMİ? 

Nəfəs LGBT Təhsil Nazirliyinə müraciət etdi - <span style="color:red;">HOMOSEKSUALİZM XƏSTƏLİKDİRMİ? 
11 fevral 2016
# 13:22

Nəfəs LGBT Azərbaycan Alyansı Təhsil Nazirliyinə bəyanat ünvanlayıb. Bəyanatın mətnini təqdim edirik.

Bir müddət öncə təşkilatımız tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Psixologiya fakültəsində tədris olunan “Ailə psixologiyası” adlı dərslikdə homoseksuallıq barədə tibbi əsaslara sığmayan səhvlər aşkar edilmişdir. Belə ki, 2015-ci ilin nəşri olan və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilən kitabda homoseksuallıq təhrif olunmuş (qeyri-normal) cinsi meyl pozuntusu, patologiya kimi göstərilmiş və zoofiliya, pedofiliya, nekrofiliya kimi digər patologiyalarla eyni sıraya qoyulmuşdur. Eyni zamanda bu halın psixopatlarda rast gəlindiyi qeyd edilmişdir. Kitabda homoseksualların xəstə insanlar olması barədə cümlə də yer alır.

“Nəfəs LGBT Azərbaycan Alyansı” 17 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə informasiya sorğusu yollamışdır. Sorğu homoseksuallığın rəsmi olaraq Səhiyyə Nazirliyi tərəfindən hansı formada təsbit olunmasını müəyyənləşdirmək məqsədini daşıyır. Sorğuya göndərilən 22 yanvar 2016-ci il tarixli rəsmi cavabda deyilir:

Homoseksuallıq 1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Xəstəliklərin Beynəlxalq Təsnifatından (XBT-10) çıxarılmışdır və artıq psixi pozuntu sayılmır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi XBT-10 istifadə etdiyi üçün ölkəmizdə homoseksuallıq xəstəlik kimi təsnif edilmir.

Azərbaycanda 2005-ci ildən etibarən yeganə təsnifat kimi XBT-10 istifadə edildiyi üçün homoseksuallıq həkim tərəfindən psixi pozuntu forması kimi qeydə alına bilməz.

Homoseksuallıq adlı diaqnoz olmadığı üçün həkimlərin bu diaqnoz altında müalicə yazması, yaxud homoseksuallığı aradan qaldıra biləcəyini iddia etməsi qəbuledilməzdir. Eyni zamanda homoseksual insanlarda digər insanlarda da müşahidə olunan müxtəlif psixi pozuntulara (depressiya, şəxsiyyət pozuntuları, psixozlar və s.) rast gəlinə bilər. Bu səbəbdən oriyentasiyasından asılı olmayaraq psixi pozuntulardan əziyyət çəkən hər bir şəxs zəruri yardımı ala bilər.

Səhiyyə Nazirliyinin verdiyi cavabdan da göründüyü kimi, homoseksuallıq nə Ümumdünya Səhiyyə Təşkilatı, nə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xəstəlik kimi təsnif edilmir. Belə olduğu halda sözügedən dərslikdə hansı əsaslarla homoseksuallıq xəstəlik kimi qələmə verilir? Təhsil Nazirliyi Səhiyyə Nazirliyinə tabe olan bir qurum olmasa da, tədris olunan dərslik birbaşa səhiyyə sistemi ilə əlaqəlidir.

Amma bu gün Təhsil Nazirliyinin tabeliyində olan tələbələr bu təhsil sistemini bitirdikdən sonra gələcəyin tibb sahəsində fəaliyyət göstərəcək psixoloqlarıdır. İki nazirlik arasındakı mövcud olan bu anlaşılmazlıq ən əsası homoseksual və transseksual fərdlərin birbaşa həyatına təsir edir. Belə ki, coxlu sayda homoseksual fərdlər təşkilatımıza ailəsi tərəfindən məcburi olaraq psixoloq və psixoterapevtə götürüldüyünü, dövlət tibb müəssisələrində isə “normallaşdırma” adı altında müvafiq həkimlər tərəfindən müalicə olduqlarını bildirirlər.

Bununla yanaşı, Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş kitabda homoseksuallıq “əxlaqi və dini normalara sığışmayan və ağlabatmaz bu cinsi əlaqə forması təbii yolla həyata keçirilən, ulu qüdrətin yol verdiyi əlaqədən tam şəkildə fərqləndiyinə görə mənəviyyatsızlıq” adlandırılır, homoseksuallar barədə nifrət dolu fikirlər səsləndirilir. Psixologiya fənninin dini əsasları rəhbər tutaraq tədris edilməsi yolverilməzdir. Kitab müəllifinin “ulu qüdrətin” adından danışması isə absurddur. 2000-ci ildə homoseksuallıq cinayət məcəlləsindən çıxarılmışdır.

Konstitusiyamızda qeyd olunduğu kimi dövlət dindən ayrıdır. Bu o deməkdir ki, dövlət qurumları öz fəaliyyət mexanizmlərini dini normativlərə yox, hüquqi normativlərə əsaslandırmalıdır. Xəstəlik və cinayət hesab olunmayan bir amilə görə homoseksualların şərəf və ləyaqətlərinin alçaldılması, onların “mənəviyyatsız” adlandırılması özü cinayətdir. Təhsil Nazirliyinin bu nəşri birbaşa Azərbaycan Konstitusiya və cinayət məcəlləsində ziddir.

Təşkilatımız məsələnin ciddi şəkildə araşdırılmasını, Təhsil Nazirliyinin alternativ səhiyyə siyasətini yürütməməsini, dərslikdə gedən böyük xəta ilə bağlı müəllifin təkzib verməsini, elmi məlumatlara zidd olan bu kitabın satışdan və tədrisdən çıxarılmasını tələb edir.

Eyni zamanda məsələnin araşdırılması və öz müvafiq mövqeyini bildirməsi üçün Təhsil Naziriyinə müraciət edirik.

Unutmayaq ki, hüquq amilindən başqa, dərsliyin oxucuları gələcəyin psixoloqlarıdır və onların indi əldə etdiyi yanlış məlumat peşə fəaliyyətlərində homoseksuallara xəstə münasibəti göstərməklərinə, nəticədə isə onlarla gəncin və yeniyetmənin psixoloji travma almasına səbəb olur və olmağa davam edir.

# 2192 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #