Məşhur qadınlar onlara gələn mesajlardan danışdı - SORĞU

Məşhur qadınlar onlara gələn mesajlardan danışdı - <span style="color:red;">SORĞU
3 iyun 2016
# 17:42

Aktrisa Nəsrin Cavadzadənin ona gələn seksual xarakterli mesajlardan ibarət sərgi açmağı gündəmdədir. Aktirisanın dediyinə görə, bu cinsi təcavüzdür: “Heç kimdən erotik şəkil istəməmişəm. Özləri göndərib. Onları məhkəməyə də verə bilərdim. Lakin sərgi daha yaxşıdır”.

Tanınmış xanımlar da eyni aqibəti yaşayıblarmı? Onlara da açıq-saçıq mesajlar gəlirmi? Sosial şəbəkədə kişilərin təzyiqinə məruz qalırlarmı?

Kulis.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Xalq artisti Firəngiz Mütəllimova: “O qədər olub ki belə şeylər. Axmaq-axmaq yazan kişilər doludur. Elə indi də. Yaşına uyğun olmayıb götürüb qeyri-ciddi, mənasız şeylər yazırlar adama. Mən ancaq şəxsi tanışlığım olan adamın statusuna rəy yazıram, onlar isə götürüb orda düşük rəylər yazırlar mənə. Bunu eləyənlər daha çox savadsız kişilərdir. Öz tanıdığım, normal münasibətimiz olan kişilərdən bu cür münasibət görməmişəm. Yazanlar tanış olmaq məqsədi də güdür, seksual xarakterli mesajlar da yazırlar. Bəlkə də məni yoxlamaq üçün edirlər. Kimisə öyrədirlər ki, ona belə yaz. Mən artıq 50 yaşına çatmışam, hələ də bu cür iyrənc hadisələrlə qarşılaşıram. Kişi gərək kişi kimi olsun. Qadınlardan daha çox kişilər bu cür iyrənc işlərlə məşğul olurlar. Mənə bu cür mesajlar gələndə dərhal blok edirəm ki, o adamı görməyim. Ancaq ümumiyyətlə, belə kişiləri polisə vermək lazımdır ki, dərslərini alsınlar”.

Kinoşünas Aygün Aslanova: “Sosial şəbəkələrdən yalnız Facebookdan aktiv istifadə eləyirəm. Dostluğumda olan hər kəs tanıdığım insanlardı. Tanımadığım, ünsiyyət saxlamadığım adamları qəbul eləmirəm. Əgər statusları maraqlı gələn, amma tanımadığım adamlar varsa, sadəcə follow eleyirəm və izləyirəm. Markın canı sağ olsun, hər bir situasiyanın çarəsini fikirləşib. Yəni açıq-saçıq mesajlar, adətən, "filtirlənmiş mesajlar" bölməsində olur. Oxuyub silirəm. Virtual tanışlıq maraqlı deyil. Belə də ki, qadını kişi narahat eləyər də. Xoşun gəlir cavab verirsən, gəlmir iqnor eləyirsən. Yəni situasiyaya uyğun reaksiya göstərirsən”.

Müğənni Roza Zərgərli: “Yox, məni narahat edən yoxdur. Şükürlər olsun ki, belə bir şeylə qarşılaşmamışam. Mənə ancaq sənətimlə bağlı yazırlar, maraqlanırlar. Hansı klipi xoşladıqlarını deyirlər. Kişilərdən heç bir təzyiq olmayıb bu günə kimi”

# 836 dəfə oxunub

Müəllifin son yazıları

# # #