Qadın stendap deyə bilərmi? – Soğru

Qadın stendap deyə bilərmi? – Soğru
19 oktyabr 2019
# 12:04

Bu yaxınlarda aktrisa Dilarə Əliyeva stendapçı kimi çıxış edəcəyini açıqlamışdı. Bu, Azərbaycanda bir ilkdir. İndiyədək bizim qadın stendapçımız olmayıb. Bəs məsələ ilə bağlı kişi stendapçılar nə düşünür. Kulis.az onların fikirlərini təqdim edir.

Image result for fərda amin

Fərda Xudaverdiyev

Xəbəri ilk olaraq sizdən eşidirəm. İnşallah yaxşı olar. Kənardan asan görünsə də stendap məsuliyyətli və çətin janrdır. Bu sənət növü aktyordan ciddi özgüvən tələb edir. Aktyor yazılan zarafatlara güvənməlidir. Stendap sənəti Rusiya və Türkiyə ilə nisbətdə bizdə tam qəbul olunmayıb. Özünə güvənən aktyorlarımız, stendapçılarımız nə qədər çox olsa, bu janr da bizdə o qədər sürətlə inkişaf edəcək. İnanıram ki, Dilarə xanım uğur əldə edəcək. Stendapçılıq elə bir peşədir ki, bunun uğuru da stendapçıya aiddir, uğursuzluğu da. Çünki səhnədə yaranan pis vəziyyəti aktyor heç kimin üzərinə ata bilmir. Ola bilər, yazılan, təqdim olunan zarafat gözlənilən qədər effekt verməsin. Aktyor bu effektə qapılsa öz istədiyini edə bilməyəcək. Zal onu idarə edəcək, o zalı yox. Dilarə xanım isə baş verə biləcək ən çətin situasiyaların belə öhdəsindən gələ bilən peşəkar aktrisa, sənət adamıdır. Onun kifayət qədər izləyicisi var. Həmin izləyicilərin də stendapı onun timsalında tanımaları çox yaxşı haldır. Bu, həm də potensialı olan istedadlı gənclərin də üzə çıxmağına kömək edəcək. Qadın stendapçı kimi onun bu ideyası məni çox sevindirdi. Dilarə xanıma uğurlar arzu edirəm. İnşallah məni də öz çıxışına dəvət edər, mən də onu dəvət edərəm.

Image result for müşfiq şahverdiyev

Müşfiq Şahverdiyev

Mən Dilarə xanımın bu ideyasına pis baxmıram. Dilarə xanım tamaşaçını dərhal ələ almağı bacaran, çox güclü aktyor potensialı olan aktrisadır. Hesab edirəm ki, yaxşı ssenari olsa o, bu işin öhdəsindən gələcək. Elə “Çal-çağır” verilişləri olan dövrdən tamaşaçılar ona aid olan bölümü həmişə maraqla gözləyib. Mənim özüm üçün də artıq Dilarə xanımın təqdim edəcəyi stendap maraq doğurdu. Çox istərdim ki, onun səhnədəki çıxışını izləyim. Sadəcə olaraq stendap zamanı hər şeyə hazır olmaq lazımdır. Elə məqam ola bilər ki, zarafat yerində işlənməz və yaxud da sözü vaxtında çatdırmaq baxımından gecikmə ola bilər. Burada yenə də böyük peşəkarlıq tələb olunur ki, ssenaridə olmayan bir söz və ya hərəkətlə vəziyyətdən çıxasan. Dilarə xanımın yaradıcılığına bələd olan biri kimi deyə bilərəm ki, onun hansısa çətinliklə üzləşəcəyinə inanmıram. Aktrisamıza uğurlar arzulayıram.

Həsrət Həsrətov

Ola bilsin, bu xəbər kimdəsə təəccüb doğursun, amma mənim üçün təəccüblü olmadı. Çünki Dilarə xanımla bir ildən artıqdır ki, eyni verilişdə çıxış edirik, eyni seriala çəkilirik. Ötən il keçirilən konsertimizdə o, qadın stendapçı kimi on iki dəqiqə çıxış etdi. Onun çıxışı tamaşaçılar tərəfindən çox gözəl qarşılandı. Bu baxımdan Dilarə xanım universal aktrisadır. Onunla birlikdə işləməkdən həmişə şərəf və qürur duymuşam. İnanıram ki, nəzərdə tutduğu ideyanın öhdəsindən də yüksək səviyyədə gələcək. Stendapçı olmağın əsas şərtlərindən biri aktyorun özünə məxsus hekayəsinin olması və bunu ustalıqla tamaşaçıya çatdırma bacarığıdır. Dilarə xanımda bu keyfiyyətlər var. O, başına gələn ən adi hadisələri belə ləzzətlə nəql etməyi bacarır. Stendapçı üçün ən yüksək məziyyət də elə budur. Ona uğurlar arzulayıram. İnanıram ki, bu məsələdə tarix yazacaq.

Image result for Ülvi Həsənli

Ülvi Həsənli

Dünyanın hər yerində stendapçı qadınlar var. Sadəcə Azərbaycanda heç kim buna ürək edib səhnəyə çıxa bilmir. Bizdəki stendaçıların elə ancaq adlarıdır. Kişilər yavaş-yavaş bu sahədə inkişaf edirlər. Əslində, heç onlar da bilmirlər ki, əsl stendap sənəti nədir. Amma Dilarə xanımın qadın kimi stendapla çıxış etməsinə çox yaxşı baxıram. Mən, Həsrət Həsrətov, Fariz Əliyev onu həmişə dəstəkləməyə hazırıq. Bizdə qadın stendapçı olmadığından özümüz də həmişə Dialrə xanımı bu işə həvəsləndirmişik. Ssenari baxımından da əlimizdən gələn hər bir köməyi etməyə hazırıq. Əsas odur ki, stendap səviyyəli olsun. Gülmək xatirinə səhnəyə çıxıb ağla gələni danışmaq olmaz. Dilarə xanımın bu işin öhdəsindən gələcəyinə inanram.

# 3288 dəfə oxunub

Müəllifin son yazıları

# # #